FED.az xəbər verir ki, Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın təməli isə 1954-cü ildə qoyulub. 1957-ci ilin oktyabrında Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırılan şirkət 1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusunu aldı. 2005-ci ildən "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə çevrilən AZTV indiyə qədər nə az-nə çox, düz 11 rəhbər yola salıb.
Eləcə də bax: AZTV-nin yeni rəhbəri kimdir? - İdman şərhçisi, müəllim...
AZTV-nin ilk sədri Teymur Əliyev 1957-1965-ci illərdə bu quruma rəhbərlik edib. Onun birinci müavini isə tanınmış jurnalist və ictimai xadim, professor Nəsir İmanquliyev olub.
AZTV-nin ikinci sədri Ənvər Əlibəyli 1965-1969-cu illərdə bu vəzifədə çalışıb. Bundan 9 il öncə Bakı televiziya studiyasına rəhbərlik edən Ə.Əlibəyli sonuncu vəzifəyə təyin ediləndən bir il sonra vəfat edib.
AZTV-nin üçüncü sədri İmran Mirzəyev 1969-ci ildə bu vəzifəyə təyinat alıb. Lakin onun sədrlik müddəti çox çəkməyib. Cəmi 11 ay bu postu tutan İ.Mirzəyev sonradan digər vəzifəyə keçirilib.
AZTV-nin dördüncü sədri Qurban Yusifzadə 1970-1982-ci illərdə AZTV-yə rəhbərlik edib. Eyni zamanda Bakı Ali Partiya Məktəbinin kafedra müdiri işləyən Q.Yusifzadə ölkəmizin tanınmış alimlərindən olub.
1983-1990-cı illərdə AZTV-yə rəhbərlik edən professor Elşad Quliyev 1992-i ilin mart-may aylarında yenidən bu quruma rəhbərlik edib. İctimai TV-nin keçmiş direktoru Cəmil Quliyevin atasıdır.
1990-1991-ci illərdə dövlət televiziyasına rəhbərlik Qeysər Xəlilova keçib. Hazırda fəaliyyət göstərən bir çox diktorların məhz onun rəhbərliyi dövründə televiziya sahəsinə təşrif buyurduğu iddia olunur.
1991-1992-ci illərdə AZTV-yə Məmməd Murad rəhbərlik edib. 1992-ci il martın 14-də Ayaz Mütəllibov şirkət rəhbərliyinə yenidən Məmməd Muradı qaytarsa da, o bu vəzifədə cəmi bir gün qala bilib.
1992-1993-cü illərdə AZTV-yə şair Məmməd İsmayıl rəhbərlik edib. AXC hakimiyyəti dövründə bu postu tutan M.İsmayıl sonradan yolunu yenidən ədəbiyyatdan salıb.
1993-1996-cı illərdə şirkətə Babək Hüseynoğlu sədrlik edib. Ona qədər ölkənin populyar qəzetlərindən olan – "Aydınlıq”da baş redaktor olan B. Hüseynoğlu 12 il öncə vaxtsız vəfat edib.
1996-2006-cı illərdə isə AZTV-yə Nizami Xudiyev rəhbərlik edib. Məşhur "91-lər”dən olan N.Xudiyev buna qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, bundan sonra isə YAP İdarə Heyətinin üzvü olub.
2006-cı ildən dünənə qədər isə "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə Arif Alışanov rəhbərlik edib. 1977-ci ildən AZTV-də çalışan A.Alışanov sonuncu təyinata qədər AZTV-də texniki işlər üzrə direktor müavini olub. Eyni zamanda Milli Məclisin deputatıdır.
AZTV-yə hazırda sədr təyin olunmasa da, sədr səlahiyyətlərinin icrası müvəqqəti şəkildə Rövşən Məmmədova həvalə edilib. O Rövşən Məmmədova ki, 2014-cü ilə qədər "Lider” televiziyasında idman jurnalisti işləyib. Son təyinata qədər isə AZTV-də "Günün nəbzi” və "Həftə” analitik verilişlərinə aparıcılıq edib. O, indiyə qədər AZTV-yə rəhbərlik etmiş şəxslər arasında ən gəncidir.
Azxeber