Azərbaycanın İranla sərhəddəki gömrük məntəqələri fəaliyyətini dayandırıb.
FED.az "Report"a istinadən xəbər verir ki, Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi bu gün koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb. Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.
Astara Gömrük Postundan İrana keçid müvəqqəti dayandırılıb. Cənub Ərazi Baş Gömrük İdarəsindən verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir.
Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.
"Çində aşkar edilən və qonşu İranda da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib".
FED.az xəbər verir ki, bunu "Qafqazinfo"ya açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov deyib.
"Ölkə vətəndaşlarının zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur", - deyə qurum rəsmisi əlavə edib.