Avqust ayında vergi orqanlarına 7 926 müraciət daxil olub. Bu barədə FED.az-a Vergilər Nazirliyindən bildirilib. Daxil olan müraciətlərin 83,8%-i ərizə, 16,1%-i şikayət, 0,2%-i isə təklif olub. Nazirlik bildirir ki, ötən ilin avqustu ilə müqayisədə vergilərə müraciətlər 926 müraciət və ya 10,5% azalıb.
Daxil olmuş müraciətlərin 38,6%-i müxtəlif arayışların alınması, 33,1%-i kameral vergi yoxlamaları, 8%-i vergi borcları, 3,7%-i vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 2,1%-i ƏDV, 1,7%-i vergi qanunvericiliyinin tətbiqi, 1,3%-i səyyar vergi yoxlamaları ilə bağlı olub. Müraciətlərin digər 11,5%-lik hissəsi isə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), operativ vergi nəzarəti tədbirləri, korrupsiya hüquqpozmaları və s. məsələlərlə bağlı olub.
Başqa sözlə, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), operativ vergi nəzarəti tədbirləri, korrupsiya hüquqpozmaları və s. məsələlərlə bağlı nazirliyə təqribən 900 müraciət gəlib.
Nazirlik bildirir ki, baxılmış müraciətlərdən 75,9%-i tam, 0,2%-i qismən müsbət həll olunub, 20,7%-i barədə müvafiq izahatlar verilib, 0,9%-i əsassız sayılıb, 1,6%-i baxılmamış saxlanılıb, 0,7%-i aidiyyəti üzrə göndərilib, 0,1%-i ilə bağlı icraata xitam verilib.
Müraciətlərin 22,2 %-i icradadır.
Müsbət həll olunmuş müraciətlərin 58,6%-i müxtəlif arayışların alınması, 18,6%-i kameral vergi yoxlamaları, vergi borcları, qalanları isə digər məsələlərlə bağlı olub.
2018-ci ilin avqust ayı ərzində vergi orqanlarındakı rəhbərlər tərəfindən 292 vətəndaş qəbul edilib. «Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılmış, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülmüş, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilmişdir»-deyə nazirlik bildirir.
Bir ayda Vergilər Nazirliyinə 8 min müraciət gəlib
18:35
19 Sen 2018