Prezident İlham Əliyev bir qədər əvvəl lisenziyası ləğv edilmiş banklarda əmanətlərin sahiblərinə qaytarılması ilə maraqlanıb.
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin iyulun 15-də keçirilən iclasında dövlət başçısı Mərkəzi Bank rəhbəri Elman Rüstəmovdan bank sektorundakı vəziyyət, o cümlədən bağlanan banklardakı əmanətlərin sahiblərinə necə qaytarılması barədə soruşub: «Məlumat verin, bank sektorunda vəziyyət necədir? Bağlanmış banklarla bağlı vəziyyət və əmanətçilərin kompensasiyası ilə bağlı hansı işlər görülüb? Məndə olan məlumata görə, 10 mindən çox əmanətçiyə 200 milyon manatdan çox vəsait verilməli idi. Verilib, verilməyib? Bu məsələ nə dərəcədə öz həllini tapır ki, əmanətçilər onlara çatacaq bütün vəsaitlə tamamilə təmin olunsunlar?»-deyə dövlət başçısı soruşub.
Mərkəzi Bank rəhbəri bildirib ki, 4 bankın və 1 sığorta şirkətinin lisenziyası ləğv edilib və bütün problemlər operativ qaydada həll edilir.
«İyunun 1-dən artıq əmanətçilərin əmanətləri qaytarılmağa başlandı. Hazırda hər dörd bank üzrə əmanətlər “Kapital Bank” və Beynəlxalq Bank vasitəsilə qaytarılır. Bugünkü tarixə 13 min 500 nəfər əmanətçiyə 245 milyon manatdan çox vəsait qaytarılmışdır. Bu məsələ çox ciddi diqqətdədir, nəzarətdədir. Ortaya çıxan məsələləri, problemləri hökumətin də aktiv dəstəyi, köməyi ilə operativ həll edirik»-deyə Elman Rüstəmov bildirib.