Birja

Azərbaycanda foreks əməliyyatları üzrə yeni qaydalar qüvvəyə minib

Azərbaycanda foreks əməliyyatları üzrə yeni qaydalar qüvvəyə minib | FED.az
22:23 25 Okt 2019

Maliyyə Bazarlarına Nəzarət Palatası “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar”ına dəyişikliklər edib. (Marja ticarəti – foreks (forex) əməliyyatları).

FED.az xəbər verir ki, ən mühüm dəyişikliklərdən biri kredit çiyni nisbətinin məhdudlaşdırılmasıdır.

Eləcə də bax:«Foreks»ə pul qoyanlar azalıb – «HƏLƏLİK SƏRFƏLİ DEYİL»

Maliyyə Bazarlarına Nəzarət Palatasının Departament rəhbəri Samir İsmayılov “Azərbaycan” televiziyasında bildirib ki, Palata foreks əməliyyatlarında yeni investorlar üçün maksimum kredit çiyini həddini 1:30 səviyyəsində müəyyən edib:

“Foreks əməliyyatları çox riskli hesab olunur. Buna görə foreks əməliyyatlarının tənzimlənməsi zəruridir. Yenilənmiş qaydalar ilə, investisiya şirkətləri tərəfindən investorlara ayrılan kredit çiyni məhdudlaşdırılır. İndiyədək belə məhdudiyyət yox idi. İnvestor 1000 ABŞ dolları məbləğində vəsaitini investisiya edərək 100 min ABŞ dolları məbləğində əməliyyatlar həyata keçirə bilirdi. Bu isə o demək idi ki, investor vəsaitini çox kiçik volatillik halında və çox qısa müddətdə itirirdi. Bu risklərdən qorunmaq üçün beynəlxalq təcrübəyə uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası foreks əməliyyatlarında kredit həddini 1:30 həddində müəyyən edib. 1:30 həddi investorları risklərdən qoruyur”.

Qeyd edək ki, indiyədək investorlar ən çox 1:100 kredit çiynindən istifadə edərək əməliyyatlar aparırdılar.

Digər bir dəyişikliyə görə, investisiya şirkəti investorları əməliyyatlara başlamadan əvvəl bu əməliyyatdan irəli gələn risklər ilə tanış etməlidir. Eyni zamanda, investorlar ilk öncə təlim (demo) hesabında əməliyyatlar aparmalıdırlar.

Yeni qaydalar 22 Oktyabr 2019-cu il tarixində qüvvəyə minib.

Məlumat üçün bildirək ki, kredit çiyni (kredit dəstəyi) -  foreks əməliyyatlarında yatırım investisiyasından dəfələrlə artıq həcmdə ticarət əməliyyatlarının icrasına imkan yaradan sistemdir. Məsələn,  foreks ticarətinə qoşulan şəxsin öz vəsaiti 1:50-yə kredit çiyni ilə 50 dəfə, 1:100-ə kredit çiyini ilə 100 dəfə artırılır. 1000 dolları olan investor bu sistem ilə beynəlxalq valyuta bazarında 100 min dollarlıq alış və satış əməliyyatları apara bilir. Palatanın qaydalarına görə, Azərbaycanda foreksə qoşulanların yatırımının investisiya şirkətləri tərəfindən ən çox 30 dəfə artırılmasına icazə veriləcək.

“Marja”

Digər xəbərlər