2018-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 27,6% artaraq 9 milyard 860 milyon 400 min manata çatıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, büdcənin xərcləri isə 16,2% artaraq 9 milyard 524 milyon 300 min manat təşkil edib. Büdcənin icrasında yaranan 336,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 0,9%-ni təşkil edib.
Büdcəyə daxilolmaların ən böyük hissəsi - 50,5%-ni vergi olmayan gəlirlər hesabına təmin edilib. Əgər 2017-ci ilin ilk 7 ayında digər mənbələrdən büdcəyə daxilolmalar 3 309,2 milyon manat olubsa, bu ilin müvafiq dövründə həmin göstərici 4 981,3 milyon manata çatıb. Başqa sözlə, bu sahədə 50,5% artım baş verib.
Ötən 1 ildə hüquqi və fiziki şəxslərin gəlir vergisi və yol vergisinin həcmi azalıb. Əvəzində əlavə dəyər vergisi, torpaq, əmlak, mədən vergiləri, sadələşmiş verginin ümumi məbləği artıb.
Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında fiziki şəxslərin gəlir vergisindən büdcəyə 480,2 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu rəqəm 500,4 milyon manat təşkil edib.
Hüquqi şəxslərin mənfəət vergisindən daxilolmalar isə
1 124,5 milyon manata (2017-ci ildə 1 224,9 milyon manat olub) enib
2018-ci ilin ilk 7 ayında büdcə daxilolmaları sırasında ən çox azalma yol vergisində müşahidə edilib- təxminən 2,1 dəfə. Əgər ötən ilin yanvar-iyul aylarında yol vergisindən büdcəyə 109,9 milyon manat daxil olubsa, bu il həmin göstərici 53,7 milyon manat olub.
Büdcəyə əlavə dəyər vergisindən daxil olan vəsaitlərin həcmi bu ilin 7 ayında 445 milyon manat artaraq 1990,7 milyon manata çatıb. Halbuki, ötən ilin eyni dövründə həmin göstərici 1545,7 milyon manat təşkil edib.
Bu müddətdə ümumilikdə büdcə daxilolmalarının 20,2 %-i əlavə dəyər vergisinin, 11,4 %-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisinin, 5,1 %-i xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,9 %-i fiziki şəxslərin gəlir vergisinin, 3,4 %-i aksizlərin, 2,3 %-i sadələşdirilmiş verginin, 2,2%-i vergilərin digər növlərinin payına düşüb.
Azərbaycanda şirkət və sahibkarların gəlirləri azalıb
23:09
28 Avq 2018