İyunun 21-də Bakı şəhərində, “Hilton” otelində iş adamları ilə “Gömrük və sahibkarlıq” mövzusunda görüş keçirilib.
FED.az-ın məlumatına görə, tədbiri Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası birgə təşkil edib.
Xaricdən gətirilən telefonlar üçün - YENİ RÜSUM
Görüşdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak ediblər.
Məmməd Musayev gömrük sahəsində islahatların uğurla həyata keçirildiyini və konkret nəticələrin əldə olunduğunu qeyd edib və ümid edib ki, sahibkarlar da bu islahatlarin səmərəliliyinin artırılmasına töhfə verəcək.
Səfər Mehdiyev diqqətə çatdırıb ki, 2016-cı ildən etibarən gömrük orqanlarında islahatlar aparılır. Hazırda idxal-ixrac əməliyyatlarının, gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə işlər davam etdirilir. Komitə sədri deyib ki, sahibkarlığın inkişafında gömrük xidməti də mühüm rol oynayır. Bunun üçün son vaxtlar iş adamları və gömrük əməkdaşları arasında görüşlər keçirilir, sahibkarların rəy və təklifləri öyrənilir.
Qeyd edilib ki, istər gömrük-biznes münasibətlərinin şəffaf şəkildə qurulması, sahibkarların hüquqlarının qorunması, istərsə də qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və digər məsələlərlə bağlı bütün təkliflər nəzərə alınır.
DGK sədri vurğulayıb ki, dövlət başçısının gömrük xidməti qarşısında qoyduğu əsas tapşırıq sahibkarların yanında olmaq - tam şəffaflığın təmin edilməsi və korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsidir.
“Sahibkarlardan xahişim budur ki, onları narahat edən məqamları rəsmi və qeyri-rəsmi şəkildə bildirsinlər” - deyən Komitə sədri, sahibkarlar və gömrük xidməti arasında işgüzar əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib.
Komitə sədri bildirib ki, islahatlar sürətlə davam etdiriləcək və gömrüklə bağlı bütün porblemlər qısa zamanda aradan qaldırılacaq.
Ziyad Səmədzadə ölkədə həyata keçirilən islahatların mahiyyətindən danışıb və gömrük sistemində bu istiqamətdə, xüsusilə şəffaflığın artırılması məqsədilə atılan addımların həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıdığını, son aylarda gömrük daxilolmalarının əhəmiyyətli dərəcədə artmasının da bu işlərin nəticəsi olduğunu bildirib.
Niyazi Səfərov qeyd edib ki, son dövr gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin də yaxşılaşdırılması və biznes mühitinin inkişafında mühüm rol oynayıb.
Daha sonra tədbirdə çıxış edən sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Görüşün sonunda Dövlət Gömrük Komitəsi ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Səfər Mehdiyev və Məmməd Musayev imzalayıblar.