Sentyabrın 24-də baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib. FED.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.
N.Məmmədov bildirib ki, gələn ilin dövlət büdcəsinin layihəsi ölkədə bu il baş verən dinamik artımı, eləcə də dünyada gedən qlobal maliyyə-iqtisadi proseslər nəzərə alınmaqla tərtib edilib. Baş nazir deyib ki, layihənin hazırlanmasında dövlət büdcəsinin hər zamankı kimi sosial yönümlü olması, əhalinin maddi rifahının daim yüksəldilməsi əsas götürülmüş, xüsusilə qeyri-neft sektorunun inkişafına dəstək verilməsi, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq müstəvidə nüfuzunun daha da artırılması kimi mühüm amillərə diqqət yetirilib.
Sonra gündəlikdə duran məsələlərə dair maliyyə naziri Samir Şərifovun və iqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanın məruzələri dinlənilib.
Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrdən sonra qərara alınıb ki, təqdim olunan büdcə layihələri bəyənilsin və “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusu Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.