Dövlət Gömrük Komitəsi (DGK) bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət açıqlayıb.
DGK-dan FED.az-a verilən məlumata görə, bəzi KİV-lərdə "Ulduz-elektron" MMC adlı şirkətin direktoru Mədət Quluzadə tərəfindən Dövlət Gömrük Komitəsinin rəhbərliyi və əməkdaşlarına qarşı əsassız ittihamlar irəli sürülüb.
Belə ki, həmin şəxs rəhbərlik etdiyi müəssisə tərəfindən dəniz yolu ilə İran İslam Respublikasından idxal etdiyi malların gömrük rəsmiləşdirilməsinin geciktirildiyini, gömrük orqanlarının yükü daşıyan gəmini mallarla birlikdə guya əsassız olaraq saxladığını iddia edir.
Dövlət Gömrük Komitəsi bildirir ki, Mədət Quluzadə tərəfindən saxlanıldığı iddia edilən yüklər İran İslam Respublikasından Azərbaycan Respublikasında qeydiyyatda olan "Ulduz-elektron" MMC-nin ünvanına gəmi ilə gələn və Bakı Baş Gömrük İdarəsində "döşəmə, divar və s. üçün digər lövhəciklər" yükü adı altında bəyan edilən kafel metlax və keramika məmulatlarından ibarətdir.
Yüklərə dair təqdim olunan ilkin sənədlər gömrük əməkdaşları tərəfindən araşdırılıb və adıçəkilən MMC tərəfindən gömrük orqanına bəyan olunan yükün bəyannamə üzrə 33-cü qrafada göstərilən malın kodu bölməsində qeyd edilən 691490 koduna uyğun olmaması barədə şübhə yarandığından aidiyyatı üzrə Təhqiqat bölməsində araşdırma başladılıb.
Araşdırma zamanı məlum olub ki, "Ulduz-elektron" MMC-nin ünvanına gələn və iddia edildiyi kimi 4 mart tarixində deyil, 4 iyul 2018-ci il tarixli bəyannamə üzrə bəyan olunan malların kodu Hövsan dəniz limanı postu vasitəsilə ölkə ərazisinə gətirilən gəmidə olan mallarla eynilik təşkil etmir.
Problemə aydınlıq gətirilməsi üçün gəmidə olan yüklərdən nümunələr götürülərək ekspertiza tədqiqatına təqdim edilib və bu barədə yük sahibinə məlumat verilib.
Gəminin saxlanılması barədə iddialara gəlincə isə bu barədə gömrük orqanı hər hansı yazılı və ya şifahi göstəriş verməyib.
Üstəlik iddiaların əksinə gömrük orqanı tərəfindən gəminin aid olduğu qurumun rəhbərliyinə gəminin saxlanmasına heç bir zərurət olmadığı, yüklərin boşaldılıb gəminin buraxılması barədə məktub göndərilib.