Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişliyə səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
FED.az xəbər verir ki, İmişli kompleksi "ASAN Xidmət"in sayca 14-cü mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən kompleksin tikintisinə 2017-ci ildə başlanılıb, inşaat işləri bu ilin fevralında başa çatdırılıb. Kompleks dördmərtəbəli inzibati binadan və “ASAN park” istirahət guşəsindən ibarətdir.
Komplekslə tanışlıq zamanı Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət başçısına görülən işlər barədə məlumat verdilər.
Bildirildi ki, bu mərkəz İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşa xidmət göstərəcək. Qeyd edək ki, bu günə kimi “ASAN Xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 25 milyona yaxındır.
Prezident İlham Əliyev mərkəzi işə saldı.
Dövlətimizin başçısı kompleksə daxil olan “ASAN Peşə” ilə tanış oldu.
Məlumat verildi ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bu layihəsi ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır. “ASAN Peşə” Mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub.
İmişli “ASAN Xidmət” Mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. Eyni zamanda, mərkəzdə funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 184, könüllülərin sayı isə 45 nəfərdir.
Burada Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin bölməsi də yaradılıb. Bu bölmədə 3-12 yaşlı uşaqların psixoloji və sosial inkişafına dəstək məqsədilə müxtəlif xidmətlər göstərilir. Mərkəzin 4 saylı Bakı “ASAN Xidmət” və Quba, Sabirabad, Masallı, Qəbələ, Mingəçevir regional “ASAN Xidmət” mərkəzlərində də bölmələri fəaliyyət göstərir. Bir il ərzində bu bölmələrdə ümumilikdə 18 mindən çox uşağa və yeniyetməyə psixoloji xidmətlər göstərilib.
İmişli “ASAN Xidmət” Mərkəzində ilk dəfə olaraq “ASAN Vəkil” bürosu yaradılıb. Belə ki, bu il oktyabrın 3-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Vəkillər Kollegiyası arasında əldə olunan razılığa əsasən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində səyyar hüquqi yardım xidmətləri sosial innovasiyaların tətbiqi ilə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri rəhbər tutulmaqla göstəriləcək. Bundan başqa, Dövlət Agentliyinin əməkdaşları və “ASAN” könüllüləri üçün hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulur.
Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunacaq. Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki “ASAN Kommunal” xidmətində bu günədək 800 min vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa, burada Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 9 xidmət göstəriləcək.
Sənəd dövriyyəsi sistemi bütün dövlət orqanları arasında və daxili sənəd dövriyyəsinin mərkəzləşdirilmiş qaydada bulud texnologiya əsasında həyata keçirilməsinə imkan verir. Limitsiz yaddaş imkanı və bütün təşkilatların istifadə edə biləcəyi mərkəzləşdirilmiş sistem xərclərin qənaətinə və proseslərin sürətlənməsinə kömək edəcək.
Vətəndaş Məlumatlandırma Sisteminin təqdimatı zamanı bildirildi ki, bu, yeni mobil tətbiq və analitika sistemidir. Mobil sistemin tətbiqi vətəndaşların baş verən hadisələr - yanğın, təbii fəlakət və qəzalar, zəhərlənmə, su və havanın tərkibinin dəyişilməsi və digər hallarla əlaqədar məkana, vaxta və digər meyarlara görə məlumatlandırılmasını təmin edəcək. Ən əsası isə zərərin aradan qaldırılmasına dair qabaqlayıcı tədbirlər barədə istifadəçilər maarifləndiriləcək. Vətəndaş mənfi hallarla bağlı qarşılaşdığı məqamları sistemə ötürəcək və sistem bu məlumatları aidiyyəti dövlət qurumlarına yönləndirəcək.
Yeni layihələrdən biri də “ASAN Railway taksi” xidmətidir. Bu, əsasən turistlər üçün nəzərdə tutulmuş dəmir yolu reysləri üzərində innovativ taksi sistemidir.
Prezident İlham Əliyevə “Sağlamlığın ağıllı təhlili” layihəsi barədə də məlumat verildi. Bu avadanlıq və proqram təminatı vasitəsilə hər bir şəxs olduğu məkanda öz sağlamlıq vəziyyəti barədə göstəricilərlə tanış ola bilər, həkim məsləhətləri və sağlamlığa dair tövsiyyələr ala bilər. Həmçinin uzaqdan diaqnozun qoyulması, tibbi məlumatların yaddaşda saxlanılması da göstərilən xidmətlər sırasındadır.
Dövlətimizin başçısı “ABAD” publik hüquqi şəxsin yeni saytı - www.abad.gov.az-ın fəaliyyəti ilə də tanış oldu. Saytda “Haqqımızda”, “Məhsullar”, “Xidmətlər”, “Xəbərlər” və “Əlaqə” funksional bölmələri yaradılıb. Bundan başqa, 108 (4) telefon nömrəsinə və “ABAD”ın sosial şəbəkələrdəki hesablarına keçid linkləri təmin edilib. Həmçinin keçid imkanlı “ABADçı ol” bölməsi yaradılıb. Bildirildi ki, “ABAD” publik hüquqi şəxs beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. “ABAD”ın rəsmi saytında Avropa İttifaqı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), TİKA və BMT-nin İnkişaf proqramları kimi birgə fəaliyyətlərə dair məlumatlar var. Bundan başqa, Mərakeş, İndoneziya, Əfqanıstan və Özbəkistan və digər ölkələr “ABAD” modelinin ixracında maraqlıdırlar.
Prezident İlham Əliyevə növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan “ASAN Xidmət” mərkəzlərinin layihələri də təqdim olundu.
Mərkəzdə “ABAD”ın sərgi salonu da fəaliyyət göstərəcək. Qeyd edək ki, əsas məqsədi ölkənin sosial-iqtisadi tərəqqisində vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan “ABAD” rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir. “ABAD” öz fəaliyyətini regional mərkəzlər vasitəsilə qurur. Masallı, Balakən və Quba rayonlarında artıq belə mərkəzlər fəaliyyətə başlayıb. Dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verən layihə çərçivəsində “ABAD”çı ailələrə mürəbbə, cem, ət və süd məhsullarının istehsalı üçün xüsusi konteynerlər verilib. İndiyə qədər dekorativ-tətbiqi sənətlə məşğul olan 100-dən çox və kənd təsərrüfatında çalışan onlarla ailəyə dəstək göstərilib. Satışları təşkil etmək məqsədilə “ABAD” paytaxt Bakının müxtəlif yerlərində, həmçinin Şamaxı rayonunun Dəmirçi kəndində mərkəzlər açıb.
İmişli kompleksdə Gənc İstedadlar Teatrı da fəaliyyət göstərəcək. Prezident İlham Əliyev burada “ASAN Xidmət” könüllülərinin səhnələşdirdiyi Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan “Kölgə” tamaşasını izlədi. Qeyd edək ki, könüllülər “ASAN Xidmət” fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 16 min könüllü gənc qoşulub. Hazırda 700-ə yaxın gənc “ASAN Xidmət” mərkəzlərində könüllü kimi faəliyyət göstərir. Bu günədək könüllülər tərəfindən 500 layihə həyata keçirilib və 1000-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub. "ASAN Məktub” və “ASAN Kadr” layihələri qabaqcıl təcrübələr kimi BMT-nin "Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Qabaqcıl Mexanizmlər və Həllər" adlı portalına daxil edilib.
Prezident İlham Əliyev “ASAN Park”da yaradılan şəraitlə də tanış oldu. İmişli “ASAN Həyat” konsepsiyası İmişli “ASAN Xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konsepsiyanın istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün, həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir. Belə ki, “ASAN Həyat” kompleksi üçün ayrılan 1,5 hektar ərazidə park, diskoteka, uşaq meydançası, fəvvarə və oturacaqlar, paintball sahəsi də yaradılıb.
Diqqətə çatdırıldı ki, regionlarda 10 səyyar “ASAN Xidmət” avtobusu və səyyar “ASAN Qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən təqribən 1 milyon 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
Qeyd edək ki, İmişli “ASAN Həyat” Kompleksinin yerləşdiyi ərazidə avtomobil və velosiped dayanacağı da yaradılıb.