ABB-nin İdarə Heyəti sədrinin müşaviri Heybət Qədirov Özbəkistanın “ABB Davr Bank” İdarə Heyəti sədrinin müavini təyin edilib.
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
FED.az xəbər verir ki, bu barədə qərar bankın səhmdarlarının oktyabrın 9-da keçirilən növbədənkənar ümumi yığıncağında qəbul olunub.
Heybət Qədirov yeni vəzifəsində bankın əvvəlki rəhbərliyində təmsil olunan şəxslərdən birini əvəz edəcək. Onunla yanaşı, ABB-nin baş direktoru Aynur Süleymanlı da İdarə Heyəti sədrinin müavini təyin olunub. Yeni təyinatlar Özbəkistan Mərkəzi Bankı ilə razılaşdırıldıqdan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Heybət Qədirov 2026-cı il sentyabrın 10-da “Unibank”dakı vəzifəsindən ayrılıb. O, həmin bankda İdarə Heyəti sədrinin müavini, İcraçı direktorun birinci müavini və Baş Əməliyyat inzibatçısı vəzifələrində çalışıb.
H.Qədirov 2008-ci ildən “Unibank”da fəaliyyət göstərib. Karyerası ərzində kreditlərin inzibatçılığı, əməliyyat riskləri və pərakəndə bankçılıq istiqamətlərində müxtəlif rəhbər vəzifələr tutub. 2019–2021-ci illərdə pərakəndə biznes üzrə baş direktor, 2021-ci ilin dekabrından isə İdarə Heyəti sədrinin müavini olub.
O, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
Xatırladaq ki, ABB 2026-cı ilin sentyabrında “Davr Bank”ın 51%-lik səhmlərini təxminən 140 milyon dollara əldə edib. Bankın adının “ABB Davr Bank” olaraq dəyişdirilməsi də təsdiqlənib. (Banker)















