“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev əməkdaşlarını karantin rejiminə riayət etməyə, yaxınları və tanışlarla təmasdan qaçmağa çağırıb.
“Bununla, özünüzlə yanaşı, minlərlə insanın virusa yoluxma və virusdaşıma risklərini azaltmış olacaqsınız. Bu da öz növbəsində virusla mübarizədə effektiv rol oynayacaq. Bir daha hər birinizi sosial məsuliyyətli davranmağa, virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməyə dəvət edirəm”.
FED.az xəbər verir ki, Rauf Vəliyev əməkdaşların sağlamlığı və təhlükəsizliyi ilə yanaşı, sosial rifahında da çətinlik yaranmasına çalışdıqlarını vurğulayıb:
“Bütün gücümüzlə çalışırıq ki, əməkdaşların sağlamlığı və təhlükəsizliyi ilə yanaşı, sosial rifahında da çətinlik yaranmasın. Əmin ola bilərsiniz ki, bu istiqamətdə hər hansı problem yoxdur və olmayacaq. Hər bir əməkdaş vaxtı-vaxtında əmək haqqını ala biləcək”.
Qurum rəhbəri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparat və struktur müəssisə və təşkilatları üzrə istehsalat zəruriyyəti ilə əlaqədar məhdud sayda əməkdaşın işə çıxmasına icazə verildiyini də deyib:
“Onlar növbəli rejimdə və ən əsası maksimum təhlükəsiz şəraitdə fəaliyyət göstərirlər. İş sahələrinə gəlmələri qadağan olunan əməkdaşlar isə fəaliyyətlərini “işlərin evdən idarə olunması” (work from home) sistemi ilə davam etdirirlər.
Bu çətin günlərdə üzən heyətin göstərdiyi fədakarlıq isə xüsusi təqdirəlayiqdir. Məhz, onların dənizdə fasiləsiz fəaliyyəti hesabına hazırda ASCO-nun istər yükdaşımalarda rol oynayan, istərsə də neft-qaz sənayesinə xidmət göstərən gəmiləri əvvəlki qaydada istismar olunurlar”