Prezident İlham Əliyev Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. FED.az xəbər verir ki, məcəlləyə Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ilə bağlı yeni, 139-1 maddəsi əlavə edilib.
Bu maddəyə əsasən, pozuntulara yol verənləri 2500 manat cərimədən 5 il müddətinə azadlıqdan məhrum etməyə qədər cəzalar gözləyir.
Maddədə deyilir:
“Maddə 139-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması
139-1.1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda -
iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
139-1.2. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.