Fevralın 9-da saat 08:00-da Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başlayıb.
Səsvermədən əvvəl keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, parlament seçkiləri 125 dairəni əhatə edir və səsvermə 5573 məntəqədə aparılır.
Seçki məntəqələrinin 1000-də, yəni cəmi 18%-də veb-kamera quraşdırılıb.
Bu seçkidə 5 milyon 329 min 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək. Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.
Parlament seçkilərində iştirak edəcək namizədlərin sayı 1314 nəfərdir. Onlardan 246-sı siyasi partiyaların siyahıları ilə, 1 057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır.
Seçkini 77 790 yerli müşahidəçi izləyəcək. Onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Bundan başqa, seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib ki, onlar 58 ölkə vətəndaşlarıdır. Prosesi 132 beynəlxalq KİV təmsilçisi işıqlandırır.
Səsvermə saat 19:00-da bitəcək.
MSK səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.
MSK sədri bildirib ki, seçkilərdə "exit-poll” keçirmək məqsədilə MSK-ya müraciət edən 3 təşkilatın hamısı qeydə alınıb ki, onların da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə quracaq: “Beləliklə, parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (ABŞ) ilə birgə, Rəy Monitorinq Mərkəzi və “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınıb”