Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılıb. “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib. Xatırladaq ki, İsmət Səttarov Azərbaycanın ilk biznes xəbər kanalı olan "ARB24"ün rəhbəridir.
Qeyd edək ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmli idi. O, 2003-cü ildən Teleradio Şurasına rəhbərlik edirdi.
Yeni sədr İsmət Rəcəb oğlu Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olub.
Bakı Dövlət Universitetinin “İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində təhsili alıb.
2000-2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.
2011-ci ildən yeni yaradılmış “Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış “Region TV” telekanalının direktoru olub.
2016-cı ildən ARB Media Qrupun rəhbəri olub, “ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.
Evlidir, bir övladı var.