“Sizin işiniz əsasən rayonda mövcud olan potensialı səfərbər edib, həm iqtisadi artımı təmin etmək, iş yerlərinin yaradılması ilə bağlı əməli addımlar atmaq və rəhbərlik edəcəyiniz rayonlara sərmayənin gətirilməsinə nail olmaqdır. Həm xarici investorları, həm də yerli investorları cəlb etmək üçün hər bir rayonun başçısı fəal işləməlidir. Bu tapşırıqları mən əvvəllər də vermişəm. Bəzi rayonlarda bu sahədə yaxşı nəticələr var, bəzi rayonlarda investisiya qoyuluşu zəifdir. Bunun obyektiv səbəbləri də ola bilər”.
Eləcə də bax: "Azərbaycanlı investorlar, ilk növbədə, Azərbaycana vəsait qoymalıdırlar"
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, rayonların potensialı eyni deyil: “Buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər. Sadəcə olaraq, yerli icra orqanlarının rəhbərləri oturub bu investisiyaları gözləməməlidirlər. Özləri fəal olmalıdırlar, özləri investorları tapmalıdırlar, onları inandırmalıdırlar və cəlb etməlidirlər. Bəzi hallarda bəzi rayonlarda investor vəsait qoymaq istəyir, amma əfsuslar olsun ki, onun qarşısında süni əngəllər törədilir. Yaxud da ki, yerli icra orqanları ona qarşı əsassız və qanunsuz tələblər irəli sürürlər. Ona görə bu hallara qarşı çox ciddi mübarizə aparılmalıdır. Rayonlarda həm ictimai-siyasi ab-hava sağlam olmalıdır, ictimai münasibətlər sağlam zəmində qurulmalıdır və həm də xalqı narahat edən problemlər həll edilməlidir. O problemləri ki, müəyyən səbəblərə görə siz özünüz həll edə bilmirsiniz, gərək mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq nazirliklərə təkliflər verəsiniz və fəal olasınız”.