Dünən Almaniyada inflyasiyaya dair göstəricilərin dərc olunması fonunda beynəlxalq birjalarda avro dollar qarşısında ucuzlaşıb. EUR/USD valyuta cütlüyü 1.1208 səviyyəsindən 1.1113 səviyyəsinə qədər geriləyib. Lakin, sonra cütlük bir qədər bahalaşıb və hal-hazırda 1.1138 səviyyəsində ticarət olunur. USD/JPY cütlüyü isə 141.620 həddindən 144.300 həddinə kimi yüksəlib. Qızılın qiyməti dünən 2666$-dan 2629$-a qədər ucuzlaşdı.
Bazar ertəsi günü Almaniyanın Federal Statistika İdarəsi (Destatis) Almaniya standartlarına uyğun hesablanan İstehlak Qiymətləri İndeksi göstəricilərini dərc edib. Belə ki, ölkədə istehlak qiymətləri sentyabr ayında illik müqayisədə 1.6% artıb. Avqust ayına nisbətən isə dəyişiklik qeydə alınmayıb. Qeyd etmək lazımdır ki, mütəxəssislər illik ifadədə 1.7%, aylıq ifadədə isə 0.1% artım ehtimal edirdilər.
Həmçinin, Milli Statistika İdarəsinin (ONS) hesabatına əsasən, Böyük Britaniya iqtisadiyyatı 2024-cü birinci rübü ilə müqayisədə ilin ikinci rübündə 0.5% böyüyüb. Yaponiyada Pərakəndə Satışların Həcmi isə avqust ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 2.8% artıb. Eləcə də, Yaponiyanın Sənaye Sektorunda İstehsal Həcmi əvvəlki ay ilə müqayisədə 3.3%, illik ifadədə isə 4.9% azalıb.
Bugün Avrozonada açıqlanacaq infyasiyaya dair nəticələr investorların diqqət mərkəzində olacaq əsas hadisələrdən biridir. Həmçinin, Almaniyanın və Avrozonanın xidmət sektorlarında PMI və ABŞ-ın əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) göstəriciləri də maraqla gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.