İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
FED.az xəbər verir ki, dövlət başçısı iclası giriş nitqi ilə açdı.
Prezident İlham Əliyevin girişnitqi
-Bu gün biz ilin altı ayının yekunlarını müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq.
Deyə bilərəm ki, ilin altı ayında qarşıda duran bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bildi. Bu il Azərbaycan həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etmişdir.
Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq.
Seçkilərdən əvvəl keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş “exit-poll”lar rəsmi nəticələrlə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilərdə Azərbaycan xalqının iradəsi tam öz əksini tapmışdır. Seçkilər şəffaf, ədalətli şəkildə keçirilmişdir və Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir.
Seçkilərə kölgə salmaq istəyənlər isə növbəti dəfə iflasa uğradılar. Onların sönük cəhdləri Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi. Onların hərəkətləri cəmiyyət tərəfindən rədd edildi. Bunun bariz nümunəsi odur ki, seçkilərdən sonra keçirilmiş “etiraz” mitinqinə min nəfərdən çox adam yığa bilməmişlər. Bu, onların növbəti iflasıdır, bir daha onu göstərir ki, xalq bizim siyasətimizə alternativ siyasət görmür, onu qəbul etmir və bundan sonra da xalq bizim siyasətimizi dəstəkləyəcək. Bizim siyasətimiz isə xalqın maraqlarını təmin edən siyasətdir. Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir.
Seçkilərdən sonra bir çox ölkələrin dövlət və hökumət başçıları mənə təbrik məktubları göndərmişlər. Onların arasında dünyanın bütün aparıcı ölkələrinin dövlət və hökumət başçıları vardır. Bu, bir daha onu göstərir ki, beynəlxalq birlik Azərbaycana böyük hörmətlə, böyük inamla yanaşır və Azərbaycanda gedən demokratik proseslər dünya birliyi, dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir.
Xarici siyasətə gəldikdə, deyə bilərəm ki, bu ilin altı ayında bu sahədə böyük işlər görülmüşdür, Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilmişdir. Qonşu dövlətlərlə bizim ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələri vardır. Altı ayda qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim bir neçə görüşüm olmuşdur. İlin ikinci yarısında da görüşlər nəzərdə tutulur. Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malik olan bir ölkədir. Keçən il elan olunmuş “İslam Həmrəyliyi İli” bu əlaqələri daha da möhkəmləndirmişdir. Bildiyiniz kimi, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Müsəlman ölkələri ilə ənənəvi dostluq, qardaşlıq əlaqələri möhkəmlənmişdir.
Biz indi Avropa İttifaqı ilə yeni Saziş üzərində işləyirik. Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir.
Deyə bilərəm ki, bu ilin birinci yarısında Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimiz yeni mərhələyə qalxmışdır. Amerika Prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlamışdır. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək.
Beləliklə, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq.
Bu il Bakıda üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatının – Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir. Bu tədbirdə də bizim siyasətimizə dəstək göstərilmişdir. Gələn ildən Azərbaycan bu böyük mötəbər təşkilata sədrlik edəcək. Gələn il Azərbaycanda Zirvə görüşü keçiriləcəkdir. Bu, bir daha ölkəmizə olan hörmətin təzahürüdür. Onu göstərir ki, bizim apardığımız siyasət çox böyük rəğbət doğurur və çox böyük hörmətə layiqdir.
Bu müsbət fonda baxın görün Ermənistanda nələr baş verir. 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu. Deyə bilərəm ki, bu rejimin çökməsində bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı. Ermənistanın iqtisadi perspektivləri demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən çətin ki, tapılsın. Bu ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə demişəm ki, Ermənistandan hər il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yəni, bu təcrid siyasətimiz öz rolunu oynadı, biz Ermənistanı bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə də qoyulmaz, insanların əhval-ruhiyyəsi də yaxşı səviyyədə olmaz.
Onu da qeyd etməliyəm ki, iki il bundan əvvəl Aprel döyüşləri də Ermənistanın o çürük və laxlamış sütunlarını daha da sarsıtdı. Aprel döyüşləri Sarkisyan rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif, - guya onların ordusu güclü ordudur, - darmadağın edildi. Biz bu mifi məhv etdik. Uzun illər ərzində təmas xəttində qurduqları “möhkəm istehkam”ı bir neçə gün ərzində darmadağın etdik və bu da Ermənistan cəmiyyətində böyük məyusluq yaratdı. Ona görə Ermənistanın başına gələn bu hadisələr labüd idi, məntiqli idi. Həm kriminal rejim tərəfindən aparılmış anti-milli siyasət, həm Azərbaycanın apardığı inamlı siyasət, o cümlədən bizim inkişaf dinamikamız, bax, bunun əsas səbəbkarı oldu. Çünki Ermənistan əhalisi yaxşı bilir ki, Azərbaycan hansı yüksək zirvəyə qalxa bilibdir: ölkə daxilindəki sabitlik, inkişaf, beynəlxalq əlaqələr, iqtisadi inkişaf, ordu quruculuğu, sosial məsələlərin həlli. Bizim aramızda yerlə-göy qədər fərq var və bu, bir daha göstərdi ki, Ermənistanı bu ağır vəziyyətə salan onların işğalçı siyasətidir. Əgər işğal olmasaydı, Ermənistan da bizim təşəbbüsümüzlə icra edilən layihələrdə yer ala bilərdi. Onlar da başqa ölkələr kimi bizim imkanlarımızdan faydalana bilərdilər və əlbəttə ki, onların iqtisadi vəziyyəti bu gün yaxşı ola bilərdi. O kriminal, 20 il ərzində erməni xalqının qanını içən oğru rejimin siyasəti nəticəsində onlar bu vəziyyətə düşdülər. Ümid edirəm ki, Ermənistanın yeni hökuməti kriminal rejimin səhvlərini təkrarlamayacaq, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacaq və münaqişə tezliklə həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.
Münaqişənin həllinə gəldikdə isə bunun bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, - əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, - erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq.
Qeyd etdiyim kimi, beynəlxalq əlaqələrimiz möhkəmlənir, Azərbaycanın ərazi bütövlüyünə dəstək artır. Demək olar ki, bir çox ölkələrlə imzaladığımız sazişlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması tezisi öz əksini tapır. Əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla da təmaslar əsnasında daim bu mövzu qaldırılır və bizim siyasətimiz böyük dəstək alır. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu istiqamətdə çox böyük işlər görülüb. Xalqa bu barədə müntəzəm olaraq məlumatlar verilir, mənim hərbi hissələrə çoxsaylı səfərlərim mətbuat tərəfindən işıqlandırılır, əldə etdiyimiz texnikanın göstərilməsi müntəzəm olaraq təşkil edilir. Əlbəttə ki, bizim hərbi potensialımızın əyani sübutu ötən ay keçirilmiş hərbi paraddır. Paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bizim Ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular sırasındadır və hərbi parad bunu göstərmişdir.
Eyni zamanda, Ordumuzun döyüş qabiliyyəti çox yüksək səviyyədədir və bunu yaxın tarix göstərib. 2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi - bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir. Qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciəti, əslində, öz məğlubiyyətlərinin etirafıdır. Əgər səndə güclü ordu varsa niyə beynəlxalq təşkilatlardan yardım istəyirsən? Niyə Azərbaycandan beynəlxalq təşkilatlara şikayətlər edirsən? Sən bu torpaqları xarici dövlətlərin dəstəyi ilə işğal etmisən. O vaxt Azərbaycanda anti-milli, satqın hakimiyyət hökm sürürdü, fərarilər hakimiyyəti hökm sürürdü. Həmin o fərarilərin tör-töküntüləri bu gün də özlərini müxalifət adlandırırlar. O vaxt qaçıb gizlənmişlər, ölkəmizi bərbad vəziyyətə qoymuşlar, torpaqlarımızı satmışlar. AXC-Müsavat cütlüyü ən böyük xəyanətkardır. Bəlkə də Azərbaycanın çoxəsrlik tarixində bunlar qədər xəyanətkar, satqın olmamışdır. Bax bu səbəblərdən o vaxt Ermənistan xarici dövlətlərin birbaşa iştirakı və dəstəyi ilə torpaqlarımızı zəbt etmişdir. Amma indi bizdən şikayət edir, beynəlxalq təşkilatlara müraciət edir ki, gəlin, bizə kömək edin, gəlin, Azərbaycan bizi boğacaq. Torpaqlarımızdan çıx, onda rahat yaşaya bilərsən. Yoxsa qorxu içində yaşayan ölkələr, insanlar daim stress içindədirlər. Bu, onların psixoloji durumuna da mənfi təsir göstərir. Biz bunu indi görürük və daha da böyük fəsadlar ola bilər.
Azərbaycan isə ordu quruculuğu istiqamətində inamla irəliləyir. Biz hərbi paradda potensialımızın bir hissəsini göstərmişik - həm say baxımından, həm silahların növü baxımından. Bizim böyük maliyyə ehtiyatlarımız imkan verir ki, istənilən hərbi texnikanı alaq və hazır vəziyyətə gətirək. Bu il büdcəmizə edilən dəyişikliklər, dürüstləşmə, eyni zamanda, ordu xərclərinin artırılmasına istiqamətləndirilib və gələn il də bizim hərbi xərclərimiz çox yüksək səviyyədə olacaqdır.
Əlbəttə ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik. Deyə bilərəm ki, biz böhrandan az itkilərlə çıxa bilmişik.
Bu ilin göstəriciləri isə onu deyir ki, əvvəlki illərdə apardığımız islahatlar və bu il aparılan islahatlar gözəl nəticələr verir. Mən bəzi rəqəmləri Azərbaycan ictimaiyyətinə çatdırmaq istərdim. Beləliklə, altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumuz 2 faiz artmışdır. Sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri–neft sənayemiz 8,8 faiz artmışdır. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir.
Kənd təəssüratı 7,6 faiz artmışdır. Xüsusilə bitkiçiliyi qeyd etmək istərdim. Bitkiçilik 14 faizdən çox artmışdır. 67 min yeni iş yeri yaradılmışdır. Onlardan 58 mini daimi iş yeridir. Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulmuşdur. İnflyasiya cəmi 3 faizdir. Əhalinin pul gəlirləri 9,3 faiz artmışdır. İnflyasiyanın aşağı səviyyədə olması onu göstərir ki, ölkəmizdə makroiqtisadi sabitlik tam təmin edilir.
Xarici ticarət dövriyyəsi 35 faiz artmışdır. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artmışdır. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır, əlbəttə ki, ilin sonuna qədər daha da artacaq. Bu, çox böyük rəqəmdir, bir daha onu göstərir ki, makroiqtisadi sabitlik tam təmin edilir.
Bir sözlə, əsas iqtisadi göstəricilərimiz bundan ibarətdir. Əlavə edək ki, ilin əvvəlindən valyuta ehtiyatlarımız da artıb və bu gün ölkəmizin valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir. İlin sonuna qədər bu rəqəm daha da böyüyəcək. Bu, onu göstərir ki, biz çox inamla inkişaf edirik. İqtisadi inkişaf davam etdiriləcək. Sənaye, kənd təsərrüfatı sahələrində bu il böyük işlər görülübdür. Artıq gözəl nəticələr var. Bu barədə bir qədər sonra danışacağıq. Əminəm ki, ilin sonuna qədər yaxşı nəticələr olacaqdır. Beləliklə, ölkəmizin dinamik inkişafı təmin edilir.
Bu ilin birinci yarısında həm nəqliyyat, həm energetika sahələrində önəmli hadisələr baş vermişdir. May ayında Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir. Bu, çox böyük hadisədir. Deyə bilərəm ki, bu, keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra nəqliyyat sektorunda ikinci böyük hadisədir. Ələt limanı indi uğurla fəaliyyət göstərir. Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün bu limanın çox böyük əhəmiyyəti var.
Cənub Qaz Dəhlizinin reallaşmasında da çox böyük addımlar atılıb. May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur və bu, tarixi hadisədir. İyun ayında isə TANAP-ın rəsmi açılışı oldu. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü artıq reallaşıb - “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri və TANAP layihəsi. Dördüncü layihə - TAP qrafik üzrə icra edilir.
Bunlar bu ilin altı ayında əldə edilmiş əsas nailiyyətlərdir. Əlbəttə ki, bütün nailiyyətlər haqqında danışmaq üçün bir neçə saat vaxt lazım olacaq. Biz iclasın sonrakı hissəsində həm görülmüş işlər, həm də vəzifələr haqqında danışacağıq.
x x x
İqtisadiyyat naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas iştirakçıları.
Yeni iqtisadi şəraitə uyğun həyata keçirilən rasional makroiqtisadi siyasət, aparılan köklü islahatlar, görülən sistemli tədbirlər qlobal və regional risklərin neytrallaşdırılmasına imkan yaradıb, valyuta ehtiyatlarımız maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə edilməsində əhəmiyyətli rol oynayıb, ölkəmizdə sosial proqramların icrası davam etdirilib.
Müəyyən etdiyiniz strateji xəttə əsaslanaraq dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə çevik, adekvat addımlar atılıb, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, iqtisadiyyatın şaxələndirilməsi, regionların və sahibkarlığın inkişafı sürətlənib, qeyri-neft ixracı artıb.
Aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində, bu ilin birinci yarısında ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artıb, inflyasiya birrəqəmli olmaqla 3 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsində xüsusi rolu olan qeyri-neft sənayesində 8,8 faiz, kənd təsərrüfatında 7,6 faiz, informasiya və rabitə xidmətlərində 4,9 faiz, ticarətdə 2,5 faiz artıma nail olunub.
Ötən altı ayda dövlət büdcəsinin gəlirləri 9,8 milyard manat, xərcləri 9,5 milyard manat olub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 275 milyon manat və ya 7,3 faiz çoxdur.
İqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 6,3 milyard manat əsas kapitala investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə 22 faiz, qeyri-neft sənayesi üzrə isə 69 faiz artıb.
Əhalinin gəlirləri 9,3 faiz artmaqla inflyasiyanı 6,3 faiz üstələyib. Orta aylıq əməkhaqqı illik müqayisədə 4 faiz yüksəlib, əhalinin sosial müdafiəsinə xüsusi diqqətiniz sayəsində dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda çalışanların əməkhaqqı, həmçinin pensiya və müavinətlər artıb.
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik, Dünya Bankının “Doing Bussiness” hesabatları və 2018-ci il İnklüziv İnkişaf İndeksi üzrə ölkəmizin mövqeyinin yaxşılaşması, cənab Prezident, rəhbərliyinizlə aparılan məqsədyönlü və gələcək tərəqqiyə hesablanmış iqtisadi siyasətin, görülən genişmiqyaslı işlərin məntiqi nəticəsidir.
Bilavasitə təşəbbüskarı və müəllifi olduğunuz beynəlxalq və regional əhəmiyyətli strateji layihələrin reallaşdırılması Azərbaycanın dünyada söz sahibi olması və etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir. Bu yaxınlarda rəsmi açılışı olan “Cənub Qaz Dəhlizi” və TANAP qlobal mənada dünyanın enerji xəritəsini dəyişən strateji layihələrdir.
Möhtərəm cənab Prezident, ölkənin sosial-iqtisadi inkişafına müstəsna töhfələr verən məqsədli dövlət proqramlarının uğurlu icrası əldə edilmiş nailiyyətlərin əsasını təşkil edir. Regionların sürətli inkişafını təmin edən dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, xüsusilə infrastrukturun və əhaliyə sosial xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib.
İlin birinci yarısında xüsusi əhəmiyyətli infrastruktur layihələrini nəzərdə tutan dövlət investisiya proqramı 47 faiz icra edilib.
Bu dövrdə ayrılmış vəsait hesabına paytaxtda və regionlarda 200 min nəfər əhalinin yaşadığı 91 yaşayış məntəqəsini əhatə edən uzunluğu 250 kilometr olan 17 qəsəbə və kəndlərarası yollar tikilərək istifadəyə verilib.
Aqrar sektorda meliorativ infrastrukturun daha da yaxşılaşdırılması tədbirləri çərçivəsində əkinəyararlı torpaq sahələrinə suvarma suyunun çatdırılması istiqamətində görüləcək işlər dövlət investisiya proqramında nəzərdə tutulmuş vəsait hesabına davam etdirilir.
Ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması məqsədilə 42 rayonun 83 yaşayış məntəqəsinin qazlaşdırılması davam etdirilib, 29 yaşayış məntəqəsində işlər başa çatdırılıb.
Şəhər və kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması çərçivəsində Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Şərur rayonu üzrə birinci mərhələ, Mingəçevir, Xızı şəhərlərinin və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemi, Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemi istifadəyə verilib.
Hesabat dövründə sosial layihələrin icrası davam etdirilib, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial infrastruktur obyektləri istifadəyə verilib. Mingəçevir “ASAN xidmət” Mərkəzinin açılışı olub, bu ilin sonunadək Şəki və İmişli “ASAN həyat” komplekslərinin tikintisi başa çatdırılacaqdır.
Bu ilin may ayında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsində və tranzit imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edir.
Möhtərəm cənab Prezident, hazırda uğurla həyata keçirilən sənayeləşmə siyasətinizə uyğun olaraq, istehsal və emal müəssisələrinin, sənaye parkları və məhəllələrinin yaradılması davam etdirilir.
Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcəkdir.
“Yaşıl iqtisadiyyat”ın inkişafında xüsusi əhəmiyyətə malik Balaxanı Sənaye Parkında fəaliyyət göstərən 5 müəssisədə 400-ə yaxın işçi çalışır. İkinci mərhələdə daha 5 istehsal sahəsinin tikintisinə başlanacaqdır. Dünya Bankı ilə birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində Balaxanı poliqonunun müasir ekoloji-sanitar normalara uyğun bərpası başa çatdırılıb.
Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. İlin sonuna istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaqdır. Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub.
Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb, bu müəssisələr üzrə 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb.
Möhtərəm cənab Prezident, martın sonunda Sizin və İran Prezidentinin iştirakı ilə Neftçala Sənaye Məhəlləsində açılmış “Xəzər” avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq. Bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcəkdir. Artıq 100-ə yaxın avtomobilin satışına başlanıb, daha 200 avtomobil üçün sifariş qəbul edilib.
Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad Sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcəkdir.
Tapşırığınıza uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 10 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi aparılır.
Ölkədə iqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi töhfəsini verir. İndiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiyanın yatırılması və 19 minədək yeni iş yeri açılması imkanı yaradılıb, bundan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir.
İqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədilə 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulub, 111 milyon manat dövlət güzəştli krediti və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib.
Aqroparklardan dördündə birinci mərhələ üzrə işlər başa çatdırılıb, ilin sonunadək 14 aqropark istifadəyə veriləcək, digərlərində işlər davam edir.
Artıq fəaliyyət göstərən aqropark və iri fermer təsərrüfatlarında 50 min hektardan artıq ərazidə müasir suvarma sistemlərinin tətbiqi nəticəsində buğda, arpa, dənlik qarğıdalı və digər kənd təsərrüfatı bitkiləri üzrə hər hektardan əldə edilmiş orta məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən 2 dəfəyədək çoxdur.
İstehsalçıların texnikaya, suvarma avadanlıqlarına tələbatının ödənilməsi məqsədilə dövlət əsaslı vəsait qoyuluşu hesabına “Aqrolizinq” ASC-yə 160 milyon manat vəsait ayrılıb.
Sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi üçün layihələrinin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Bu kreditlər hesabına illik müqayisədə 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yerinin açılması imkanı yaradılıb.
İri sahibkarlar tərəfindən kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsinin vacibliyi barədə verdiyiniz tapşırığa əsasən bu sahədə təşviq işləri aparılıb və şəkər tozu istehsalının yerli xammal təminatının artırılması məqsədilə 7 min hektar sahədə şəkər çuğunduru əkini üçün illik 3 faizlə 7 milyon manat güzəştli kredit verilib, 1500 fermerlə müqavilə bağlanıb. Bu müqavilələr üzrə 3600 nəfər işlə təmin olunub.
Sahibkarlıq sahəsində 6 ay ərzində cəmi 58 yoxlama keçirilib, sahibkarlara dövlət xidmətlərinin göstərilməsi sahəsində şəffaflığın və operativliyin təmin olunması məqsədilə “Lisenziyalar və icazələr” portalı yaradılıb, artıq portal vasitəsilə 180-dən çox elektron lisenziya verilib.
Dövlət vəsaitlərinin səmərəli və qənaətlə istifadəsi, şəffaflıq və aşkarlıq əsasında rəqabət mühitinin yaradılması nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə açıq satınalma tenderlərinin sayı 54 faiz, müsabiqə yolu ilə satınalmaların məbləği 23 faiz artıb, müsabiqə əsasında satınalmalar zamanı ehtimal olunan qiymətlərlə müqayisədə 117 milyon manat dövlət vəsaitinə qənaət edilib.
Tapşırığınıza əsasən, qeyri-neft ixracının artırılması məqsədilə dövlət dəstəyi tədbirləri davam etdirilib, indiyədək 15 ixrac missiyası təşkil olunub, ixracatçılar 11 önəmli beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, ilkin razılaşmalar və sifarişlər əldə olunub, ixrac müqavilələrı imzalanıb, ixrac təşviqinin ödənilməsi davam etdirilib.
Ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə Rusiya, Çin, Birləşmiş Ərəb Əmirliklərində və Şərqi Avropada ticarət nümayəndələri fəaliyyət göstərir. Belarusda və Ukraynada Azərbaycan ticarət evləri açılıb, Çində “Şərab Evi”nin, Latviyada və Birləşmiş Ərəb Əmirliklərində ticarət evlərinin ilin sonunadək açılması planlaşdırılır. Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın Həştərxan şəhərində “Azərbaycan İş Mərkəzi” açılıb.
Xarici kütləvi informasiya vasitələrində sahəvi brendlərin reklamı kampaniyasına, “Made in Azerbaijan” brendinin təşviqinə başlanıb.
Görülən işlərin nəticəsi olaraq, 2018-ci ilin ilk 5 ayında qeyri-neft ixracı 20 faiz, o cümlədən sənaye məhsulları 27 faiz, kənd təsərrüfatı məhsulları 22 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı 34 faiz artıb, ixrac məhsullarının çeşidi genişlənib.
Hörmətli cənab Prezident, rəhbərliyinizlə həyata keçirilən davamlı və kompleks tədbirlər makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə, ölkənin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələrini verir. İcazə verin, Sizi əmin edim ki, bu tədbirlərin uğurla davam etdirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
x x x
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd ƏHMƏDZADƏ çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Ulu öndər Heydər Əliyev siyasətinin Sizin tərəfinizdən böyük uğurla davam etdirilməsi sayəsində bugünkü iqtisadi cəhətdən güclü və qüdrətli Azərbaycan yaranıb. Bunu bu günlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən möhtəşəm hərbi parad bir daha sübut etdi.
Sizin diqqət və qayğınız sayəsində ölkə iqtisadiyyatının bütün sahələri kimi, meliorasiya və su təsərrüfatı sahəsi də son 15 ildə böyük inkişaf yolu keçib. Belə ki, sahəyə ayrılmış əsaslı kapital qoyuluşu dəfələrlə artıb, onun maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi, 2 minə yaxın subartezian quyusunun qazılması hesabına su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılmış torpaq sahələri xeyli artıb, yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib.
Bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın coğrafiyasını dəyişən və ölkənin su təhlükəsizliyində strateji əhəmiyyət kəsb edən Taxtakörpü və Şəmkirçay kimi iri su anbarları mühüm rol oynayıb. Bu günə qədər bu anbarlara 3 milyard kubmetrə yaxın toplanmış su müxtəlif məqsədlər üçün istifadəçilərə verilib.
Möhtərəm cənab Prezident, Sizin cari ildə daha 100 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi barədə verdiyiniz tapşırıqların icrası olaraq suvarma kanallarının, nasos stansiyalarının tikintisi, yenidən qurulması, bərpası işləri və digər meliorativ tədbirlər hazırda uğurla həyata keçirilir.
Taxtakörpü su anbarı zonasında Xızı, Siyəzən və Şabran rayonlarında ötən illərdə suvarma suyu ilə təmin edilmiş 22 min hektar yeni suvarılacaq torpaqlar hazırda aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilir. Cari ildə isə Şabran rayonunda 12 min hektar torpaq sahəsində meliorativ işlər başa çatdırılacaqdır. Hazırda “Şabran Aqropark”a məxsus 1738 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, Xızı rayonunda isə 436 hektar sahədə salınmış zeytun və badam bağları suvarma suyu ilə təmin edilib.
Şəmkirçay su anbarı zonasında isə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək Yolu ilə kəsişməsində keçid qurğusunun və kanalın 5 kilometrlik hissəsinin, eləcə də Goranboy və Samux rayonlarının ərazilərində yaradılmış aqroparklara məxsus torpaq sahələrinə suvarma suyunun verilməsi üçün boru kəmərinin və su hovuzunun tikintisi cari ildə başa çatdırılıb.
Sizin 2018-ci il iyunun 5-də Şəmkir-Samux-Goranboy magistral suvarma kanalından Goranboy rayonunun daha 8000 hektar və Aqroparkın 4700 hektar torpaq sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirakınız, meliorasiya və su təsərrüfatı sahəsinə olan xüsusi diqqətiniz melioratorların məsuliyyətini daha da artırıb.
Gələcəkdə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin son 14 kilometrlik hissəsinin tikintisi və onun əsas su mənbəyi olan Kür çayı üzərindəki nasos stansiyalarının suvermə qabiliyyətinin artırılması ilə Goranboy rayonunun daha 10 min hektara yaxın torpaq sahəsinə suvarma suyunun çatdırılması mümkün olacaqdır.
Hörmətli cənab Prezident, Sizin müvafiq tapşırıqlarınızla Cəbrayıl rayonunun erməni qəsbkarlarının işğalından azad olunmuş Cocuq Mərcanlı kəndinin 400 hektar torpaq sahəsi, ona qonşu ərazidə yerləşən Füzuli rayonunun isə 280 hektar torpaq sahəsi Araz çayından suvarma suyu ilə təmin edilib.
Kür çayından Sabirabad rayonunun 16851 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması və yeni suvarılacaq torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün “H” kanalının və nasos stansiyasının tikintisi tamamlanıb, digər suvarma kanallarında tikinti işləri davam etdirilir. Bu layihənin icrası ilə Biləsuvar rayonunun 1600 hektar yeni torpaq sahələri də suvarma suyu ilə təmin ediləcəkdir. Neftçala rayonunun 12400 hektar əkin sahəsinin su təminatını yaxşılaşdırmaq üçün Neftçala magistral kanalının son 11 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb və hazırda nasos stansiyalarının hidromexaniki avadanlıqlarla təmin edilməsi işləri aparılır. Hacıqabul rayonunda meliorativ tədbirlər davam etdirilməklə 2700 hektar, Yuxarı Mil kanalının tikintisi işləri davam etdirilərək Ağcabədi rayonunda 1900 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin olunacaqdır.
Sizin müvafiq Sərəncamınızla ayrılmış vəsait hesabına cari ildə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsinin 8740 hektar torpaq sahəsini suvarma suyu və əhalini içməli su ilə təmin etmək üçün qazılacaq 300 subartezian quyusunun 175-ində qazma işləri tamamlanıb, qalanlarında isə iş ilin sonuna qədər başa çatdırılacaqdır.
Dünya Bankının krediti ilə respublikanın 5 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilib. Cari ilin sonuna bu işlərin tamamlanması nəzərdə tutulur.
Möhtərəm cənab Prezident, Sizin bilavasitə rəhbərliyinizlə son illər regionlarda mütərəqqi texnologiyalara və suvarma texnikasının tətbiqinə əsaslanan aqroparkların, müasir heyvandarlıq komplekslərinin və iri fermer təsərrüfatlarının yaradılması kənd təsərrüfatının ekstensiv inkişafına nail olunmaqla əhalinin ərzaq məhsulları ilə təmin edilməsində və ixrac potensiallı məhsul istehsalında mühüm əhəmiyyət kəsb edir.
2017-ci ildə Araz çayının 54 kilometr uzunluğunda yeni qolunu torpaq məcrada inşa etməklə Saatlı, Biləsuvar və İmişli rayonlarında 40 min hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma su mənbəyi yaradılıb. Cari ildə həmin kanalı beton üzlüyə almaqla bu rayonların əlavə olaraq 13 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi mümkün olub. Hazırda paylayıcı kanalların tikintisi işlərinə başlanılıb.
Abşeron yarımadasında zeytunçuluğun, badamçılığın və digər kənd təsərrüfatı bitkilərinin inkişafını təmin etmək üçün Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilir. Eyni zamanda, Xəzər və Pirallahı rayonlarının ərazilərində yaradılmış aqroparklara məxsus 4 min hektar sahənin birinci mərhələdə 758 hektarı suvarma suyu ilə təmin edilib, 1226 hektar sahənin su təminatı üçün nasos stansiyalarının, basqılı boru kəmərlərinin və su hovuzlarının tikintisi işlərinə başlanılıb.
Cari ildə “Qax Aqropark”ın 900 hektara yaxın, Şəki və Oğuz rayonları ərazisində yaradılmış aqroparkların qoz-fındıq bağları salınacaq 12 min hektar torpaq sahələrinin suvarma suyu ilə təmin olunması işləri davam etdirilir.
Möhtərəm cənab Prezident, Sizin ölkə ərazisində karxanaların fəaliyyətinin nizamlanması barədə verdiyiniz tapşırıqlarınızdan sonra müvafiq tədbirlərin görülməsi prosesinə başlanılıb. Eyni zamanda, infrastruktur obyektlərinin, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin və yaşayış məntəqələrinin sel və daşqın sularından qorunması üçün çaylarda məcrabərpa və sahil mühafizə tədbirlərinin görülməsinə ehtiyac vardır.
Məlumat üçün bildirmək istəyirəm ki, tapşırığınıza əsasən ölkənin mühüm strateji əhəmiyyətli Samur-Abşeron və Xanarx kanallarının Vəlvələçay, Qudyalçay və Qusarçay çayları ilə kəsişmə qurğularında karxanaların qanunsuz fəaliyyəti nəticəsində yaranmış qəzalı vəziyyətlərin aradan qaldırılması üzrə hazırda təxirəsalınmaz tədbirlər davam etdirilir.
Hörmətli cənab Prezident, ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılması, əkin sahələrinin dövriyyəyə verilməsi, normal suvarmanın təmin edilməsi, xüsusilə pambıqçılığın, taxılçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın və heyvandarlığın inkişafı üçün qarşımızda qoyduğunuz mühüm vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi məqsədilə Səhmdar Cəmiyyəti tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir.
Cəmiyyətin bütün torpaqqazan texnikaları (1640 ədəd) suvarma və kollektor-drenaj şəbəkələri üzərinə köçürülüb, şəbəkələrin təmiri üzrə plan-qrafik tərtib edilib, işlərin icrası ciddi nəzarətə götürülüb.
İstismar tədbirlərinə ayrılmış vəsait hesabına 8200 kilometr suvarma kanalları, 1600 kilometr kollektor-drenaj şəbəkəsi və 2600 ədəd hidrotexniki qurğu təmir edilib.
2018-ci il iyul ayının 2-nə respublikanın su anbarlarında 15 milyard kubmetrdən artıq su yığılıb. Su anbarlarında toplanılmış su ehtiyatları və meliorativ sistemlərdə aparılan təmir-bərpa işləri kənd təsərrüfatı bitkilərinin normal suvarılmasına şərait yaradıb. İyulun 1-nə respublikanın rayonları üzrə 1 milyon 382 min hektar sahədə kənd təsərrüfatı bitkiləri orta hesabla 2 dəfəyə yaxın suvarılıb. Hazırda vegetasiya suvarmaları uğurla davam etdirilir.
Möhtərəm cənab Prezident, Sizi əmin edirik ki, Cəmiyyətin kollektivi qarşıya qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edərək daha səylə çalışacaqdır.
Diqqətinizə görə minnətdaram.
x x x
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İBRAHİMOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas iştirakçıları.
Çıxışımı müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin məşhur kəlamı ilə başlamaq istərdim: “Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur”. Ümummilli Liderin bu müdrik sözləri Azərbaycanın apardığı dövlət siyasətinin strateji xəttinə çevrilib. Ulu Öndərin XX əsrin sonlarında başlatdığı və möhtərəm cənab Prezident, Sizin uğurla davam etdirdiyiniz neft strategiyası ölkəmizin inkişafına güclü təkan verdi. Neftin ixracından əldə edilən gəlir ölkəmizdə bütün sahələrin inkişafı üçün əlverişli şərait yaradıb.
Möhtərəm cənab Prezident, 2015-ci il 11 fevral tarixi Azərbaycanın əlvan metal sənayesi üçün dönüş nöqtəsi oldu. Məhz həmin tarixli Sərəncamınızla əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadənin təmin olunması, habelə bu sahənin beynəlxalq standartlara uyğun, tam şəffaf və müasir şəkildə inkişafı məqsədi ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti təsis edildi. 2016-cı ilin ikinci yarısında Cəmiyyət fəaliyyətə başladı və qısa müddət ərzində korporativ strukturu, maddi-texniki bazanı və işçi heyətini formalaşdırdı.
Zati-aliləri, Sizin müvafiq Sərəncamınıza əsasən, Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələri, Köhnəmədən sahəsi və Kürəkçay hövzəsinə dair iştirak payları “AzerGold” QSC tərəfindən yerli banklardan cəlb edilmiş kredit vəsaiti hesabına alınıb və hazırda bu kredit öhdəliyi Cəmiyyət tərəfindən uğurla təşkil edilmiş qiymətlilərin satışından gələn daxilolmalar hesabına təmin olunur.
Cənab Prezident, dağ-mədən hasilat sahəsinin inkişafı istiqamətində “AzerGold” QSC-nin ilk hədəfi Daşkəsəndə yerləşən Çovdar qızıl mədəninin fəaliyyətinin bərpası, yerli əhalinin işlə təmin olunması və gəlirlərin formalaşdırılması olub.
Bu məqsədlə qısa müddət ərzində müxtəlif təyinatlı təmir-tikinti işləri təşkil edilib, mədənin fəaliyyəti bərpa olunub, optimallaşdırılıb, istehsalat 24 saatlıq iş rejiminə keçirilib, işçilərin iş şəraiti təkmilləşdirilib, aktiv hasilat işlərinə başlanılıb və bu işlər bu gün də uğurla davam etdirilməkdədir. Hasilatın bərpası qiymətli metalların ixracını aktuallaşdırdı. Dünya metal birja bazarlarının tələblərini nəzərə alaraq, qiymətli metalların beynəlxalq standartlara uyğun saflaşdırılması üçün saflaşdırma şirkətləri hasilatçılar qarşısında texnoloji, ətraf mühit, şəffaflıq və digər parametrlər üzrə çox mürəkkəb şərtlər qoyur. Qürurla deyə bilərik ki, “AzerGold” QSC çoxsaylı audit və yoxlama prosedurlarını uğurla keçərək bir sıra beynəlxalq saflaşdırma şirkətləri tərəfindən müsbət rəy alıb, daha əlverişli kommersiya şərtləri təklif edən İsveçrənin dünyaca məşhur “Argor-Heraeus” şirkəti ilə 2017-ci ilin aprel ayında müqavilə imzalayıb və Çovdar qızıl mədənində hasil edilən qızıl və gümüşün ixracını həyata keçirməyə başlayıb.
2017-ci ilin aprel-dekabr ayları ərzində 60,3 min unsiya qızıl, 86,4 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 131,5 milyon manat, 2018-ci ilin birinci yarısında 20,7 min unsiya qızıl, 28,2 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 47,9 milyon manat, ümumilikdə isə 81,1 min unsiya qızılın, 114,6 min unsiya gümüşün satışı nəticəsində 178 milyon manatdan çox gəlir əldə edilib. Qazanılan yüksək göstəricilər 2017-ci ildə “AzerGold” QSC-ni qeyri-neft sektorunun sənaye məhsullarının ixracında lider mövqelərə yüksəltdi. Bu gəlirlərin hesabına Cəmiyyət dövlət büdcəsindən vəsait cəlb etmədən müxtəlif təyinatlı kapital və cari xərclərin qarşılanmasını təmin edib, habelə üzərində olan bank borcunun ödəmə planını üstələməklə, ciddi azaldılmasına nail olub. Bundan əlavə, əldə edilən gəlir hesabına yeni sahələrin inkişafına yönələn ilkin investisiya qoyuluşları da həyata keçirilib.
Zati-aliləri, Çovdar yatağında icra edilən və 2021-ci ildə başa çatacaq yerüstü filiz qatının istismarı dövründə ümumilikdə hasil ediləcək daha 129 min unsiya qızılın və 202 min unsiya gümüşün satışı nəticəsində ölkə iqtisadiyyatına 300 milyon manata yaxın məbləğdə gəlirin olması planlaşdırılır.
Qiymətlilərin beynəlxalq bazarda satışı ilə yanaşı, yerli bazarda da Azərbaycanın qızıl və gümüşünün satışının həyata keçirilməsi və ixracdan asılılığının azaldılması üçün Cəmiyyət tərəfindən səylər göstərilməkdədir. Bu ildən etibarən Azərbaycan Respublikasının Dövlət Neft Fondu Cəmiyyətin hasil etdiyi qızılı alacaq və ölkənin qızıl ehtiyat fondu həm də Azərbaycan qızılı hesabına formalaşacaq.
2021-ci ildə hasilata başlanması nəzərdə tutulan Çovdar yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədi beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanır. İlkin hesablamalara əsasən, layihənin 6 illik istismarı çərçivəsində 400 milyon manatdan artıq gəlirin əldə edilməsi nəzərdə tutulub. Əlavə olaraq, yatağın ehtiyatlarının artırılması istiqamətində sahənin yaxın və uzaq ərazilərində fəal kəşfiyyat və tədqiqat işləri aparılır.
Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır. Hesabatın cari ilin sonuna hazır olması və növbəti addım kimi metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması, sosial və ətraf mühitə təsirin qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması təşkil ediləcəkdir. Filizçay yatağının ən azı 12 illik istismarı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə üç milyard manata yaxın vəsaitin daxil olması və 2000-dən artıq iş yerinin açılması gözlənilir. Bundan başqa, Balakən rayonu ərazisində yerləşən Mazımçay yatağında ehtiyatların təsdiqi məqsədi ilə buruq-qazma işləri aparılır.
Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd sahəsində ən müasir avadanlıqların cəlb edilməsi ilə kompleks geofiziki tədqiqatlar nəticəsində mis, qızıl və digər əlvan metallar üzrə ilkin müsbət təzahürlər qeydə alınıb. Buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması işlərinə başlanılıb.
Möhtərəm cənab Prezident, ölkə ərazisində yeni yataqların müəyyən edilməsi məqsədilə kəşfiyyat işləri aparılır. Belə ki, bu işlərin nəticəsində Göygöl inzibati rayonunda yerləşən Ağyoxuş perspektivli qızıl filizi sahəsi müəyyən edilib, aparılmış geofiziki işlər müsbət nəticə verib və 2018-ci ilin sonunadək buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması planlaşdırılıb. Eyni zamanda, Tülallar perspektivli qızıl filizi yatağının mövcud ehtiyatlarının təsdiq edilməsi və növbəti addım olaraq tədqiqat işlərinin başlanması məqsədilə yataq üzrə ilkin fəaliyyət planı tərtib edilib.
Nəzərdə tutulan işlərin davamlılığını və vaxtında həyata keçirilməsini təmin etmək üçün maliyyələşmə mənbələri, o cümlədən potensial investorlar və strateji partnyorlarla əməkdaşlıq perspektivləri nəzərdən keçirilir.
Cənab Prezident, tapşırığınıza əsasən, “AzerGold” QSC Azərbaycan ərazisində mövcud perspektivli əlvan metal yataqlarının işlənilməsində və istismara verilməsində kompleks yanaşma tətbiq edir. Bu məqsədlə ölkənin əlvan metal hasilatına dair Yol Xəritəsi sənədinin hazırlanmasına başlanılıb. Sənəd sovet hakimiyyəti dövründən arxivlərdə mövcud məlumatların müasir standartlara uyğunlaşdırılmasını, o cümlədən rəqəmsal formata salınmasını, mineral ehtiyatların beynəlxalq normalar əsasında yenidən hesablanmasını, mədənlər üçün istismar mərhələləri üzrə fəaliyyət planının hazırlanmasını əhatə edəcəkdir. Rəqəmsallaşdırma yataqların iqtisadi və ekoloji cəhətdən daha dayanıqlı və səmərəli idarəçiliyinə töhfə verəcək.
Yuxarıda adıçəkilən işlərin icrası məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət qurumları ilə əməkdaşlıq edilir.
Cənab Prezident, hazırda Cəmiyyətin fəaliyyətinin təşkili üçün 600-dən çox iş yeri yaradılıb. Bunlardan 286-sı daimi iş yeridir. İşçilərin yerli və xarici təlimlərdə iştirakı təmin edilir. Hazırda tədqiqat mərhələsində olan yeni layihələrin icrası və istismara verilməsi əlavə çoxsaylı yeni iş yerlərinin yaradılmasına səbəb olacaq.
Cənab Prezident, Sizin göstərişinizə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində əlvan metalların qeyri-qanuni hasilatı ilə bağlı erməni və xarici şirkətlərin fəaliyyətinə hüquqi qiymətin verilməsi prosesinə başlanılıb.
Möhtərəm Prezident, Azərbaycan zəngin ölkədir və ölkəmizdə Yerin təkində olan metalların ümumi dəyəri ilkin hesablamalara əsasən 150 milyard manatdan artıq təşkil edir. Biz inanırıq ki, Sizin rəhbərliyiniz ilə bu sərvətlərdən səmərəli istifadə insan kapitalının daha da inkişaf etdirilməsi, milli iqtisadiyyatın güclənməsi və xalqın rifahının yaxşılaşmasına xidmət edəcək.
Zati-aliləri, məhz Sizin qayğınız və diqqətiniz sayəsində fəaliyyət göstərdiyimiz qısa dövr ərzində bu uğurları qazanmağa nail ola bildik. Sizin apardığınız xarici və daxili siyasət, iqtisadi islahatlar ictimai-siyasi və sosial-iqtisadi sabitliyi təmin edir, Azərbaycanda fəaliyyət göstərən hər bir müəssisə kimi bizim də fəaliyyətimiz üçün əlverişli şərait yaradır.
Diqqətinizə görə təşəkkür edirəm.
x x x
Dövlətimizin başçısı iclasda yekun nitqi söylədi.
Prezident İlham Əliyevin yekunnitqi
- Ötən altı ayın göstəriciləri deməyə əsas verir ki, biz 2018-ci ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrə uğurla nail olacağıq. Bundan sonrakı illərdə Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf etməlidir. Bunu təmin etmək üçün, əlbəttə ki, islahatlar daha da dərinləşməlidir.
Son illər ərzində apardığımız islahatlar öz gözəl bəhrəsini vermişdir. Əgər biz bu islahatları aparmasaydıq, bu qədər böyük iqtisadi uğurlara çata bilməzdik. Ancaq hesab edirəm ki, indiki dövrdə biz bu islahatları daha da dərinləşdirməliyik. Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin.
İqtisadi və maliyyə sektorlarında maksimum şəffaflıq təmin edilməlidir. Bu şəffaflıq imkan verəcək ki, Azərbaycan iqtisadiyyatı daha inamla inkişaf etsin, qeyri-neft sektorumuza xarici sərmayə daha böyük həcmlə qoyulsun. Çünki bu sektora xarici sərmayənin lazımi səviyyədə olmamasının əsas səbəbi qeyri-şəffaf vəziyyətdir. Eyni zamanda, qanunvericilikdə də əlavə tədbirlər görülməlidir, baxmayaraq ki, bizim qanunvericiliyimiz xarici sərmayənin cəlb edilməsi üçün çox əlverişlidir. Əgər belə olmasaydı, ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulmazdı. Ancaq müasir dövrün tələbləri diktə edir ki, islahatlar daha da dərinləşsin və şəffaflıq tam təmin edilsin.
Deyə bilərəm ki, son vaxtlar vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir. Bu sahələr bir-birinə bağlı olan sahələrdir və əlbəttə ki, islahatlar hər iki sahədə paralel olaraq aparılmalıdır və aparılır. Əminəm ki, görülmüş işlər nəticəsində yaxın gələcəkdə biz daha da böyük nəticələri görəcəyik. Vergi və gömrük orqanları dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə qalxmalıdır. Yəni, sadə dillə desək, vəzifə bundan ibarətdir.
Əlbəttə ki, kadr dəyişikliyi aparılmalıdır və aparılır. Əminəm ki, bu, öz bəhrəsini verəcək. Qabaqcıl ölkələrin təcrübəsi Azərbaycanda tətbiq edilməlidir. Bütün dövlət qurumları, eyni zamanda, sahibkarlar da bilməlidirlər ki, vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, bərabər şərait yaradılıbdır, qeyri-sağlam rəqabətə son qoyulur. Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq. Əsas şərtlər bundan ibarətdir.
Sahibkarlar da öz tərəfindən bu işlərdə məsuliyyətlərini göstərməlidirlər. Vergidənyayınma hallarına son qoyulmalıdır. Bu, kiçik və böyük sahibkarlara aiddir. Hamı qanun qarşısında bərabər olmalıdır. Vergi və gömrük orqanlarının rəhbərliyi qarşısında mənim tapşırıqlarım bundan ibarətdir. Heç kimin heç bir güzəşti yoxdur, ola da bilməz. Hər bir sahibkar vergisini tam ödəməlidir və vergidən başqa heç bir başqa ödəniş olmamalıdır. Mən bunu həm dövlət orqanlarına, həm də sahibkarlara deyirəm. Əgər belə hallar olarsa dərhal birbaşa Prezident Administrasiyasına və aidiyyəti qurumlara məlumat göndərilməlidir. Çünki biz bu sahədə tam sağlamlaşdırma siyasətimizi davam etdirib başa çatdırmalıyıq.
Sosial təminat sahəsində də ciddi islahatlar aparılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi qarşısında belə vəzifələr qoyulub. Bu sahədə buraxılmış səhvlər, pozuntular tam aradan qaldırılmalıdır. Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir. Dövlət bu sahəyə çox böyük diqqət göstərir və mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş. Məhz buna görə biz ünvanlı sosial yardım sisteminə keçmişik. Məhz buna görə yüz minlərlə ailə dövlətdən bu təminatı alır. Ancaq bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardımı alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır.
Bununla bərabər, sosial sahənin şəffaflaşdırılması və beynəlxalq təcrübə əsasında fəaliyyət göstərməsi bizim iqtisadi inkişafımıza da böyük təkan verəcək. Çünki qeyri-formal məşğulluq Azərbaycanda kütləvi xarakter daşıyır. İndi hökumət bu məsələ ilə ciddi məşğul olur, nazirlik də məşğul olur və biz buna son qoymalıyıq. Buna son qoymaq üçün mexanizmlər var, işlənilir və hesab edirəm ki, yaxın gələcəkdə böyük irəliləyiş olacaqdır. Biz qeyri-formal məşğulluqla bağlı çox ciddi addımlar atırıq və atacağıq. Əgər biz bu vəziyyətdən çıxa bilsək, bu, ölkə iqtisadiyyatına da böyük dəstək olacaq. Onu da qeyd etməliyəm ki, qeyri-formal məşğulluq, demək olar, bütün ölkələrdə var və mövcuddur. Baxır ki, ölkələr, hökumətlər bu vəziyyətlə necə mübarizə aparırlar. Azərbaycan qeyri-formal məşğulluğa qarşı çox ciddi tədbirlər görən bir ölkə olmalıdır. Əlbəttə ki, bunun həm inzibati, həm də institusional elementləri var və biz hər ikisindən istifadə etməliyik.
Sosial cəhətdən az təmin edilmiş vətəndaşlara dövlət həmişə öz dəstəyini göstərəcək. Bizim siyasətimiz bundan ibarətdir və vətəndaşlar narahat olmasınlar. Dövlət həmişə onların arxasında olacaq. Amma əsas vəzifə ondan ibarətdir ki, bu yardım ədalətli bölünsün. Doğrudan da bu yardıma ehtiyacı olan bu yardımı alsın. İmkanlı adamlar, yaxud da ki, sosial yardıma ehtiyacı olmayanlar bu yardımdan məhrum edilməlidir. Onlar özləri, ilk növbədə, bundan imtina etməlidirlər. Bu, onların sosial məsuliyyətinin yüksək səviyyədə olmasını göstərə bilər.
Əlbəttə ki, ağır vəziyyətdə yaşayan, hələ də işsiz olan vətəndaşlar üçün biz yeni şərait yaratmalıyıq. Azərbaycanda iş yerlərinin yaradılması prosesi daim aparılmalıdır. Mən giriş sözümdə dedim ki, 58 min yeni daimi iş yeri açılmışdır. Ancaq, eyni zamanda, 20 mindən çox iş yeri bağlanmışdır. Əgər bu rəqəmlərə baxsaq görərik ki, yenə də dinamika müsbətdir. Ancaq bağlanmış iş yerlərinin təhlili aparılmalıdır. Hansı səbəblərə görə bu iş yerləri bağlanıb və o iş yerlərini itirən vətəndaşlar hansı işlərlə təmin olunub və olunubmu, yoxsa yox?
Bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var. Bu proqram həm iqtisadi inkişafımıza təkan verəcək, xüsusilə regionlarda həm məşğulluq probleminin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşlarımızı ələbaxımlıq vərdişindən çəkindirəcək. Özünüməşğulluq proqramını icra etmək üçün indi kifayət qədər vəsait var. Hesab edirəm ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar, ailələrini saxlayacaqlar və ölkə iqtisadiyyatına töhfələrini verəcəklər.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Bu xoşagəlməz hallara son qoyulmalıdır. Son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz. Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər.
Korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq. Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün. Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək. Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir. Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır. Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə göstəriş verilib, indi islahatlar aparılır və bütün dövlət qurumlarının rəhbərləri bunu bilsinlər və mənim tapşırıqlarıma əməl etsinlər.
Narahatlıq doğuran sahələrdən biri də inşaat sektorudur. Son illərdə bu sahədə böyük işlər görülüb. Azərbaycanın demək olar ki, bütün şəhərləri tikinti meydançasına çevrilibdir. Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən qoyulan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan vermişdir. Azərbaycanda inşaat materiallarının istehsalı ildən-ilə artır. Deyə bilərəm ki, biz bu gün özümüzü əsas inşaat materialları ilə təmin edə bilirik. İlk növbədə, ona görə ki, daxildə buna tələbat var. Çünki biz çox az miqdarda inşaat materiallarını xaricə satırıq. Qarşıya vəzifə qoyulmuşdur ki, idxaldan asılılığımızı azaldaq və daxili bazarı yerli inşaat materialları ilə təmin edək. Yəni, inşaat sektorunun inkişafı ümumi iqtisadi inkişafa təkan verir, məşğulluğu artırır. İki-üç il ərzində inşaat sektorunda müəyyən böhran yaranmışdır və bu, əmək bazarına da dərhal öz mənfi təsirini göstərmişdir. Bu məsələlər bir-biri ilə sıx bağlı olan məsələlərdir. Bir daha demək istəyirəm ki, bu sahədə görülən işlər müsbətdir. Ancaq, eyni zamanda, biz nəyi görürük? Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır.
Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk.
Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu təkcə biz demirik. Bunu demək olar ki, Bakıya gələn bütün qərəzsiz xarici qonaqlar deyir. Sözün əsl mənasında Bakı parlayan bir ulduzdur. Ancaq, eyni zamanda, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox.
Biz paytaxtımızı parklar, bağlar, ictimai zonalar şəhərinə çevirmişik. İndi yadınıza salın, əvvəlki dövrlərdə qanunsuz tikilmiş, bir-birinin içinə girmiş binalar həm orada yaşayanlara, həm də şəhər əhalisinə nə qədər əziyyət verirdi. İndi biz təmizlənmiş və sakinləri köçürülmüş yerlərdə ictimai zonalar yaradırıq, orada binalar tikilmir. Bulvar 3 kilometrdən 16 kilometrə uzadılıb, böyük bir ictimai zonadır. Böyük parklar salınıb. Heydər Əliyev Sarayının arxasında gözəl park yaradılıb. Biz oradan vətəndaşları köçürəndə bəziləri deyirdilər, köçürürlər ki, binalar tikilsin. Gözəl bir parkdır. Azərbaycan Dram Teatrının arxasındakı “Sovetski” adlandırılan ərazidəki biabırçı mənzərə aradan götürülür. Yenə də deyirdilər ki, orada binalar tikilir. İndi orada yol qovşaqları tikilir, yol hərəkətinə nəfəs verilir, parklar salınır. Onlarla, yüzlərlə belə işlər indi göz qabağındadır. Vaxtilə bəzi cinayətkarlar tərəfindən qanunsuz zəbt edilmiş yerlərdə indi parklar yaradılır. Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində vaxtilə böyük bir ərazi zəbt edilmişdi, istifadəsiz qalırdı. İndi orada böyük parklar salırıq ki, insanlar gəlib dincəlsinlər, istirahət etsinlər. Heydər Əliyev Mərkəzinin qarşısında böyük ictimai zona yaradılıb. Vaxtilə orada işləməyən, dağılmış vəziyyətdə olan zavod yerləşirdi. Yəni, biz bunu edirik. Ancaq götürüb ictimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək. Bir daha demək istəyirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan heç bir bina tikilə bilməz.
Son illərdə şəhər nəqliyyatı ilə bağlı böyük işlər görülüb. Yeni, çox komfortlu avtobuslar gətirilib və yeni avtobusların gətirilməsi nəzərdə tutulur. Bakı Nəqliyyat Agentliyi yaradılıb və bu sahədə pərakəndəliyi aradan qaldırmaq üçün struktur islahatları aparılıbdır. Bu gün Bakı Nəqliyyat Agentliyi şəhərin nəqliyyat sisteminə cavabdehlik daşıyan yeganə qurumdur. Bu agentliklə sıx əlaqədə işləyən bütün digər dövlət qurumları ona kömək göstərməlidir. Çünki bu sahədə də bir çox pozuntulara yol verilmişdir. İndi dövlət vəsaiti hesabına parkinqlər tikilib, amma bu parkinqlər boşdur. Parkinqlərin yanında maşınlar qanunsuz dayanıb və heç kim də onlara demir ki, sən maşını niyə burada - parkinqlə üzbəüz saxlayırsan? Nədir ki parkinqə gedib maşını saxlamaq ya əziyyətdir, ya da ki, pul vermək istəmir. Bəlkə də qanunsuz olaraq az pul verib maşını burada saxlayır. Belə olan halda biz şəhər nəqliyyatını necə tənzimləyək?! Dayanacağın yerində binalar tikirlər. Məndə o şəkillər var. Mən müşavirə keçirmişdim, çox ciddi tapşırıq vermişdim və ciddi iradlar bildirmişdim. Rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır və demək olar ki, şəhər nəqliyyatını iflic vəziyyətə salırlar. O səhvləri buraxan məmurlar işdən qovulub. Ancaq mən deyirəm ki, şəhər nəqliyyatı hamımız üçün rahat bir nəqliyyat olmalıdır. Şəhərsalma qaydaları elə qoyulmalıdır ki, şəhər nəqliyyatına əngəl törətməsin, əksinə, buna kömək göstərsin. Azərbaycanın əhalisi artır, Bakı böyüyür. Qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz müstəqillik dövründə 7 milyondan 10 milyona çatıb. Bu artım müqabilində biz gələcəkdə necə hərəkət edəcəyik? Biz insanların saatlarla tıxaclarda əziyyət çəkdikləri böyük meqapolislərin vəziyyətinə düşmək istəmirik. Biz burada yeni damarlar, yeni yollar açırıq. Amma hansısa yaramaz bir məmur pul naminə o yeri satır, orada da qanunsuz bina tikirlər. Sonra da dövlət həmin binanın sökülməsi üçün böyük vəsait, kompensasiya verməlidir ki, qanunsuz tikən oradan çıxsın və yol açılsın. Ona görə çox ciddi tapşırıq verirəm, dövlət orqanları nəticə çıxarsınlar.
Əlbəttə ki, iqtisadi islahatları dərinləşdirmək üçün biz sahibkarlardan böyük fəaliyyət gözləyirik. Dövlət sahibkarlığın inkişafına böyük dəstək verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər verilmişdir. Ancaq bu kreditlər hesabına ölkəmizdə 163 min yeni iş yeri yaradılmışdır. Bu il də 170 milyon manat güzəştli şərtlərlə kreditlərin verilməsi nəzərdə tutulur. Onun böyük hissəsi artıq altı ayda verilib. Qalan hissə də veriləcəkdir. Eyni zamanda, sahibkarlara metodiki tövsiyələr, məsləhətlər verilir. Biz xaricdə ticarət evlərinin açılması ilə sahibkarlara şərait yaradırıq ki, onlar öz ixrac imkanlarını genişləndirsinlər. Deyə bilərəm ki, bu gün Azərbaycan dövləti qeyri-neft məhsullarının ixracının artırılmasına sahibkarlardan daha çox çalışır. Sahibkarlar bir qədər passivdirlər. Elə bil maraqlı deyillər ki, xarici bazarlara çıxsınlar. Ona görə, dövlət bütün bu işləri öz üzərinə götürüb. Mənim tapşırığımla bir çox sərgilər, təqdimatlar keçirilir, ticarət evləri açılır. Bu proses çox geniş vüsət alacaq. İndi bir neçə ticarət evi açılıb. Məncə, Azərbaycanın xaricdə onlarla ticarət evi açılmalıdır. Sahibkarlar da bu işlərdə fəal iştirak etsinlər, xüsusilə, ixracla bağlı öz səylərini artırsınlar.
İnfrastruktur layihələri ilə bağlı dövlət investisiya proqramında nəzərdə tutulmuş bütün vəzifələr ilin sonuna qədər icra edilməlidir. Mən elektrik enerjisi ilə bağlı vəziyyət haqqında danışmaq istərdim. Bildiyiniz kimi, bu sahəyə son illərdə çox böyük diqqət göstərilmişdir. Son 15 il ərzində 2500 meqavat gücündə yeni generasiya gücləri yaradılmışdır. Əgər bu generasiya gücləri yaradılmasaydı biz bir neçə gün bundan əvvəl baş vermiş qəzadan belə çıxa bilməzdik. Daha çox vaxt aparacaqdı. Demək olar ki, 2003-cü ildə bizim enerji təsərrüfatımız tam köhnəlmişdi. Ancaq yeni elektrik stansiyalarının yaradılması və mövcud stansiyaların təmiri ilə bağlı atılan addımlar imkan verdi ki, biz enerji çatışmazlığını aradan götürdük. Çünki biz o vaxt xaricdən elektrik enerjisi alırdıq. Çox böyük investisiyalar qoyuldu, bir çox müasir stansiyalar tikildi. Mövcud stansiyalar, o cümlədən Mingəçevir İstilik Elektrik Stansiyasında bəzi təmir işlər aparılmışdır. Ancaq buna baxmayaraq, baş vermiş qəza, əlbəttə, onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var. Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir. Qəza ola bilər, qəzanın müxtəlif səbəbləri ola bilər. Hətta ən inkişaf etmiş ölkələrdə, şəhərlərdə belə qəzalar baş verir, böyük fəsadlara, insan itkisinə gətirib çıxarır. Biz bunu yaxın tarixdən bilirik. Onlarla insan belə hadisələrdə həlak olur. Ancaq bir lokal qəza ümumi sistemin çökməsinə gətirib çıxarmamalıdır. Bunun heç cür izahatı ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm. Bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək. Eyni zamanda, Mingəçevirə ekspertlər qrupu ezam edilmişdir. Onlar da öz sözünü deyəcəklər. Biz qəzanın səbəblərini əlbəttə ki, tam dəqiqliyi ilə bilməliyik. Nə üçün bu qəza bütün enerji sistemimizi belə vəziyyətə qoyub?! Biz bunun cavabını alacağıq. Ancaq ilkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, - mən, əlbəttə, komissiyanın rəyini qabaqlamaq, məhz buna görə bu məsələ ilə bağlı öz fikrimi bildirmək istəmirəm, - hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb. Bütün işlərdə biz ədalətli olmalıyıq. Kimisə cəzalandıranda, kiməsə təşəkkür edəndə ədalət, dəqiq informasiya, təhlil olmalıdır. Ancaq əlbəttə ki, bu qəza çox ciddi bir siqnaldır. Hazırda enerji sistemimizdə struktur islahatları ilə bağlı işlər aparılır. Belə göstəriş verilibdir. Bütün enerji təsərrüfatımızın təftişi məsələsi öz həllini tapır. Komissiyada bu məsələ müzakirə ediləcək, mənə təkliflər veriləcək. Biz Azərbaycanın enerji sistemini ən müasir əsaslarla idarə etməliyik. Kifayət qədər enerji generasiya gücümüz var. Yarımstansiyalar tikilib və yenə də tikiləcək. Artıq göstəriş verilib, həm Bakıda, həm bölgələrdə bu il və gələn il yeni yarımstansiyaların tikintisi təmin ediləcək. Vaxtilə, sovet dönəmində tikilmiş enerji təsərrüfatının müasirləşdirilməsi üçün əlavə vəsait ayrılır. Biz vəsaiti ayırırıq, amma əsas məsələ ondadır ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin və elə bir sistem qurulsun ki, enerji dayanıqlılığı təmin olunsun.
Digər infrastruktur layihələrinə gəldikdə, deyə bilərəm ki, ilin əvvəlində qarşıya vəzifə qoymuşduq ki, qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatacaq, biz buna nail olacağıq. İçməli su layihələrinin icrası, avtomobil yollarının tikintisi davam edir. Bu il plana görə 2 min kilometr yeni avtomobil yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin edilməlidir. Deyə bilərəm ki, yol infrastrukturunun səviyyəsinə görə Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan dünyada 36-cı yerdədir. Yəni, bunu deyirəm ki, ictimaiyyət də bilsin, bu sahəyə böyük investisiyalar qoyulub və qoyulacaqdır.
Suvarma ilə bağlı qarşımıza qoyduğumuz rəqəm hesab edirəm ki, təmin olunacaq, 100 min hektar yeni torpaqlara su veriləcək və 300 subartezian quyusunun qazılması nəzərdə tutulur. Burada artıq deyildi ki, onlardan 175-i qazılıb istifadəyə verilib.
Sosial infrastrukturla bağlı bütün işlər plan üzrə gedir. Bu il 137 modul tipli məktəb tikilib istifadəyə verilməlidir. Bakı şəhərində 12 məktəb əsaslı təmir edilməlidir. Altı xəstəxana istifadəyə verilməlidir. Onlardan biri Naftalan şəhərində mənim iştirakımla açıldı və beş şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Goranboy şəhərlərində xəstəxanalar bu ilin sonuna qədər, ya da uzaqbaşı gələn ilin əvvəlində istifadəyə veriləcək.
Bu il iki Olimpiya İdman Mərkəzi açılmalıdır, ikisində isə tikinti işləri gedir. Dörd min məcburi köçkün ailəsi yeni evlərlə təmin edilməlidir. Artıq Qobuda özəl sektor tərəfindən mindən çox ailə üçün böyük şəhərcik açıldı, mən də orada iştirak etmişəm.
İnvestisiya təşviqi mexanizmi işə düşüb, bunun çox böyük əhəmiyyəti var. Təsəvvür edin, əgər biz bu sistemi tətbiq etməsəydik 2,5 milyard manat sərmayəni özəl sektor qeyri-neft sektoruna qoymazdı. Məhz investisiya təşviqi sənədinin işə düşməsi nəticəsində 2,5 milyard manat dəyərində olan layihələr indi icra edilir. Bu, vaxtında atılmış addım idi, öz səmərəsini verir. Gələcəkdə bu sistem öz səmərəliliyini göstərəcəkdir.
Sənayenin inkişafı ilə bağlı yaxın gələcəkdə iki böyük zavod işə düşəcək. Hər iki zavod Sumqayıtda yerləşir - polimer zavodu və azot gübrələri zavodu. Bu zavodlar həm daxili bazarı tam təmin edəcək, idxaldan asılılıq aradan qaldırılacaq və böyük ixrac imkanımız yaranacaqdır. Bu zavodların işə düşməsi deyə bilərəm ki, müstəqillik dövründə sənaye sahəsində çox önəmli hadisələr olacaqdır.
Sənaye parklarında rezidentlərin sayı 50-yə yaxınlaşır. Sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara yaxşı güzəştli şərtlər yaratmasaydıq indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. Bax, investisiya təşviqi sənədi 2,5 milyard manat sərmayə gətirir, sənaye parklarına isə 3,6 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Ondan 2,6 milyard dolları artıq qoyulub. Əlbəttə ki, Azərbaycanda avtomobil istehsalı başlayıb. Neftçalada ildə 10 min minik avtomobili istehsal ediləcək. Biz Gəncə avtomobil zavodunda 10 mininci traktorun istifadəyə verilməsini qeyd etmişik. Yəni, əminəm ki, sənaye parklarının fəaliyyəti uğurlu olacaq. İndi bir neçə şəhərdə parklar yaradılır. Təkliflər verilməlidir ki, gələn il biz bu siyasəti hansı şəhərlərdə davam etdirə bilərik.
Kənd təsərrüfatı ilə bağlı qarşıda duran əsas vəzifələr bu sahədə ən müasir standartları tətbiq etməkdir. Son illərdə kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilmişdir. Demək olar ki, biz texnika parkımızı tamamilə yeniləmişik. Kənd təsərrüfatı texnikasının alınması bundan sonra da davam etdiriləcək, ancaq onun əsas hissəsi həll olunub. Özü də qeyd etməliyəm ki, dünyanın aparıcı şirkətlərinin texnikası bu gün bizim tarlalarımızda fəaliyyət göstərir və fermerlər də bu texnikadan çox razıdırlar. Bu məqsədlə böyük vəsait nəzərdə tutulur. Burada qeyd olundu, təkcə bu il 160 milyon manat dəyərində 5 mindən çox texnika alınacaq. Keçən il 10 min texnika alınmışdır. Ancaq bu sahədə bundan sonra şəffaflıq tam təmin edilməlidir. Kənd Təsərrüfatı Nazirliyi qarşısında bu vəzifə qoyulub. Bizim texnika parkımız tam təftiş edilməlidir. Yeni alınacaq texnika ilə bağlı çox dəqiq təkliflər verilməlidir. O texnika bizim kənd təsərrüfatının ümumi inkişaf dinamikasına uyğun olmalıdır və prioritetləri də özündə əks etdirməlidir.
Bir daha demək istəyirəm ki, kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir. Bəzilərində belə təsəvvür var ki, kənd təsərrüfatı, necə deyərlər, elə ənənəvi qayda ilə inkişaf edə bilər. Bu, qətiyyən belə deyil. Bu gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı bir neçə dəfə artırır. Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. Elə müasir suvarma sistemləri var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı sistemini nəhayət ki, tətbiq etməliyik. Baxmayaraq ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz tapşırıqlarımı vermişdim, elektron kənd təsərrüfatı sistemi Azərbaycanda istədiyimiz formada, lazım olan formada mövcud deyil. Problemlər də məhz bundan qaynaqlanır. Ona görə, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Bu istiqamətdə artıq işlər görülür. Biz hər bir qarış torpaqdan səmərəli istifadə etməliyik. Mən dəfələrlə demişəm, kənd təsərrüfatı Azərbaycanda müəyyən dövrdən sonra ancaq intensiv yollarla inkişaf edə bilər. Biz hazırda böyük meliorasiya tədbirlərini görürük ki, suvarılmayan daha böyük torpaqlara su gətirək. Biz buna nail olacağıq. Ancaq bizim torpaq, yəni, ərazi imkanlarımız o qədər də geniş deyil. Ona görə, ancaq səmərəli kənd təsərrüfatının inkişafı və yeni texnologiyaların tətbiqi nəticəsində biz istədiyimizə nail ola bilərik.
Aqroparkların yaradılması ilə bağlı burada məruzədə məlumat verildi. Qeyd etməliyəm ki, doğrudan da böyük fermer təsərrüfatlarının qurulması bu sahədə dönüş yaratdı. Bu yaxınlarda mənə aqroparkların fəaliyyəti ilə bağlı geniş məruzə edildi. Dörd aqropark fəaliyyətdədir. Dördündə də mən açılışda olmuşam. On dörd aqropark isə bu ilin sonuna qədər istifadəyə veriləcək. Bitkiçiliklə məşğul olan bu aqroparklarda məhsuldarlıq ən yüksək səviyyədədir - taxılçılıqda minimum 50 sentnerdir. Orta göstərici isə, - bu gün hələ biçin gedir, - hələlik 30 sentnerdir. Bu da əvvəlki dövrə nisbətən məqbul rəqəmdir. Ancaq Azərbaycanda orta məhsuldarlıq da ən yüksək səviyyədə olmalıdır.
Dövlət aqroparkların yaradılmasına çox böyük dəstək göstərir. Dövlət ancaq infrastruktur layihələrinə 200 milyon manatdan çox investisiya qoyub, sahibkarlara 100 milyon manatdan çox güzəştli şərtlərlə kreditlər verib. Ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Bu aqroparklara təqribən 1-1,5 milyard manat sərmayə qoyulacaq.
Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Agentliyin qarşısında çox ciddi vəzifələr qoyuldu. Qida təhlükəsizliyi bu gün çox önəmli sahədir. Həm Azərbaycana gətirilən ərzaq məhsulları standartlara tam uyğun olmalıdır, eyni zamanda, Azərbaycanda istehsal edilən məhsullar beynəlxalq standartlara uyğun olmalıdır. İxrac edəcəyimiz məhsullar da elə səviyyədə olmalıdır ki, ixracla bağlı problem olmasın. Bunun üçün Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti çox yüksək səviyyədə təşkil edilməlidir. İndi bu işlər gedir. Laborator tədqiqatlar, torpaqların təhlili, münbitliyi – bu işlər çox böyük dəqiqliklə aparılmalıdır və fermerlərə tövsiyə verilməlidir ki, hansı torpaqda hansı məhsul əkilərsə bunun daha çox səmərəsi olacaqdır.
Bildiyiniz kimi, turizm sektorunun inkişafı prioritetlər sırasındadır. Mənim qərarımla Dövlət Turizm Agentliyi yaradıldı. Məhz o məqsədlə ki, bu sahəyə daha böyük dövlət dəstəyi göstərilsin. Son illərdə turistlərin sayının artması çox müsbət haldır. Deyə bilərəm ki, turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 6 ayında isə 10 faiz artdı. Mən bunu demişəm, bir daha demək istəyirəm ki, turizm ixrac sahəsidir. Çünki bu, ölkəmizə valyuta gətirir. Bu ilin 6 ayında xarici vətəndaşlar Azərbaycanda ancaq bank kartları ilə 513 milyon manat pul xərcləmişlər. Bu, ancaq bank kartları ilə xərclənən pullardır və keçən illə müqayisədə 21 faiz çoxdur. Bu pullar xidmət sektoruna, iş yerlərinin yaradılmasına, ictimai obyektlərin fəaliyyətinə, ölkəmizin iqtisadiyyatına gedir və bizim makroiqtisadi sabitliyimizə müsbət təsir göstərir.
Bu il üç “ASAN xidmət” mərkəzinin açılışı nəzərdə tutulur. Onlardan biri - Mingəçevir “ASAN xidmət” mərkəzi mənim iştirakımla açıldı. İmişli və Şəki şəhərlərində bu il iki mərkəz istifadəyə veriləcək. Beş rayonda yeni mərkəzlərin tikintisi haqqında göstərişlər verilmişdir.
Görülmüş işlər arasında böyük əhəmiyyət daşıyan dəmir yolu layihələridir. Keçən il Bakı–Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə biz demək olar ki, Şərq-Qərb dəhlizini işə saldıq. Ələt limanının fəaliyyətə başlaması demək olar ki, bu zənciri belə tamamladı. İndi biz digər layihələr üzərində işləyirik. Bakı-Yalama dəmir yolunun modernləşdirilməsi layihəsi icra edilir. Gələn ildən başlayaraq biz Bakı-Astara yolunun modernləşməsinə də başlamalıyıq. Beləliklə, biz Şimal-Cənub nəqliyyat dəhlizini daha da sürətləndirəcəyik. Düzdür, indi dəmir yolu var, yüklər gedir, ancaq sürət aşağıdır. Sürəti artırmaq üçün bu istiqamətdə işlər görüləcək.
Bakı-Qəbələ dəmir yolunun tikintisi layihəsi icra edilir. Bu da turizmin inkişafına böyük dəstək olacaqdır. Bakı-Gəncə sürət qatarının xəttə buraxılması ilin sonuna qədər nəzərdə tutulur. Belə olan halda hesab edirəm ki, vətəndaşlar Bakıdan Gəncəyə rahat, komfortlu qatarlarla getməyə üstünlük verəcəklər. Ən qabaqcıl firmaların sərnişin qatarları da alınır.
Şəhərətrafı dəmir yolunun tikintisi layihəsi uğurla icra edilir. Nəzərə alsaq ki, gələcəkdə Azərbaycan ərazisindən yükdaşımaların həcmi artacaq, hesab edirəm, Azərbaycanda vaqonlar və konteynerlər istehsalı öz həllini tapmalıdır. Mən sahibkarlara müraciət edirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki bu, çox gəlirli sahə olacaqdır. Bunun əsas bazarı Azərbaycan olacaq. Çünki konteyner daşımaları dəfələrlə artacaq. Bizdə isə konteyner çatmır. Yükləri öz təşəbbüsümüzlə gətirmək üçün biz gərək konteyner parkına malik olaq. Ona görə, konteynerlərin istehsalı həm sahibkarlar üçün, həm dövlətimiz üçün çox vacib məsələdir. Hesab edirəm ki, sahibkarlar buna ciddi fikir verəcəklər.
Bu il neft-qaz sahəsində görülmüş işlər tarixi əhəmiyyət daşıyır. Həm Cənub Qaz Dəhlizinin, həm TANAP layihəsinin istifadəyə verilməsi tarixi hadisələrdir. Bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir. Deyə bilərəm ki, TANAP layihəsi əvvəlcə nəzərdə tutulmuş, qoyulan sərmayədən daha ucuz başa gəldi. Biz TANAP layihəsinə başlayanda onun maliyyəsi 11 milyard dollardan çox səviyyəsində nəzərdə tutulmuşdu. TANAP layihəsi 8 milyard dollara başa gəlib. Yəni, bu, onu göstərir ki, Azərbaycan bu işlərə gör nə qədər məsuliyyətli yanaşır. Biz hər bir dollara, hər bir qəpiyə nəzarət edirik ki, bu böyük layihəni az xərclə icra edək. Görün biz burada nə qədər qənaət etdik.
SOCAR bu yaxınlarda yeni kontraktlar imzaladı. Yeni kontraktların imzalanması nəzərdə tutulur. Yəni, bizim neft-qaz sektorumuza maraq azalmır, artır. Çünki Azərbaycan çox sabit və çox güclü ölkədir. İndi bizim bütün neft infrastrukturumuz var. Biz 1994-cü ildə “Əsrin kontraktı”nı imzalayanda heç bir ixrac kəmərimiz yox idi. Bakı-Novorossiysk kəməri də sıradan çıxmışdı. Çox böyük vəsait qoyulmuşdur. Bu gün bizim Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələrimiz var. TAP layihəsi icra edilir. Əlbəttə, bütün bu infrastrukturu biz yaratmışıq. Əlbəttə, xarici şirkətlər Azərbaycanda bu sahəyə daha böyük maraqla vəsait qoyacaqlar və qoyurlar.
Hesab edirəm ki, neft-qaz sahəsində görülmüş bütün işlər ən yüksək qiymətə layiqdir. Bu sahənin bu ilin sonuna qədər inkişafı ilə bağlı mənim hər hansı bir xüsusi tapşırığım yoxdur. Hər şey qrafik üzrə gedir.
İclasın sonunda bir daha Davos Dünya İqtisadi Forumunun hesablamalarını Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. Son hesablamalara görə, Azərbaycan dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdədir. Yol infrastrukturunun inkişafına görə 36-cı yerdədir. İnkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdədir. Ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı yerdədir. Xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci yerdədir. Bax, bu rəqəmlər əyani şəkildə göstərir ki, Azərbaycan hansı böyük uğurlara imza atıb. Bu, əyani şəkildə göstərir ki, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və biz elə etməliyik ki, ölkəmizin inkişafını dayanıqlı və daimi edək. Sağ olun.