Ötən həftənin cümə günü ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayının (NFP) kəskin azalmasına baxmayaraq dollar öz güclü mövqelərini qoruyub saxlaya bilib.
Qeyd edək ki, ABŞ-da “NFP” 12 min olub. Bu barədə ölkənin Əmək Nazirliyinin açıqlamasında məlumat verilib.
Bu, 2020-ci ilin dekabr ayından bəri ən kiçik artımdır. Göstəricilərin zəif açıqlanması “Helen” və “Milton” qasırğaları, həmçinin, Kaliforniya və Havaidə otel işçilərinin və “Boeing Co.” əməkdaşlarının tətili ilə əlaqələndirilir.
Ötən ay ölkədə işsizlik 4.1% səviyyəsində qalıb.
Analitiklər iş yerlərinin sayının 106 min artacağını və işsizliyin eyni səviyyədə qalacağını proqnozlaşdırmışdılar.
Dolların öz mövqelərini qoruya bilməsində 31 oktyabrda Amerikada dərc olunmuş inflasiya göstəriciləri təsirli olub.
ABŞ-ın Ticarət Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin avqust ayı ilə müqayisədə sentyabr ayında ölkə əhalisinin gəlirləri 0.3%, xərcləri isə 0.5% artıb.
Ekspertlərin proqnozu gəlirlərin 0.3%, xərclərin isə 0.4% artmasını nəzərdə tuturdu.
Şəxsi İstehlak Xərcləri İndeksi (PCE indeksi) analitiklərin proqnozlarına uyğun olaraq avqust ayı ilə müqayisədə sentyabr ayında 0.2% artıb. İllik ifadədə göstərici 2021-ci ilin fevral ayından bəri ən aşağı səviyyəyə (2.1%) qədər yavaşlayıb.
Həmçinin, ərzaq və enerji resurslarının xərclərini nəzərə almayan PCE Core indeksi sentyabr ayında aylıq ifadədə 0.3%, illik ifadədə isə 2.7% olmaqla beş ayın ən yüksək səviyyəsinə yüksəlib. Ekspertlər göstəricilərin müvafiq olaraq 0.3% və 2.6% artacağını proqnozlaşdırmışdılar.
Cari həftə ərzində isə Amerikada noyabrın 5-i keçiriləcək Prezident seçkilərinin nəticələri və noyabrın 7-si FED-in baş tutacaq toplantısı sonrası veriləcək faiz qərarı birjalarda aqressiv dalğalanmalara səbəb ola bilər.
Qlobal bazarlarda müxtəlif aktivlərə sərmayə qoyan investorlar diqqəti ABŞ seçkilərinə yönəldiblər.
Əmtəə bazarları da, xüsusilə, Donald Tramp ssenarisində baş verə biləcək yeni dövr üçün qiymətləri yenidən nəzərdən keçirir.
ABŞ-da seçkilərin son mərhələyə çatdığı bir vaxtda bazar iştirakçıları qiymətlərlə bağlı son mövqelərini ortaya qoyurlar. Bazar iştirakçıları öz qiymətlərində keçmiş məlumatları diqqətlə araşdırırlar.
FED rəsmilərinin cümə axşamı Federal Açıq Bazar Komitəsinin iclasında inflyasiyanın 2% hədəfinə doğru irəliləməyə davam etdiyi üçün, faiz dərəcələrini 0.25% azaltması ehtimal olunur.
“FOMC”-un sentyabr ayında keçirilən iclasında faiz dərəcəsi 50 baza bəndi azaldılıb.
Rəsmilər son üç ildə yüksək inflyasiya faiz dərəcələrinin dramatik şəkildə artmasına səbəb olduqdan sonra, faiz dərəcələrinin dəqiq harada qərarlaşacağını anlamağa çalışırlar.
Federal Ehtiyyatlar Sisteminin cümə axşamı günü iki günlük iclasını bitirdiyi zaman prezidentlik yarışı hələ də həll olunmamış ola bilər. Lakin, bu qeyri-müəyyənlik FED-in faiz dərəcəsini daha da azaltmaq qərarına təsir etməyəcək. Amma, yanvar ayında yeni prezident və Konqres vəzifəyə başladıqdan sonra, xüsusən də, Donald Tramp Ağ Ev uğrunda mübarizədə yenidən qalib gələrsə, FED-in növbəti qərarları daha qeyri-müəyyən olacaq.
Bu həftə, həmçinin, İngiltərə və Avstraliya Mərkəzi Banklarının faiz qərarları investorların diqqət mərkəzində olacaq. Bundan başqa, həftə ərzində Amerikada, Avrozonada, Almaniyada və İngiltərədə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri də dərc olunacaq.
EUR
Ötən həftənin cümə axşamı günü “Eurostat”-ın verdiyi məlumata əsasən, oktyabr ayında Avrozonada istehlak qiymətləri illik müqayisədə 2%, ərzaq və enerji xərcləri nəzərə alınmadan hesablanan istehlak qiymətləri (CPI Core index) isə 2.7% artıb. Aylıq ifadədə Avrozonada İstehlak Qiymətləri İndeksi oktyabr ayında 0.3% səviyyəsində dərc olunub. Nəticədə, həftəyə artımla başlayan EURUSD məzənnəsi 1.09$ həddini test etdikdən sonra, yenidən ucuzlaşdı və həftəni 1.0830 səviyyəsində tamamladı.
Cari həftə ərzində Almaniyada və Avrozonada dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri EURUSD məzənnəsində tendensiyanın gedişinə ciddi təsir edə bilər.
Yeni həftəyə “gap”-lə 1.0876 səviyyəsində başlayan EURUSD məzənnəsində “ayılar” qiyməti 1.09$-ın altında qoruyub saxladığı müddətcə, eniş tendensiyası davam edə bilər.
Lakin, ABŞ-da keçiriləcək prezident seçkiləri və FED-in fazi qərarı fonunda mümkün əks ssenaridə isə, 1.09$ səviyyəsi psixoloji müqavimət həddi kimi çıxış edir.
GBP
Keçən həftəyə 1.2970 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.3040 həddinə qədər bahalaşsa da, həftənin son ticarət günündə yenidən ucuzlaşdı və həftəlik şamını 1.2910 səviyyəsində tamamladı.
GBPUSD məzənnəsi də cari həftəyə “gap”-la başladı. Açılışı 1.2965 həddindən reallaşan məzənnədə “ayılar” qiyməti 1.30$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
OİLUK
Ötən həftə Yaxın Şərqdəki geopolitik risklər və hasilatla bağlı mənzərə səbəbiylə bahalaşan neft qiymətlərinin cari həftə ərzində necə dəyişəcəyi də investorları düşündürən əsas məqamlardan biridir. Çünki, riskli aktivlər və valyuta bazarları ilə yanaşı, əmtəə bazarları da ABŞ-da prezident seçkilərinin nəticələrinə fokuslanıb.
Digər yandan isə, treyderlər Yaxın Şərqdə baş verən proseslərə qarşı da həssaslıqlarını saxlayırlar.
Ötən həftəyə 73.10$ səviyyəsində başlayan “Brent” nefti (OİLUK) həftə ərzində mövcud geosiyasi və iqtisadi risklər fonunda 75.30$ həddinə kimi bahalaşsa da, burada müqavimətlə üzləşdi və bir qədər ucuzlaşaraq həftəlik şamını 73.30$ həddində bağladı.
Cari həftəyə 74.70$-dan “gap”-la başlayan OİLUK-də qiymət 75$-ın üzərində möhkəmlənərsə, artım tendensiyası davam edə bilər.
XAUUSD
Qızıl ötən həftə qarşıdan gələn ABŞ seçkiləri və Yaxın Şərqdəki münaqişələrdən qaynaqlanan təhlükəsiz sığınacaq tələbi ilə 2790$-kimi bahalaşaraq növbəti dəfə rekord hədlərini yeniləsə də, həftənin son ticarət günündə ucuzlaşdı və həflətik şamını 2736$ həddində bağladı.
FED-in qarşıdakı aylarda faiz dərəcələrini aşağı salmaq üçün daha mərhələli addım atacağına dair gözləntilər və möhkəmlənən dollar qızılın artım tendensiyasını dayandıra bilmədi. ABŞ-da gərgin keçməsi gözlənilən seçkilərdə son mərhələdir və Respublikaçı namizəd Donald Tramp qlobal ticarəti pozacaq kütləvi vergi tarifləri vəd edir.
Artım tendensiyasını ardıcıl 4-cü həftə davam etdirən qiymətli metalın qarşısında duran əsas müqavimət hədləri kimi, 2800$ və 2850$ səviyyələri çıxış edir. 2715$ - 2.685$ diapazonu isə dəstək zonası kimi yaxından izlənilə bilər.