Xəbər verildiyi kimi, prezident İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə görüşüb.
Eləcə də bax: Azərbaycan İtaliyadan bu təyyarəni almaq istəyir – GÖSTƏRİCİLƏR – VİDEO
FED.az-ın məlumatına görə, “Cassa Depositi Prestiti SpA”nın prezidenti Covanni Qorno TEMPİNİ İlham Əliyevə bildirib:
- Hər vaxtınız xeyir, Zati-aliləri Prezident Əliyev.
Hörmətli nazirlər, hörmətli dövlət katibi Di Stefano, hörmətli səfirlər, hörmətli SOCAR-ın vitse prezidenti, hörmətli qonaqlar, hər vaxtınız xeyir. Bu gün sizi burada salamlamaq məndə məmnunluq hissi doğurur.
Cənab Prezident, bizim dəvətimizi qəbul etdiyiniz üçün Sizə ən dərin minnətdarlığımı bildirirəm. İcazə verin, bu görüşün məqsədilə Sizi tanış etmək üçün bir neçə söz deyim.
İtaliya İqtisadiyyatının Milli Təşviqi Təşkilatı, 170 yaşı olan bir təşkilat kimi və missiyası İtaliyanın iqtisadiyyatını inkişaf etdirməkdən ibarət olan “Cassa Depositi Prestiti SpA”nın prezidenti kimi və bu işçi naharı təşkil etmək şərəfi nəsib olmuş bir şəxs olaraq biz ikitərəfli iqtisadi əlaqələrimizin gücləndirilməsinə töhfə vermək məqsədilə burada İtaliyanın bəzi ən yaxşı sənaye liderləri olan şirkətlərinin irəli sürdüyü təşəbbüsləri Sizin diqqətinizə çatdırmaq üçün əyləşmişik. İtaliya Azərbaycanın birinci qlobal ticarət tərəfdaşıdır. Sizin ölkəniz bizim aparıcı üç enerji təchizatçımızdan biridir. Trans-Adriatik boru kəməri layihəsi ilə bizim tərəfdaşlığımız daha da yüksək səviyyəyə çatacaq. Ticarət dövriyyəmiz keçən il, demək olar ki, 6 milyard avroya çatdırılmışdır, lakin burada çox böyük qeyri-tarazlıq var idi. Bizim Azərbaycana ixracımız ümumilikdə yarım milyarddan az olmuşdur. Bizim vəzifəmiz də bu qeyri-tarazlığın aradan qaldırılmasına çalışmaqdır və belə demək olar ki, bumeranq investisiyalarını həyata keçirməkdir.
Azərbaycan inkişaf etməkdə olan iqtisadiyyatını şaxələndirməkdə qətiyyətlidir və əsas diqqəti kənd təsərrüfatı, ətraf mühitə ziyan vurmayan nəqliyyat və enerji sektorunun müasirləşdirilməsinə yetirir. İtaliya ölkənizdə biznesini genişləndirməyə hazır olan öz milli lider şirkətləri, kiçik və orta həcmli müəssisələrinin geniş şəbəkəsi vasitəsilə bu məqsədlərə töhfə verə bilər. “Cassa Depositi Prestiti”nin (CDP) biznes planının mərkəzində italyan şirkətlərinin beynəlxalq inkişafına dəstəyin göstərilməsi dayanır. Buna görə də CDP Azərbaycan ilə biznes qurmaq istəyən bütün italyan iş adamlarının arxasında durur. Bundan əlavə, burada təmsil olunan şirkətlərin demək olar ki, yarısına CDP tərəfindən sərmayə yatırılıb və onun 500-dən çox İtaliya şirkətində payı var. Sonuncu, lakin əhəmiyyətinə görə sonuncu olmayan məsələ isə CDP İtaliyanın suveren investisiya fondu kimi potensial olaraq Azərbaycana marağı olan şirkətlər üçün çoxlu müştərək investisiya imkanlarını təklif edir. Bir daha Sizə təşəkkür edirəm. Buyurun cənab Prezident, söz Sizindir.