“PAŞA Kapital"ın vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.
Bu barədə FED.az-a Azərbaycan Mərkəzi Bankınıdan məlumat verilib.
Məlumatda deyilir ki, Mərkəzi Bankın qiymətli kağızlar bazarında həyata keçirdiyi tənzimlənmə və nəzarət tədbirləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması investorların hüquqlarının müdafiəsi və şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də (Şirkət) “Qiymətli kağızlar bazarı haqqında Qanun”un 33.1-ci, “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 3.4-cü, 3.5-ci, 14.3-cü, 3.11-ci, 12.1-ci, 19.3.4-cü, 19.3.8-ci, 19.3.9-cu, 19.4.9-cu, 5.3-cü və 5.5-ci bəndlərinin, “Marja ticarəti Qaydası”nın 3.6-cı, 6.5-ci və 8.2-ci bəndlərinin tələblərinin pozulması səbəbilə onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 414-cü və 416.0.1-ci maddələrinə müvafiq olaraq ümumilikdə 6 200 manat məbləğində cərimə edilmişdir.
Eyni zamanda, sözügedən nöqsan və çatışmazlıqların Şirkətin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilmişdir.