Prezident İlham Əliyevin açılışında iştirak etdiyi bəzi müəssisələr sonradan fəaliyyətini dayandırıb.
FED.az xəbər verir ki, bu barədə dövlət başçısının özü martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edərkən bildirib.
“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlətimizin başçısına burada həyata keçirilən işlər və yaradılan şərait barədə məlumat verib. Yeni yaradılan müəssisələrdə idarəetmənin düzgün qurulmasının vacib olduğunu xatırladan dövlət başçısı bildirib ki, bəzi hallarda yeni yaradılan müəssisələr bu səbəbdən fəaliyyətlərini dayandırırlar.
Prezident bildirib:
«Belə gözəl müəssisələrin yaradılması və inkişafı məni çox sevindirir. Xüsusilə mən bu aqroparkın timsalında ardıcıl siyasəti görürəm. Çünki bəzi hallarda müəssisə yaradılır, hətta elə hallar olub ki, mən o müəssisələrin açılışında iştirak etmişəm, ondan bir müddət sonra o bağlanır. Deməli, iş prosesi düzgün qurulmayıb. Amma sizdə nəinki bağlanmayıb, hətta mənim bura gəldiyim bu 8 il ərzində hər dəfə inkişaf, yenilik görürəm. Görürəm ki, burada insanlara yüksək qayğı göstərilir. Bu şərait böyük zövqlə yaradılıb, eyni zamanda, market, kafe. Hər şey insanlar üçündür ki, Azərbaycan vətəndaşları daha yaxşı, rahat yaşasınlar. Bunları təmin etmək üçün Azərbaycan dövlətinin kifayət qədər iradəsi, imkanları var və Ağstafa rayonunda görülən işlər buna əyani sübutdur».