Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiq edilib. Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müəyyən edilib.
Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya
Nazirlər Kabinetinə tapşılıb ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Maliyyə Nazirliyi isə bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyada nəzərdə tutulan tədbirlərin icrasını təmin etməlidir. Həmçinin, həmin tədbirlərin icrası barədə ildə iki dəfə (yarımillik və illik) Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etməlidir.
Sərəncamda qeyd edilib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər, səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri dövlət borcalmaları, dövlət zəmanəti ilə borcalmalar və dövlət zəmanəti olmadan borcalmalarla əlaqədar fəaliyyətdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın müddəalarını rəhbər tutsunlar.