“Bu gün idarəetmə sistemində aparılan dəyişikliklər idarəetmə texnologiyasında müasir üsul və formaların tətbiq edilməsinə, bəzi dövlət orqanlarında mövcud olan süstlük və ətalətin aradan qaldırılmasına, onların koordinasiyasının daha səmərəli və çevik təşkil edilməsinə, dövlət qulluğunun müasir tələblərə uyğun qurulmasına yönəldilmişdir”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı məqaləsində yazıb. R. Mehdiyev qeyd edib ki, dövlət başçısı artıq ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı təxirəsalınmaz vəzifələr müəyyən edib. Bunu, əslində, iqtisadi quruculuq prosesinin yeni mərhələsinin vəzifələri də hesab etmək olar. Bu vəzifələrin dövlət orqanları tərəfindən uğurla yerinə yetirilməsi ölkə vətəndaşları qarşısında nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətlidir.
R. Mehdiyev yazıda bildirib ki, müəyyən edilmiş hədəflərə çatmaq üçün görülən işlərə peşəkar yanaşmadan başqa, həm də komanda prinsipinə ciddi riayət edilməsi tələb olunur: “Komanda prinsipi heç də hər bir dövlət məmurunun eyni cür düşünməli olduğunu deyil, ölkənin inkişafının strateji istiqamətləri ilə bağlı vahid mövqe nümayiş etdirmələrini, qarşıya qoyulan məqsəd və vəzifələrin reallaşdırılması naminə bütün səylərini səfərbər etmələrini nəzərdə tutur.
Öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik.
Hər bir məmur kadr məsələsində dövlət maraqlarına uyğun meyarları əsas götürməli və öz fəaliyyəti ilə kadr siyasətinə kölgə salmamalıdır. Ayrı-ayrı məmurların kadrlara münasibətdə özbaşınalığı, cılız və subyektiv yanaşması nəticəsində kadr potensialının itirilməsinə imkan vermək olmaz.
Azərbaycanda institusional islahatların mahiyyətinin, onun məqsəd və vəzifələrinin düzgün qiymətləndirilməsi struktur dəyişikliklərinin uğurla aparılmasının həlledici şərtlərindən biridir. Lakin müşahidələr göstərir ki, idarəetmə islahatlarının “fəlsəfəsi” ilə bağlı bir-birindən fərqli təsəvvürlər mövcuddur.
İdarəetmə islahatları bir qayda olaraq, yalnız azad iqtisadiyyatın inkişafına və bürokratik meyillərin aradan qaldırılmasına, çevik idarəçiliyə və koordinasiyaya şərait yaratdığı halda iqtisadi və təşkilati baxımdan müsbət nəticələr əldə olunur. Ümumiyyətlə, dövlət idarəetmə sistemində islahatlar ağrılı və çətin prosesdir. Lakin siyasi hakimiyyəti güclü və sabit olan ölkələrdə iqtisadi islahatlar və struktur dəyişiklikləri rəvan bir şəkildə həyata keçirilir. Çünki hakimiyyətin siyasi gücü həmin islahatların aparılması yolunda qarşıya çıxan “maneələri” asanlıqla dəf etməyə imkan verir”.
R. Mehdiyev bildirib ki, dövlət idarəetmə sistemində islahatların yeni mərhələsi artıq reallaşmaqdadır. Struktur islahatlarının uğurla nəticələnməsi dövlət orqanlarının hüquq və səlahiyyətləri ilə məsuliyyətlərinin balanslaşdırılmasından, idarəetmə sistemində şəffaflığın, iqtisadiyyatda isə debürokratizasiyanın təmin edilməsindən asılıdır. Bu isə son nəticədə dövlət qurumları ilə biznes sektoru arasında münasibətlərin daha sağlam əsaslar üzərində qurulmasına şərait yaradır: “İdarəetmə sistemində islahatları ayrı-ayrı dövlət orqanlarının ləğvi və ya birləşdirilməsi, yaxud da yeni strukturların yaradılması kimi xarakterizə etmək olmaz. İnstitusional islahatlar birinci növbədə dövlət strukturlarının tənzimləyici rolunun gücləndirilməsini və onların fəaliyyətinin səmərəliliyini təmin etməlidir. Bu, heç də bürokratik meyillərin dərinləşdirilməsi demək deyil. Əksinə, idarəetmə sistemində aparılan islahatlar dövlət idarəetmə orqanlarının debürokratizasiyasına, iqtisadiyyatda dövlət inhisarçılığının aradan qaldırılmasına şərait yaratmalıdır”.