Dövlət Gömrük Komitəsi (DGK) citimaiyətə açıqladığı hesabatlarda bəzi məlumatların gizlədilməsi ilə bağlı FED.az-ın sorğusun cavablandırıb.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin son bir neçə aya aid aylıq hesabatlarında bəzi məlumatların gizlədildiyi müşahidə edilir. Ötən illərə qədər ticarət dövriyyəsinə aid aylıq hesabatlarda mal qruplarının dəyəri ilə yanaşı, miqdarı da göstərilirdi. Nəticədə ölkəyə mal və məhsulların hansı qiymətə idxal-ixrac olunduəunu müəyyən etmək mümkün udi.
Dəyişiklikdən sonra isə bunu etmək mümkün deyil. Eyni zamanda, idxal ixrac göstəricilərinin ötən illərlə müqayisəsi də ləğv edilib. Bu da əvvəlki dövrlərlə müqayisədə dinamikanı izləməyə çətinlik yaradır.
DGK-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Natiq Axundov FED.az-a cavabında baş verən dəyişiklikləri bununla əsaslandırıb ki, hesabatlar operativ məlumat əsasında hazırlanır.
«Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikası üzrə hesabatı dinamik dəyişən informasiya resursu platforması əsasında yaradılır və cari dövr üzrə operativ məlumatları formalaşdıraraq Komitənin internet səhifəsində yerləşdirir.
Qeyd etmək lazımdır ki, hər an təqdim olunan gömrük bəyannaməsi və ya istənilən gömrük prosedurlarının başa çatması xarici ticarətin gömrük statistikasına təsir edərək ümumi mənzərəini dəyişə bilir.
Bu səbəbdən, Dövlət Gömrük Komitəsi xarici ticarətin gömrük statistikasını müqayisəli təhlil cədvəli ilə təqdim etmir.
Buna baxmayaraq, Dövlət Gömrük Komitəsi son illəri əhatə edən statistik məlumatları internet səhifəsində yerləşdirir və bu da maraqlı tərəflərə iqtisadi təhlillər üçün istədikləri dövr üzrə məlumatları əldə edərək müqayisəli təhlillər aparmağa imkan verir.
Məlumat üçün bildiririk ki, xarici ticarətin gömrük statistikasına dair müqayisəli təhlillər (fiziki və qiymət indeksləri nəzərə alınmaqla) Dövlət Statistika Komitəsi tərəfindən aparılır və geniş, hərtərəfli məlumatlar Statistika Komitəsinin internet səhifəsində yerləşdirilir»-deyə N.Axundov bildirir.