Naxçıvan-Dilucu sərhəd məntəqəsində Türkiyə tərəfindən tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb və məntəqənin fəaliyyəti bərpa edilib. Azərbaycanda koronavirus infeksiyasının aşkarlanmamasına baxmayaraq, Türkiyənin Naxçıvan-Dilucu sərhəd məntəqəsini əvvəlcədən hər-hansı bir müzakirə aparılmadan və xəbərdarlıq edilmədən bağlaması ölkəmizin ictimaiyyətində təəccüb doğurmuş, narahatlıq yaratmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana fevralın 25-də gözlənilən səfəri ərəfəsində coğrafi baxımdan həssas bölgədə yerləşən Naxçıvanla sərhədin bağlanmasına dair qərarın verilməsi birmənalı qarşılanmamışdı.
Fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşdə Türkiyədən Naxçıvan MR istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiyyətlər müzakirə edilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, mövcud vəziyyətlə bağlı prezident İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Naxçıvan Muxtar Respublikasına “Sədərək” dövlət sərhədindən buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verib.
Bu göstərişlər nəticəsində fevralın 26-da saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.