Hakerlər “British Airways” aviaşirkətinin 244 min müştərisinin oğurlanan bank kartları məlumatlarını internetdə satışa çıxarıblar.
FED.az xəbər verir ki, xarici KİV-lərin yazdığına görə, bu barədə kibertəhlükəsizlik sahəsində ixtisaslaşan “Flashpoint” şirkəti məlumat verir.
Şirkətin ekspertləri müəyyən ediblər ki, internetin kölgəli seqmentində bu məlumatlar 6,94 funt sterliqdən (9 ABŞ dolları) 38,58 funt sterlinqə (50 dollar) kimi qiymət diapozonunda satışa qoyulublar. Bu məlumatların satışı haker qrupuna 9,4 milyon funt sterlinq (12,19 mln. dollar) gəlir gətirə bilərdi. Şirkət hesab edir ki, bu kiber hücüm Rusiya mənşəli olduğu iddia edilən “Magecart” haker qruplaşması tərəfindən həyata keçirilib.
Qeyd edək ki, “Risk İQ” kiber təhlükələrlə mübarizə şirkətinin təhlilinə əsasən cinayətkarlar “Magecart” skimminq sxemini (kartın məlumatlarının oxunma cihazı vasitəsi ilə oğurlanması) istifadə edərək onu aviadaşıyıcının internet səhfəsinin arxitekturasına adaptasiya ediblər.
Bu skimmer “British Airways”in saytında ödənişlərin təşkilinə çox yaxşı şəkildə uyğunlaşdırılıb. Bu isə ondan xəbər verir ki, icraçılar hücuma keçmə yollarını çox detallı fikirləşiblər.
Cinayətkarlar saytı qırma sxemini elə qurublar ki, o, ödənişlərin işlənməsi ilə qarışsın və üzə çıxması çətin olsun. Ekspertlər həmçinin şübhələnirlər ki, hakerlər kiber hücuma başlamazdan xeyli qabaq sayta giriş əldə ediblər.
Xatırladaq ki, sentyabr ayının əvvəlində "British Airways" 380 min müştərisinin kredit kart məlumatlarının xaker hücumu nəticəsində cinayətkarların əlinə keçməsini təsdiq etdi.