Noyabrın 26-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr” mövzusunda mətbuat konfransı keçirib.
Eləcə də bax: «Rəsmi müqavilə varsa avtomobili istənilən qiymətə gətirə bilərlər» - GÖMRÜK SƏDRİ
FED.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, S.Mehdiyev cari ilin 10 ayında görülən işlər, həyata keçirilən islahatlar, tətbiq edilən yeni layihələr və gələcək hədəflər barədə danışıb. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən innovativ islahatlar hesabına şaxələndirilərək bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb.
Komitə sədri aparılan islahatlar, gömrük-keçid məntəqələrində quraşdırılan müasir avadanlıqlar və təkmilləşdirilmiş idarəetmə sistemi hesabına sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə həyata keçirildiyini, sərhədlərdə yerləşən gömrük postlarının buraxılış qabiliyyətinin dəfələrlə artdığını diqqətə çatdırıb.
Şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində görülən işlərdən danışan S.Mehdiyev uçotun düzgün qurulması məqsədilə atılan addımlardan bəhs edib, vahid risk platformasının yaradıldığını, görülən işlər hesabına gömrük ödənişlərindən yayınma hallarının və qaçaqmalçılığın qarşısının alınmasında mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb.
Komitə sədri son 2 ildə gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürülməsini də həyata keçirilən səmərəli fəaliyyətin nəticəsi kimi qiymətləndirib. O, bu ilin 10 ayı ərzində 3,5 milyonadək elektron xidmət göstərildiyini, informasiya texnologiyalarının tətbiqi hesabına gömrük sistemində vətəndaş-məmur təmasının minimuma endirildiyini, gələcək hədəfin isə təmasın sıfırlanması olduğunu bildirib.
Eyni zamanda, ölkədə gömrük işinin daha da səmərəli təşkil edilməsi məqsədilə təmsilçilik institutunun təkmilləşdirilməsi istiqamətində atılan addımlardan bəhs olunub, hüquqi şəxslərin 800-dən çox təmsilçilik üzrə mütəxəssisinin xüsusi imtahanlara və kurslara cəlb edildiyi və prosesin davamlılığının təmin olunacağı bildirilib.
Daha sonra “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqindən, xarici ticarət dövriyyəsindən, gömrük orqanlarının kadr potensialının gücləndirilməsindən və tətbiq ediləcək yeni layihələrdən bəhs edən S.Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatların davamlı xarakter daşıdığını, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunması, beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində yeni uğurlara imza atacağını diqqətə çatdırıb.
Sonra Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev jurnalistlərin suallarını cavablandırıb.