İnvestorlar şənbə günü keçmiş ABŞ prezidenti Donald Trampın seçki kampaniyası mitinqində baş verən sui-qəsd cəhdindən sonra, gələn həftə “Trampın qələbəsi” ehtimalları fonunda birjalarda ciddi ralli gözləyirlər. Qulağından güllə yarası alan, lakin meydan oxuyan Tramp hücumdan dərhal sonra belə cəhdlərin onu yolundan döndərməyəcəyini bildirdi ki, bu da onun kampaniyasını potensial olaraq gücləndirə bilər.
Analitiklər bu hadisə ilə 1981-ci ildə Ronald Reyqana qarşı sui-qəsd cəhdinin nəticələri arasında paralellər apardı və bu, Trampın yenidən prezident kürsüsünə gəlmək şansının artmış ola biləcəyi ilə bağlı fərziyyələrə səbəb oldu.
Silahlı hücumdan əvvəl bazar hərəkətləri Trampın prezidentlik ehtimallarını qiymətləndirirdi. Dollar güclənirdi və investorlar ABŞ Xəzinədarlıq və Maliyyə Nazirliyinin gəlirlilik əyrisi üçün mövqe tuturdular. İqtisadçılar bu tendensiyaların yaxın günlərdə daha da güclənəcəyini proqnozlaşdırırlar.
İnvestorların və bazar analitiklərinin, Trampın qalib gələcəyi təqdirdə, daha sərt ticarət siyasəti, daha az tənzimləmə və iqlim dəyişikliyi tədbirlərinin yumşaldılması da daxil olmaqla bəzi gözləntiləri var. Bundan əlavə, gələn il başa çatacaq vergi endirimlərinin uzadılacağı gözləntiləri də potensial büdcə kəsirləri ilə bağlı narahatlıqları artırır.
Tramp daha əvvəl Federal Ehtiyatlar Sisteminin sədri Cerom Paveli yenidən təyin etməmək niyyətində olduğunu bəyan edib və investorlar bu faktorun fiskal siyasət və faiz dərəcələrinə təsirlərini diqqətlə izləyirlər. Cümə günü rekord həddə çatan “S&P 500” və “Dow Jones Industrial Average” kimi, Xəzinədarlıq gəlir əyrisi və bazar indekslərində baş verən dəyişikliklər, dəyişkən investor əhval-ruhiyyəsini əks etdirir.
Silahlı hücum dünya liderləri və ABŞ siyasətçiləri tərəfindən pislənməklə yanaşı, Tramp “Tesla”-nın sahibi İlon Mask kimi sənaye rəhbərlərindən də dəstək alıb və onlar Trampın sərtliyini tərifləyib. “Goldman Sachs” analitikləri qeyd edirlər ki, tarixən prezident seçkilərində respublikaçıların qələbələri baş direktorların inamına, istehlakçı əhval-ruhiyyəsinin yüksəlməsinə və kiçik biznes nikbinliyinə daha müsbət təsir göstərib.
Bazarın atışmaya reaksiyası və onun prezidentlik yarışına potensial təsiri investorların diqqət mərkəzində qalmaqda davam edəcək, çünki onlar seçkinin nəticələrini gözləyərək strategiyalarını tənzimləyirlər.
Çində deflyasiya ABŞ-da və Avrozonada inflyasiyanı azalda bilər
Çində iqtisadi yavaşlamadan qaynaqlanan deflyasiyanın, ABŞ və Avrozonada gözlə görünən təsirləri beynəlxalq bazarlara yayılır əmtəə qiymətlərinin aşağı düşməsinə səbəb olur.
İqtisadçıların təhlilləri göstərir ki, Çin 1990-cı illərdən bəri özünün ən ağır deflyasiya dövrünü yaşayır və hökumətin son cəhdləri iqtisadi sabitliyin təmin edilməsinə yönəlsə də, həddindən artıq istehsalla bağlı problemləri gücləndirib.
Bu deflyasiyanın nəticələri ən çox təməl istehlak mallarına, xüsusilə də geyim və elektronikaya təsir göstərir. “Morgan Stanley”-ə görə, bu, ABŞ və Avrozonada əsas inflyasiya dərəcələrinin 0.1% civarında bir qədər azalmasına səbəb olub. Bu, əsasən təməl istehlak mallarında inflyasiyasının əhəmiyyətli dərəcədə - 0.5% - azalması ilə əlaqədardır.
Analitiklərin fikrincə, ümumi təsir hələ kifayət qədər məhdud olsa da, bu, Federal Ehtiyatlar Sistemi və Avropa Mərkəzi Bankı kimi tənzimləyici qurumlara il ərzində pul-kredit siyasətini yumşaltmaq üçün tədbirləri nəzərdən keçirməyə daha çox çeviklik təmin edir.
Analitikləri vurğulayırlar ki, Çinin dünya miqyasında malların ixracında aparıcı rolu nəzərə alınsa, ölkədəki deflyasiya ixrac imkanlarını artırır. Bunun idxal mallarından asılı olan sektorlar üçün daha geniş nəticələri olacaq. Məsələn, İstehlak Qiymətləri İndeksinin bir hissəsi olan ABŞ-ın geyim bazarında Çindən idxal olunan məhsulların aşağı qiymətləri səbəbindən qiymətlər 0.3%-ə qədər azala bilər.
EUR
Ardıcıl 3 həftədir bahalaşan EURUSD məzənnəsində bu həftə tendensiyanın necə davam edəcəyinə dair suallara aydınlıq gətirmək üçün investorlar çərşənbə günü Avrozonada, cümə günü Almaniyada açıqlanacaq inflyasiya göstəricilərini, cümə axşamı isə Avropa Mərkəzi Bankının faiz qərarını, AMB sədri kristin Laqardın çıxışını yaxından izləyəcəklər.
Ötən həftəyə 1.08$ səviyyəsində start verən EURUSD məzənnəsi bahalaşaraq 1.0910 həddini test etsə də, burada müqavimətlə üzləşərək bir qədər ucuzlaşdı və həftəlik şamını 1.09$ həddində bağladı.
“Buğallar” qiyməti 1.09$ həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Cari həftənin çərşənbə günü İngitərədə dərc olunacaq İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksi göstəriciləri GBPUSD məzənnəsində tendensiyanın gedişində həll edici rol oynaya bilər.
Ötən həftəyə 1.2785 səviyyəsində başlayan GBPUSD məzənnəsi dolların ucuzlaşması fonunda kəskin bahalaşdı və həftəlik şamını 1.2985 səviyyəsində tamamladı.
Analitiklər ehtimal edirlər ki, “buğalar” qiyməti 1.30$ səviyyəsinin üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
OİLUK
Texas ştatındakı qasırğanın fəsadlarının proqnozlaşdırılan kimi ağır olmaması fonunda neft hasilatında kəsirlərin yaranması qorxularının ortadan qalxması neftin ucuzlaşmasına səbəb oldu. Həftəyə 87$ səviyyəsində başlayan “Brent” nefti (OİLUK) 84.50$-a kimi ucuzlaşdı. Lakin, buradan dəstək alaraq bir qədər bahalaşdı və həftəni 85.50$-da başa vurdu. “Buğalar” qiyməti 87$-ın üzərinə yüksəldə və burada saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Əhəmiyyətli müqavimət həddi kimi 90$ səviyyəsi çıxış edir.
XAU/USD
Ötən həftəyə 2386.50$ səviyyəsindən başlayan və “güvənli liman missiyası”-nı davam etdirən qızıl 2424.50$-a kimi bahalaşdı.
Həftəlik şamını 2411.60$ həddində tamamlayan “sarı metal”-da “Buğalar” qiyməti 2400$ həddinin üzərində saxlaya bilsələr, yeni maksimumlar müşahidə oluna bilər.
Cari həftə ərzində həmçinin, Kanadada, Yeni Zellandiyada və Yaponiyada da İstehlak Qiymətləri İndeksi və İstehlak Qiymətlərinin Baza İndeksi göstəriciləri açıqlanacaq. Bundan başqa, Amerikada İdxal Qiymət İndeksi, İxrac Qiymət İndeksi, Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi, “Bej Kitab” hesabatı, FED sədri Cerom Pavelin çıxışı, Avrozonada və Almaniyada ZEW Cari Vəziyyət İndeksi və İqtisadi Həssaslıq İndeksi göstəriciləri, İngiltərədə və Avstraliyada əmək bazarı hesabatı investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.