Bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib.
FED.az-ın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilməsi mərasimində məcburi köçkünlərlə görüşdə bildirib.
ELƏCƏ DƏ BAX: Prezident “Ağ Şəhər”də - AÇILIŞ MƏRASİMİ
Dövlət başçısı deyib ki, artıq köçkünlərin bu evlərə, mənzillərə yerləşməsi prosesinə start verilib və bu, rekord göstəricidir: “Ancaq o da həqiqətdir ki, hələ də çətin vəziyyətdə yaşayan köçkünlərimiz var. Onların problemləri də öz həllini tapacaq. Hazırda Dövlətqaçqınkom bu istiqamətdə öz işini davam etdirir, siyahılar dəqiqləşdirilir və növbəti ildə görüləcək işlərlə bağlı indi hazırlıq tədbirləri aparılır. Gələn ilin dövlət xərclərimizdə köçkünlərin problemlərinin həlli üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub.
Onu da bildirməliyəm ki, bu il, eyni zamanda, köçkünlərin məişət problemlərinin həlli işində bir yenilik də olub. O da ondan ibarətdir ki, özəl sektor köçkünlər üçün mənzillərin tikintisinə başlayıb. Bu il “Qobu Park” köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi idi. Orada da mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. O layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib.
Bu, onu deməyə əsas verir ki, biznesin sosial məsuliyyəti də artır. Ümid edirəm ki, növbəti illərdə bizim böyük biznes strukturlarımız bu işlərdə köçkünlərə kömək göstərəcəklər. Əlbəttə, əsas işi dövlət öz üzərinə götürüb. Köçkünlərin problemlərinin həlli, onların məşğulluğunun artırılması üçün son illərdə milyardlarla manat vəsait xərcləniB. Ancaq imkanı olan şirkətlər əlbəttə ki, bu sahədə öz sözünü deməlidirlər və biz bunu görürük. Ümid edirəm ki, gələn il də biznes strukturları bu istiqamətdə öz sözünü deyəcəklər”.
“İmkanı olan şirkətlər bu sahədə öz sözünü deməlidir” – PREZİDENT
20:47
24 Dek 2018