Nazirlər Kabineti “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na dəyişiklik edib.
FED.az xəbər verir ki, Qaydaların 17.1-ci bəndində “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilib.
İndiyədək Qaydada qeyd edilirdi ki, Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs məlumatları kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına əvvəlcədən təqdim edə bilər:
Dəyişiklikdən sonra, gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs aşağıdakılar barədə məlumatları kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir:
17.1.1. nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;
17.1.2. nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;
17.1.3. nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;
17.1.4. təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük;
17.1.5. mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;
17.1.6. nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.