Son zamanlar sosial şəbəkələrdə sürücülərin sığorta sektorundan şikayətlərinə şahid oluruq.
Söhbət avtomobillərinin icbari sığorta müddətinin bitməsinə az qalan şəxslərə müxtəlif sığorta şirkətlərinin əməkdaşları tərəfindən daxil olan zənglərdən gedir.
İnsanların şəxsi mobil nömrələrinin şirkətlər tərəfindən necə öyrənilməsinə gəlincə, ekspertlər bildirirlər ki, şəxsi məlumatlar bir neçə vasitə ilə ələ keçə bilər.
Birincisi, avtomobillərin icbari sığortası ilə bağlı şəxsi məlumatlar İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində qeyd edilir. Digər tərəfdən, avtomobillərin alqı-satqı prosesində icbari sığorta müqaviləsi də tələb edilir. Avtomobilin alqı-satqısı zamanı notariusda, qeydiyyata alınanda isə DYP-də icbari sığorta müqaviləsi tələb edilir. Avtomobil sahiblərinin şəxsi məlumatları, o cümlədən mobil nömrələri yalnız bu şəkildə sığorta agentinə və ya satış nümayəndəsinə ötürülə bilər.
Ekspert Ərşad Hüseynov mövcud problemin hər ilin sonunda aktuallaşdığını bildirib. Onun fikrincə, bu zənglərin müsbət və mənfi tərəfləri mövcuddur: "Bəzən sürücülər sığorta şirkətlərinin zənglərindən bezdiklərini iddia edirlər. Amma sizi əmin edirəm ki, bu zənglər olmasa, sürücülərin böyük əksəriyyəti sığortanın bitməsindən xəbərdar olmayacaqlar. Nəticədə yol polisi saxlayıb cəriməni yazacaq. Təbii ki, bu zənglər arzuedilən deyil”.
Ekspertin sözlərinə görə, cəmiyyətdə DYP-nin sürücülərin nömrələrini sığorta şirkətlərinə satması ilə bağlı iddialar da mövcuddur. O, həm də sığorta şirkətlərində sürücülərlə bağlı fərdi məlumatların olduğunu deyib: "Hamı düşünür ki, DYP bu məlumatları sığorta şirkətlərinə satır. Amma ötən gün DYP tərəfindən bu iddialar təkzib edildi.
Əslində, hamımız bundan öncə sığorta etdirmişiksə, bu zaman müqavilədə fərdi məlumatlarımız qeyd edilir. Avtomobilimizin markası, telefon nömrəmiz və digərləri. Təbii ki, sığortaçılar arasında belə bir gizlilik mövcud deyil. Onlar yığımları artırmaq üçün bir-biriləri ilə bu məlumatları bölüşürlər. Bunun nə dərəcədə uğurlu marketinq planlaması olduğunu deyə bilmərəm, amma bu məlumatların təkcə DYP-dən çıxmadığını da qəbul etməkdə fayda var”.
Bir məqamı da deyək ki, ekspertlərin sözlərinə görə, ölkədə sığorta şirkətlərinin əksəriyyətinin fəaliyyəti heç də qənaətbəxş hesab olunmur. Bunu sığorta şirkətlərindən şikayət edənlərin sayından da görmək olar. Belə ki, 2014-cü ildə dövlət başçısına 738 sığorta ödənişindən imtina halından şikayət ünvanlanıb. 2015-ci ilin ilk 2 ayında isə bu rəqəm 170 olub. Şikayətçilər bildiriblər ki, sığorta şirkətləri ehtiyac olduğu zamanda müxtəlif bəhanələr gətirərək, onlara dəymiş zərəri ödəməkdən boyun qaçırırlar.
Azxəbər.com©