Banner

Dövlət

Fırıldaqçı icra başçılarına görə – AZƏRBAYCANDA YENİ YOXLAMA ÜSULU

Fırıldaqçı icra başçılarına görə – AZƏRBAYCANDA YENİ YOXLAMA ÜSULU | FED.az
08:22 28 Fev 2020

Azərbaycanda işsizliyin aradan qaldırılması üçün tətbiq edilən haqqı ödənilən ictimai işlər proqramına nəzarət bir az da gücləndiriləcək.

FED.az xəbər verir ki, bu işləri həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəyan edib ki, belə işlərə cəlb olunan şəxslərin işə davamiyyətinin ciddi şəkildə yoxlanılması üçün bu il respublika üzrə mütəmadi monitorinqlər aparılacaq.

Nəzarətin bir istiqaməti iş verilən şəxslərin özünə aid olacaq – onlar daha diqqətlə yoxlanacaq. «Proqrama qanunsuz cəlb olunma hallarının aşkar olunması məqsədilə ictimai işçilərin hazırda xarici ölkədə və ya fərdi sahibkar kimi qeydiyyatda olub-olmamaları müvafiq elektron sistemlər üzərindən yoxlanılacaq»-deyə nazirlik bildirir.

Bu tədbirlər Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərə nəzarətin təmin edilməsi ilə bağlı 2020-ci il üçün Tədbirlər Planı”nda yer alıb.

Digər istiqamət ictimai işçilərin işə davamiyyətinin yoxlanılmasına aid olacaq - bu sahəyə səmərəli nəzarət etmək üçün DOST mərkəzləri monitorinq aparacaqlar.

Əsas məsələlərdən biri bu işlərə görə əmək haqqı kartlarının işçinin özündə olub-olmamasına aiddir.

Xəbər verildiyi kimi, bəzi rayonlarda, o cümlədən, başçısı bir neçə gün əvvəl həbs edilmiş Salyanda belə işlərə cəlb edilən işçilərin əmək haqqı əllərindən alınır və rəhbər işçilər tərəfindən mənimsənilirdi. İndi isə bu məsələyə diqqət kəskin artırılacaq. 

Əvvəla, əməkhaqqı kartlarının ictimai işçilər tərəfindən şəxsən təhvil alınmasına nəzarət ediləcək, sonra isə bu kartların işçinin özlərində olub-olmaması seçmə üsulla yoxlanılacaq. 

Eyni zamanda, ödənişli ictimai işlərə cəlb olunmuş şəxslər barədə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatlar hər ay yenilənəcək. İctimaiyyətin məlumatlanması və ictimai işlər sahəsində ictimai nəzarətə fəal şəkildə cəlb olunması üçün yenilənmiş həmin siyahılar barədə KİV-ə mütəmadi məlumatlar veriləcək.

Medianın bu sahəyə diqqətinin artırılması üçün ictimai işlər təşkil olunan ərazilərə mediaturların təşkili, yoxlamaların səmərəli təşkili üçün ictimai işçilərin iş yerlərinin dislokasiyasının müəyyən edilməsi, ictimai işçilərin əmək şəraitinin təhlükəsizliyinin yoxlanması, monitorinqlər zamanı onlarla əyani söhbətlər aparılmaqla hüquqları barədə maarifləndirilməsi də təmin olunacaq.

Tədbirlər Planında  monitorinqlər zamanı aşkar olunmuş pozuntularla bağlı tədbirlərin görülməsi və həmin pozuntuların aradan qaldırılması üçün monitorinqlərin nəticələrinin aidiyyəti orqanlara təqdim edilməsi, aşkar olunan qanun pozuntuları ilə bağlı məsuliyyət tədbirlərinin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunması və s. kimi tədbirlər də yer alıb.

Digər xəbərlər

Banner