Azərbaycanın aparıcı tikinti şirkəti olan PMD Projects ISO 50001 Enerji İdarəetmə Sistemi sertifikatını əldə etdi.
FED.az xəbər verir ki, ölkəmizdə ISO 50001 standartı 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilmişdi.
PMD Projects Azərbaycan Standartlaşdırma İnstitutuna müraciət edib bütün mərhələlərdən və auditlərdən uğurla keçərək mövcud olan standartlardan (ISO 9001:2020; ISO 14001:2021; ISO 45001:2021) əlavə qeyd olunan standartın (AZS ISO 50001:2022) müvəffəqiyyətlə əldə edilməsinə nail olmuşdur. 17 iyul tarixində baş tutan təltifetmə mərasimində Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşevə AZS ISO 50001:2022 sertifikatını təqdim etmişdir.
ISO 50001 standartının tətbiqi PMD Projects-in həm ofis binalarında, həm də tikinti sahələrində keyfiyyətin idarə olunması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması qaydaları ilə bərabər, enerji resurslarından daha səmərəli istifadə etməsinin beynəlxalq göstəricisidir. Bu, PMD Projects-in Yaşıl Dünya Naminə və Dayanıqlı İnşaatın İnkişaf etdirilməsi istiqamətində əldə etdiyi növbəti nailiyyətdir.
Azərbaycanda bu standartın qəbul edilməsi enerjidən istifadənin səmərəliliyinin yüksəldilməsi, enerji idarə olunması sahəsinə dair tələblərin qabaqcıl beynəlxalq təcrübəyə uyğun formalaşdırılması, enerjidən səmərəsiz istifadənin qarşısının alınması, eləcə də bərpa olunan enerji növlərinin tətbiqi imkanlarının genişləndirilməsi məqsədini daşıyır.