Dünyanın kriptovalyuta bazarında sürətli qiymət artımı və əməliyyatların çoxalması davam edir.
FED.az xəbər verir ki, əsas kriptovalyuta sayılan bitkoinin qiyməti son sutka ərzində daha 3% artaraq 24 min dolları keçib. Bitkoin öz tarixində ilk dəfə olaraq 24 075 dollara satılıb. Sonradan qiymətlər bir qədər sabitləşib və hazırda 23 700 – 23 800 dollar ətrafında dəyişir.
Ümumiyyətlə, son 4 gün ərzində – dekabrın 15-dan 20-dək bitkoinin qiymətində 5 min dollara yaxın artım olub. Son bir həftədə isə bitkoin 24% bahalaşıb.
Ekspertlər hesab edir ki, 24-25 min dollarlıq həddi keçəndən sonra bitkoinin 30 min dollaradək bahalaşma ehtimalı var.
Bitkoinlə paralel olaraq digər kriptovalyuta - Litecoin (LTC) də sürətlə bahalaşır. Son bir həftə ərzində bu valyutanın qiyməti 50%-dən çox bahalaşaraq 79 dollardan 118 dollara yüksəlib. Təkcə son sutka ərzində Litecoin (LTC) 10%-ə yaxın bahalaşıb və 107,7 dollardan 118 dollara yüksəlib.