Bu gün Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
Komitədən FED.az-a verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov, Komitə sədrinin müavini Cavad Qasımov, Komitənin məsul vəzifəli şəxsləri, Çinin Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan və bu ölkədən olan iş adamları iştirak edib.
ELƏCƏ DƏ BAX: Çin şirkətləri İran nefti almayacaq
Görüşdə İsmayıl Hüseynov gömrükdə aparılan islahatlar və baş verən dəyişikliklər barədə məlumat verib. Sədr müavini deyib ki, iş adamları üçün gömrük sistemində münbit şərait yaradılıb.
Çin səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Azərbaycanın Çinin ənənəvi dostu və tərəfdaşı, mühüm nəqliyyat dəhlizi üzərində yerləşən strateji ölkə olduğunu bildirib. Qeyd edilib ki, son illər iki ölkə arasında münasibətlər sağlam və sabit şəkildə inkişaf edir, iqtisadiyyat, ticarət, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq dərinləşir. Daha sonra görüşdə Çindən olan iş adamlarının rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb.