Dünən Amerikada inflyasiya göstəricilərinin dərcindən sonra da, dollar bahalaşmaqda davam edir.
ABŞ Əmək Departamentinin məlumatlarına görə, oktyabr ayında İstehlak Qiymətləri İndeksi (CPİ) proqnozlara uyğun olaraq keçən ilin eyni ayı ilə müqayisədə 2.6% artıb.
Aylıq müqayisədə də istehlak qiymətləri ehtimal olunduğu kimi, 0.2% yüksəlib.
Ərzaq və enerji istisna olmaqla hesablanan baza inflyasiya (Core CPİ) aylıq 0.3%, illik isə 3.3% artıb. Analitiklər də baza inflyasiyanın aylıq 0.3%, illik isə 3.3% artacağını bəyan etmişdilər.
ABŞ-da istehlak qiymətlərinin oktyabr ayında gözlənildiyi kimi artmağa davam etməsi inflyasiyanın aşağı kursunun ilin ortalarından etibarən yavaşladığını göstərir. Bu, cari vəziyyətin Federal Ehtiyatlar Sisteminin gələn il daha məhdud faiz endirimi etməsinə səbəb ola biləcəyi ilə bağlı ehtimalların güclənməsinə səbəb olub.
Dərc olunan inflyasiya göstəriciləri birjalarda sürətli reaksiyalara səbəb olub. ABŞ-ın 10 illik Xəzinədarlıq istiqrazlarının gəlirliliyi 4.378%-ə düşüb. Valyuta bazarında dollar artım tendensiyasını qoruyub saxladı. EUR/USD 1.0550, GBP/USD 1.2680, qızıl isə 2560$-a kimi ucuzlaşıb.
İnflyasiya rəqəmlərini fonunda kriptovalyuta bazarında da aktivlik müşahidə olunub. Bitkoin 93265$-a qədər bahalaşdıqdan sonra 88540$-a qədər bir qədər ucuzlaşdı. Hazırda, 89600$ həddində ticarət olunan BTC-nin qiyməti bu həddin üzərində möhkəmlənə bilsə, artım tendensiyası daha kəskin xarakter ala bilər. Ethereum analoji təcillə 3442.5$ səviyyəsini test etdi.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analaitikləri tərəfindən hazırlanıb.