Müəllif: Nijat Rasulzadə
Əksər hallarda “BlaBlaCar”-ı “Uber”, “Taxify” və ya digər taksi xidməti tətbiqləri ilə müqayisə edirlər. Yalnız bu yanaşma tam düzgün deyildir. Belə ki, Avropada geniş istifadə edilən bu proqramın əsas məqsədi carpooling kimi tanınan müştərək nəqliyyat formasını təbliğ etməkdir. Müştərək nəqliyyat halında sürücü A nöqtəsindən B nöqtəsinə səyahət edəcəyini və nəqliyyat vasitəsində boş oturacaqların olduğunu və digər səyahətçilərin müəyyən haqq müqabilində birgə səyahət edə biləcəyini tətbiqdə elan edir. Bu halda müəyyən edilən məbləğ yalnız nəqliyyat üçün zəruri xərcləri özündə əhatə edir. Carpooling-in əsas məzmunu ondan ibarətdir ki, həmin xidməti göstərən sürücü heç bir gəlir əldə etmir, yalnız müəyyən məsafəni qət etmək üçün özünün zəruri olan xərclərini azaldır.
Məsələn: Sürücü Bakıdan Şamaxıya avtomobil vasitəsilə səyahət edəcəyini tətbiqdə göstərir. Həmin məsafəni qət etmək üçün avtomobilin zəruri xərcləri 40 manat təşkil edir. Sürücü tərəfindən baş verə biləcək sui-istifadələrin qarşısının alınması üçün zəruri xərclərin həcmi tətbiq tərəfindən müəyyən edilir. Səyahətdə əlavə olaraq 3 sərnişinin də iştirak etməsi imkanı göstərilir və zəruri xərclər sürücü də daxil olmaqla dörd hissəyə bölünür. Sərnişinlər tətbiq üzərindən həmin məbləği (bu halda 10 manatı) ödəyirlər. Ödəniş zamanı ümumi nəqliyyat xərclərinin 10%-i məbləğində xidmət haqqı tətbiq tərəfindən tutulur.
Bu halda gəlir əldə edən tərəf yalnız tətbiq olur.
Yarana biləcək suallardan biri müxtəlif ölkələrdə fəaliyyət göstərən tətbiqin hər ölkəyə münasibətdə məsafəni qət etmək üçün zəruri ola biləcək xərcləri necə müəyyən etməsini göstərmək olar. Bu sualın cavabı kimi, tətbiqin Böyük Britaniyada nümayiş etdirdiyi yanaşma nümunə gətirilə bilər. Böyük Britaniyada “BlaBlaCar” zəruri xərclərin müəyyən edilməsi üçün müvafiq vergilər orqanının1 müəyyən etdiyi qaydadan 2 istifadə edilir. Həmin qayda əmək münasibətləri çərçivəsində işçinin işgüzar məqsədlər üçün şəxsi nəqliyyat vasitəsindən istifadə etdiyi halda işəgötürən tərəfindən onun qət etdiyi hər milə uyğun olaraq ödəyə biləcəyi yanacaq sərfiyyatı haqqını müəyyən edir. Həmin akt çərçivəsində 10.000 milədək qət edilmiş məsafəyə görə ödənilən məbləğ vergilərdən azaddır3.
Digər bir maraqlı məsələ isə odur ki, Azərbaycanda adıçəkilən tətbiq istifadə edildiyi halda vergiqoyma siyasəti perspektivindən yanaşma necə olmalıdır? Azərbaycan Respublikası Vergilər Məcəlləsi (bundan sonra “Məcəllə”) baxımından sərnişin daşımaları ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisidirlər 4 və həmin fəaliyyət ilə məşğul olmaq üçün vergi qeydiyyatından keçməlidirlər. Tətbiq edilən sadələşdirilmiş verginin dərəcəsi və müvafiq olaraq hər oturacaq yerinə münasibətdə5 baza dərəcəni müəyyən edilir və daşımanın həyata keçirildiyi ərazi baxımından tətbiq edilən əmsalı qeyd edir 6. Sərnişin və ya yük daşımasını həyata keçirən şəxslər bu halda fərqlənmə nişanı almalıdırlar.7
Sadələşdirilmiş vergi sərnişin daşımalarına münasibətdə ümumi dövriyyədən müəyyən edilməsi səbəbindən “BlaBlaCar”-ın təcrübəsini tətbiq edən şəxslər gəlir əldə etməmələrinə baxmayaraq vergi ödəmək öhdəliyi daşıyırlar.