Bakı şəhərində və Abşeron yarımadasında sosial-iqtisadi inkişaf və demoqrafik artım fonunda su və kanalizasiya sistemləri ciddi yüklənmə altındadır.
FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.
O qeyd edib ki, Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanıb və həmin dövrdən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artıb:
"Əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatıb, müasir nəzarət sistemləri isə standartlara heç bir şəkildə cavab vermir. Nəzərə alsaq ki, bu xətlərin çoxunun ömrü 40–50 il üçün nəzərdə tutulub, hazırda onların istismar müddəti artıq bitib".
Z. Mikayılov bildirib ki, əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması sistemlərdə əlavə yüklənmələr yaradıb: "Vaxtilə Bakıda mövcud olan yağış sularının axıdılması sistemlərinin hamısı 1990-cı illərdə kanalizasiya kollektorlarına çevrilib".
Onun sözlərinə görə, əsas kollektorların maksimal ötürücülük qabiliyyətinin formalaşan su miqdarını qarşılaya bilməməsi həm əhalinin artması, həm də yağış sularının həmin kollektorlara axıdılması ilə əlaqədardır.
ADSEA sədri diqqətə çatdırıb ki, bir çox magistral xətlərin mühafizə zonaları zəbt olunub:
"Aparılan təhlillər göstərib ki, Bakı şəhərində əsas kanalizasiya magistrallarının istismarını çətinləşdirən, hətta mümkünsüz edən 1600-dən çox fərdi yaşayış evi və digər tikililər mövcuddur. Bu hallar bəzi ərazilərdə istismar müddəti bitmiş kanalizasiya sistemlərinin çökməsinə və əhalinin evlərinə ziyan dəyməsinə səbəb olur".
Z. Mikayılov çıxışında içməli suya əlçatanlıq və fasiləsiz su təminatı ilə bağlı göstəricilərə də toxunub.
O bildirib ki, Azərbaycanda içməli suya əlçatanlıq 73,4 %, Avropa İttifaqında isə 95 %-dir:
"Fasiləsiz su təminatı ölkə üzrə 72,5 %, Bakı və Abşeron yarımadasında isə 70 % təşkil edir. Bu fərq son illərdə regionlarda həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə bağlıdır və məhz buna görə də rayonlarda fasiləsiz suya əlçatanlıq daha yüksəkdir".









