Hazırda iqtidarda olan bəzi kadrlar aparılan islahatlara qarşı çıxır və bu prosesə mane olmağa çalışırlar. Bu zaman hökumətdəki bəzi şəxslər digər hökumət üzvlərini şantaj eləməyə çalışırlar. FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev 9 ayın yekunları ilə bağlı iclasdakı çıxışında bildirib.
Eləcə də bax: İlham Əliyev: "Yeni Baş nazirə kadr islahatları aparmağı tapşırmışam"
«Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda».
Eləcə də bax: Prezident banklardan narazıdır: «İstehlak kreditlərinə meyllənirlər, real sektora dəstək göstərmirlər»
Prezident bildirib ki, mətbuat bir növ daxili mübarizə növünə çevrilib. «Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur».
Dövlət başçısı bildirib ki, islahatlara hazır olanlar işlərinə davam edəcək: «Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz».