Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Eləcə də bax: Prezident Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında - İŞTİRAK EDİB
FED.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.
Bildirildi ki, ümumi uzunluğu 15 kilometr olan bu yol 2018-ci ilin investisiya xərclərindən ayrılmış vəsait hesabına inşa olunub. Yolun tikintisi 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirməklə yanaşı, sakinlərin respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna çıxışını təmin edir.
Saleh Məmmədov Goranboy və Şəmkir rayonlarının ərazisindəki yolların yenidən qurulması ilə bağlı görülən işlər barədə də dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev işlərin keyfiyyətlə görülməsi barədə tapşırıq və tövsiyələrini verdi.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.