Dövlət

İlham Əliyev: «Həmin sahibkalara sanksiya, cərimə tətbiq edilməlidir»

İlham Əliyev: «Həmin sahibkalara sanksiya, cərimə tətbiq edilməlidir» | FED.az
16:28 16 Mart 2020

İşçiləri ilə əmək münasibətlərini rəsmiləşdiyməyən sahibkarlara qarşı ciddi tədbirlər görülməlidir.

FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahib Babayevi qəbul edirkən bildirib.

Dövlət başçısı deyib: «Qeyri-formal məşğulluqla bağlı mənim müvafiq göstərişlərim yerinə yetirilir. Mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məruzələr edilir. Mənə verilən məlumata görə, son müddət ərzində 300 mindən çox işçi ilə əmək müqaviləsi bağlanmışdır. Yəni, bu işlər rəsmiləşdirilmişdir. Burada, əlbəttə ki, çox ciddi monitorinq tədbirləri keçirilməlidir. Bu, məsələ ilə bağlı sizə müvafiq göstərişlər verilmişdir.

Eyni zamanda, sistem xarakterli, institusional tədbirlər də nəzərdə tutulur ki, qeyri-rəsmi məşğulluğun əhatə dairəsi daralsın.

Əlbəttə ki, burada maarifləndirmə də xüsusi rol oynayır. Mən də bir neçə dəfə vətəndaşlara müraciət edərək demişdim ki, əgər hansısa sahibkar onlara bu formada işləmək təklif edirsə, buna razı olmasınlar, dərhal müvafiq yerli və mərkəzi icra orqanlarını məlumatlandırsınlar. Çünki əgər qeyri-rəsmi işləyəcəklərsə, sabah onların nə pensiyası, nə də sosial sığortası olacaq, xüsusilə nəzərə alsaq ki, bu ildən başlayaraq ölkə ərazisində icbari tibbi sığorta sistemi mərhələli şəkildə tətbiq olunur.

Mənə verilən məlumata görə, həm pilot şəhərlərdə, həm də bu il başlanmış bu işə əhali tərəfindən çox böyük dəstək, böyük maraq var. Ona görə belə təkliflərdən vətəndaşlar özləri imtina etməlidirlər. Amma bəzi hallarda çarəsiz qalırlar. Bəzi hallarda məcbur olub sahibkarların qanunsuz təkliflərinə razılıq verir, qeyri-formal işləyirlər.

Ona görə maarifləndirmə işləri daha geniş vüsət almalıdır. Rəsmiyyətə düşməyən işçiləri işlədən sahibkarlara qarşı ciddi sanksiyalar, cərimələr tətbiq edilməlidir. Eyni zamanda, göstəriş vermişəm ki, Azərbaycanda heç kim səkkiz saatdan çox işləməməlidir. Çünki insanları istismar edirlər. Onlar da çarəsiz qalıb, məcbur olub buna razılıq verirlər. Ona görə vətəndaşlarla nazirlik arasında çox fəal canlı bağlantı olmalıdır. Siz həm öz imkanlarınızdan istifadə edərək monitorinqlər aparmalısınız, eyni zamanda, Qaynar xətlər, yaxud da digər əlaqə vasitələrilə vətəndaşlarla daim təmasda olmalısınız».

Digər xəbərlər