Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də keçiriləcək prezident seçkilərindən öncə “Tass” informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib.
FED.az-ın məlumatına görə, dövlət başçısı müsahibəsində ölkədə son 5 ildə iqtisadiyyat sahəsində əldə edilən uğurlardan bəhs edib:
“Azərbaycan sosial-iqtisadi layihələrdə yüksək irəliləyiş əldə edib. Qarşıya qoyduğumuz bütün hədəflərə çatmışıq. Bizim nailiyyətlərimiz də beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Davosda keçirilən Dünya İqtisadi Forumunun son qiymətləndirməsinə əsasən, Azərbaycan qlobal rəqabət qabiliyyətinə görə 35-ci, inkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə isə 3-cü yerdə qərarlaşıb. Hesab edirəm ki, bu qiymətləndirmə əldə etdiklərimizi ən yaxşı şəkildə nümayiş etdirir. Ölkədə yüz minlərlə iş yeri açılıb. İşsizlik səviyyəsi 5 faiz, yoxsulluq səviyyəsi isə 5,4 faizdir. Son 15 ildə iqtisadiyyat 3,2 dəfə artıb. Eyni zamanda, iqtisadiyyata 230 milyard dollardan çox sərmayə qoyulub. Bütün bunlar bizim son illərdə həyata keçirdiyimiz və sanballı səmərə vermiş sosial-iqtisadi siyasətin nəticəsidir”.
İlham Əliyev Azərbaycanda bütün demokratik institutların mövcud olduğunu bildirib:
“Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 80 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Biz Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərimizə öhdəliklər götürmüşük və zənnimcə, bunun öhdəsindən inamla və uğurla gəlirik. Hərçənd, əlbəttə ki, əlavə səylər tələb edən məsələlər də var və biz bu istiqamətdə işləyirik”.
Ölkə başçısı radikal islamçı qruplaşmaların Azərbaycana daxil ola bilmə təklükəsindən də danışıb:
“Potensial baxımdan bütün müsəlman ölkələrində bu cür təhlükə var. Əsas məsələ hökumətin, cəmiyyətin buna necə münasibət bəsləməsi, cəmiyyətin vəziyyəti, onun bu ideyanı qəbul edib-etməməsidir. Buna görə biz çoxdan başa düşmüşük ki, radikalizmin ixracına qarşı təkcə inzibati və ya hər hansı başqa tədbirlər vasitəsilə mübarizə aparmaq kifayət deyil. Biz bu cür təhlükəli ideyaların, necə deyərlər, həyat məkanını məhdudlaşdırmalı idik və buna nail olduq. Biz bu məkanı özümüzün fəal hərəkətlərimizlə məhdudlaşdırmalıyıq. Azərbaycanın dünyəvi dövlət kimi fasiləsiz uğurlu inkişafının başlıca qarantı, ilk növbədə, təhsildir. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Təhsil məsələlərinə çox böyük diqqət yetirilir.
Bunu demək kifayətdir ki, bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil. Müdafiənin səbəbləri aydındır. Təhsil isə məhz onun üçündür ki, Azərbaycan vətəndaşlarının gələcək nəsilləri savadlı olsun və radikalizmdən qoruna bilsinlər. İkinci mühüm amil sosial-iqtisadi inkişaf məsələsidir. Biz görürük ki, çoxsaylı sosial-iqtisadi problemlər – yoxsulluq, işsizlik, ümidsizlik olan yerdə radikalizm və ekstremizm ideyaları özünə dəstək tapır, savadsız adamlar düşünürlər ki, xilas yolu elə bundan ibarətdir. Buna görə bu cür təbliğata qarşı mübarizənin mühüm amilləri, zənnimcə, təhsil üstəgəl iqtisadi və sosial inkişafdır”.
İ. Əliyev rusiyalı həmkarı Vladimir Putinlə münasibətlərindən də söz açıb:
“Bizim prezident Vladimir Vladimiroviç Putinlə şəxsi münasibətlərimiz ikitərəfli münasibətlərin uğurlu inkişafı üçün mühüm amillərdən biridir. Bizim tez-tez keçirdiyimiz görüşlər, ikitərəfli formatda, çoxtərəfli formatda təmaslarımız ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə, qarşılıqlı anlaşmaya imkan verir. Bizim aramızda qapalı mövzu yoxdur. Əgər bizim müdaxiləmizi tələb edən hansısa suallar meydana çıxırsa hökmən zəngləşirik və ya görüşürük, tabeçiliyimizdə olanlardan kiminsə yol verdiyi natarazlığı nizamlayırıq. Bu, ikitərəfli münasibətlərdə mühüm amildir və dövlətlərarası əməkdaşlıqda çox vacib rol oynayır.
Fikrimcə daha çox bizim şəxsi, qarşılıqlı etimada söykənən münasibətlərimizin sayəsində münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldıra bilmişik. Hansı ki, bu haqda həm Rusiya, həm Azərbaycan bəyan edir”.
Azərbaycan lideri Dağlıq Qarabağ münaqişəsinin həllində vəziyyətin hansı yerdə olduğu ilə bağlı suala cavabında bildirib:
“Şübhəsiz, indiki vəziyyət istər Azərbaycan, istərsə də dünya birliyi üçün məqbul deyil. Xüsusən ona görə ki, vasitəçilik missiyası mandatına malik olan, Minsk qrupunun həmsədrləri olan ölkələr – Rusiya, Fransa və ABŞ dövlət başçıları səviyyəsində birgə bəyanatlarında dəfələrlə bildiriblər ki, status-kvo qəbuledilməzdir və o, dəyişməlidir. Biz bu mövqeyə tamamilə şərikik və bu cür bəyanatları çox düzgün hesab edirik. Lakin biz konkret fəaliyyət gözləyirik. Bəyanatlar, əlbəttə, vacibdir, lakin bizə bu məsələnin tənzimlənməsi lazımdır. Məsələnin tənzimlənməsi üçün bütün hüquqi mexanizmlər mövcuddur. BMT Təhlükəsizlik Şurası 20 ildən çox bundan əvvəl erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr öz qüvvəsini saxlayır və onlar yerinə yetirilməlidir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. Təəssüf ki, bu imtinaya görə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib”.
İlham Əliyev Azərbaycan mətbəxindən də bəhs edib:
“Hər bir xalqın mətbəxi onun mədəniyyətinin, ənənələrinin və imkanlarının göstəricisidir. Azərbaycan mətbəxi çox rəngarəngdir, çox dadlıdır, lakin çox təhlükəlidir. Bu təhlükə məhz nəzarətsiz çəki artımındadır.
Mən gündəlik həyatımda sui-istifadə etməməyə çalışıram, hərçənd, əlbəttə, hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini xoşlayır. Mən də istisna deyiləm. Lakin gündəlik həyatımda hər halda bir qədər uzaq durmağa çalışıram. Azərbaycan mətbəxindən xoşladığım yeməklərə gəldikdə isə deməliyəm ki, mən bu yeməklərin praktiki olaraq hamısını xoşlayıram. Lakin ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram. Bu məsələdə o, yaxşı mütəxəssisdir, əlbəttə, mənə və ailəmizin bütün üzvlərinə çox sevinc bəxş edir, özünün kulinar əsərləri ilə bizi sevindirir”.
Prezident M. Qusmanın “Siz nəyin hesabına əlavə enerji alırsınız və prezident stresini nəyin hesabına aradan götürə bilirsiniz?” sualına cavabında hər hansı bir hobbisi olmadığını söyləyib:
“Mənim məxsusi hobbim yoxdur. Lakin hesab edirəm ki, sənə sevinc, rahatlıq gətirən işlə məşğul olmaq elə hobbidir. Mənə gəldikdə, əməyimin nəticələrini görmək ən böyük sevincdir. İnanın, bu sözləri elə-belə, kamera üçün demirəm, bu, həqiqətən belədir. Əlbəttə, görəndə ki, nəzərdə tutulan işlər yerinə yetirilib, görəndə ki, Azərbaycanın inkişafının bu və ya digər sahəsində irəliləyiş var, bu, mənə böyük mənəvi zövq verir. Bu, hər bir hobbidən yaxşıdır.
Buna görə düşünürəm ki, mən hansısa məxsusi hobbinin olmamasını bu yolla kompensasiya edirəm. Bundan əlavə, əlbəttə, asudə vaxtımı ailəmlə keçirirəm və yəqin ki, orada həm də həyat üçün enerji alıram. Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdır”.