Dünyanın kriptovalyuta bazarında koinlərin qiyməti sürətlə artmaqdadır. Fed.az xəbər verir ki, bazar həcminə görə, ən böyük 100 kriptovalyutanın 87-si bahalışıb, 13-ü ucuzlaşıb. Özü də bu 13 kriptovalyutanın 10-u cəmi 1-2 faiz ucuzlaşıb. Bahalaşanların isə həm sayı həm də artım sürəti daha yüksəkdir.
Əsas kriptovalyvuta olan bitkoin son bir sutkada 6% bahalaşaraq 10 min dollarlıq həddə çatıb və qısa müddət olsa da 10070 dollara çatıb, hazırda bitkoinin qiyməti 9900 dollar ətrafındadır.
Son iki ay ərzində bitkoin təqribən iki dəfə bahalaşıb. Sonuncu dəfə martın 13-də, yəni iki aydan da az müddət əvvəl bitkoin 4 184 dollara satılmışdı. O vaxtdan indiyədək qiymətlər 2,3 dəfə yüksəlib.
Paralel olaraq bitkoinlə ticarət də kəskin artır. Təkcə son sutka ərzində bitkoin satışlarının həcmi 10% yüksələrək 51 milyard dollara çatıb.
Başqa sözlə, martın 13-də bitkoinə 1000 dollar yatıran investor hazırda bu vəsaiti 2300 dollara çatdıra bilərdi.
Bitkoinin bahalaşmasının bir neçə səbəbi var.
Hazırda aktual olan əsas səbəb koronavirus pandemiyasıdır. Virus dünya iqtisadiyyatında «əyləci» basdığı üçün bir sıra yatırım alətləri riskli olub. Səhmlər, valyutaların volatilliyi artıb, istiqrazların gəlirliyi aşağı düşüb, məzənnələr tez-tez dəyişir, bu qeyri-müəyyənliyə görə, daşınmaz əmlaka da yatırım etmək riskli olub. Bir sözlə, birjalarda yatırım etmək üçün risksiz alət tapmaq çətinləşib. Nəticədə bitoinə yatırım edənlər kəskin artıb.
Amma bitkoini bahalaşdıran daha ciddi və fundamental səbəblər var. Əvvəla bitkoin bir neçə il əvvəlkindən fərqli olaraq dünya iqtisadi sisteminə o qədər də yad element sayılmır. Əksinə blokçeyn texnologiyalarının daha geniş tətbiqi, xüsusilə hökumətlər tərəfindən istifadə edilməsi bu texnologiyaya etimadı, onun ciddiliyini artırıb. Bitkoin də blokçeynə əsaslandığından ondan əvvəlki kimi ehtiyat etmirlər.
Digər səbəb, son vaxtlar kriptovalyata aləmində «təmizlənmə» proses gedir. Təsadüfi, spekulyasiya məqsədilə buraxılan və tezliklə məhv olan koinlərin sayı azalmasa da bazarın təcrübəli iştirakçıları onları ciddi alətlərdən fərqləndirə bilirlər.
Kriptovalyuta şəbəkəsainin keyfiyyəti də artır, eləcə də bu sahədə etibarı artıran dövlət tənzimlənməsi hiss olunur.
Digər tərəfdən, dünyanın iri birjaları bir neçə il bu sahəni qəsdən iqnor etsələr də, son nəticədə bitkoinlə ticarətə ehtiyatla icazə verməyə hazırlaşırlar. Hətta Azərbaycanda tamamilə rəsmi olaraq kriptovalyuta birjası yaradılıb.
Digər maraqlı məqam – bazara gənc investorların daxil olması bitkoinə marağı artırır. Daha yaşlı və fərqli alətlərə öyrəşmiş investorlardan fərqli olaraq onlar bitkoindən çəkinmir, bura həvəslə pul yatırırlar.
Nəhayət, ən əsas səbəb – bitkoin istehsalı getdikcə çətinləşir.
Hazırda bitkoinlərin sayı istehsal – mayninq hesabına artır. 2020-ci ildə istehsal qaydaları dəyişəcək və nəticədə bitkoin istehsalı əvvəlki illərlə müqayisədə daha çətin olacaq.
Bu proses kifayət qədər mürəkkəbdir. Bitkoin blokçeyn texnologiysı əsasında istehsal edilir – blokçeyn böfyük bir məlumat bazasıdır və burada bütün tranzaksiyalar barədə məlumatlar toplanır.
Bitkoin istehsal etmək istəyənlər bu şəbəkəyə yeni bir blok kimi qoşulmaqla tranzaksiyaların həyata keçirilməsində iştirak etməyə başlayırlar. Hər belə blok yeni məlumat bazasıdır və mayninq prosesində iştirak edir. Bu prosesin iştirakçısı olmağın müqabilində mayninqlə məşğul olanlar mükafat olaraq bitkoin qazanırlar.
İlk baxışdan pul qazanmaq üçün rahat sxemdir, amma məsələ ondan ibarətdir ki, belə blokların, mayninqlə məşğul olanların sayı hər il artır. Nəticədə hər maynerə düşən bitkoin payı azalır. Bu da son nəticədə bitkoinin maya dəyərinin artması deməkdir. Belə ki, uzaq 2009-ci ildə bir blok 50 bitkoin istehsal edə bilirdisə, 2012-ci ildə bu rəqəm 25-ə, 2016-cı ildə isə 12,5 bitkoinə enib. Ekspertlər istisna etmir ki, 2020-ci ilin mayında bitkoin istehsalı üzrə mükafatlar daha da azalacaq və 6,25 bitkoinə düşəcək. Nəticədə bitkoin təklifi azalacaq, tələb isə ildən ilə artır.
Bütün bu proses son nəticədə qiymətlərin artımı ilə başa çatır. Artım barədə proqnozlar fərqlidir. Bəzi ekspertlər qiymətlərin tədricən artacağını gözləyir. «Morgan Creek» şirkətinin təsisçisi Mark Yusko isə bildirir ki, gələcəkdə bitkoin 100 min dollaradək bahalaşacaq.
«Bitcoinist» portalının analitiki Yaşa Qol isə hesab edir ki, hazırda bitkoin həddən çox alınıb və yaxın vaxtlarda yenidən 8500 dollar, 8200 dollar, hətta 6300 dollaradək ucuzlaşa bilər.
Başqa bir analitik Kolin Müller isə hesab edir ki, bitkoinin qiyməti 20 min dollaradək arta bilər.