Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi – Hövsan yaşayış kompleksinin açılışında iştirak ediblər.
FED.az xəbər verir ki, bu kompleksdə 3 minə yaxın mənzilin inşa edilərək imtiyazlı təbəqələrə satışı planlaşdırılır.
Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında inşa olunan Hövsan Yaşayış Kompleksi Bakının sürətlə inkişaf edən şərq hissəsində, Xəzər sahilindən cəmi 2 kilometr məsafədə, yaşayış və istirahət üçün olduqca rahat bir məkanda yerləşir.
Kompleksin 20 hektarlıq ərazisinin qərb hissəsində şam və zeytun ağaclarından ibarət geniş yaşıllıq zonası mövcuddur.
Şəhərcik çoxmənzilli 11 yaşayış binasından ibarətdir. Bunlardan yeddisinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə onmərtəbəli bir girişli olması nəzərdə tutulur. Bu binalarda, ümumilikdə, 2962 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1401-nin ikiotaqlı, 980-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır. Birotaqlı mənzillərin sahəsi təqribən 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.
Kompleksdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin tikintisi aparılacaq. Ərazidə hər biri 90 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, ərazidə müvafiq nəqliyyat infrastrukturunun yaradılması və şəhərin ictimai nəqliyyat sisteminə inteqrasiyası planlaşdırılır.