“Bu pandemiyanın iqtisadi və sosial fəsadlarını minimuma endirmək üçün mənim qərarımla Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrıldı. Mənim qərarımla dörd işçi qrupu yaradıldı”.
FED.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, bu işçi qrupların əsas fəaliyyət dairəsi məşğulluq məsələlərini təhlil edib təklif verməkdir, iqtisadi sabitliyi, iqtisadi inkişafı təmin etməkdir, makroiqtisadi sabitliyi qorumaqdır və bizim maliyyə vəziyyətimizi təhlil edib ilin sonuna qədər bu sahədə də lazımi əlavə tədbirlərin görülməsindən ibarətdir: “Əlbəttə ki, biz, ilk növbədə, koronavirusdan ən çox əziyyət çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini diqqət mərkəzinə aldıq. Biz, ilk növbədə, bu sahibkarlıq subyektlərində işləyən insanların maliyyə vəziyyətini nəzərə almalıyıq. Çünki indi İqtisadiyyat Nazirliyi tərəfindən mənə təqdim edilən arayışda göstərilir ki, bu vəziyyətdən hansı sahələr daha çox əziyyət çəkib və bu sahələrdə 300 mindən çox insan çalışır. Əlbəttə ki, onların maddi vəziyyəti bizi narahat edir. Biz onlara dəstək göstərməliyik. Xüsusilə nəzərə alsaq ki, mən bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış etdim ki, onlar işçiləri ixtisar etməsinlər. Bu xahiş və yaxud tələb qüvvədədir. Onu da bildirməliyəm və hesab edirəm ki, Azərbaycan sahibkarları bu vəziyyətdə öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirirlər. Mənim Fərmanımla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 100 milyon manatdan çox vəsait daxil edilib və bunun cəmi 20 milyonu Prezidentin Ehtiyat Fondundan köçürülüb. Bu, onu göstərir ki, vəsaitin böyük hissəsi sahibkarlar tərəfindən verilmiş ianələrdir və sahibkarlar bu məsələ ilə bağlı həmrəylik göstərirlər. Əminəm ki, işçilərin ixtisar edilməməsi çağırışım da əlbəttə, nəzərə alınacaq və alınmalıdır. Ancaq, eyni zamanda, aydın məsələdir, bir çox sahələr və 40 mindən çox sahibkarlıq subyekti, indi demək olar ki, fəaliyyət göstərmir, yaxud da, məhdud çərçivədə fəaliyyət göstərir. Dövlət onlara kömək göstərməlidir. Ona görə göstəriş verilmişdir ki, həm bu sahibkarlıq subyektlərində muzdla işləyən insanların sosial təminatı, eyni zamanda, fərdi sahibkarların fəaliyyəti nəzərə alınsın. Onların da sayı təqribən 300 minə yaxındır. Bu göstərişlər İqtisadiyyat Nazirliyinə verilib”.
Prezident vurğulayıb ki, bu həftədən başlayaraq ödəmələr təşkil edilməlidir.
Apa