Azərbaycanda zəfəran bitkisinin əkilib-becərilməsi qədim tarixə malikdir. Hələ IX əsrdə Abşeronda yetişdirilən zəfəran əsasən Rusiyaya və bir sıra Avropa ölkələrinə ixrac edilirdi. Azərbaycan zəfəranı keyfiyyətinə görə şöhrət qazanmışdı.
Respublikada zəfəran bitkisi əsasən Abşeron yarımadasında, həmçinin Ağdam, Salyan və Gəncədə becərilib. XX əsrin əvvəllərində ölkəmizdə təxminən 150 hektar ərazidə zəfəran əkilirdi. 1933-cü ildə yaradılmış Bilgəh zəfəran sovxozunda mövsüm ərzində 252 hektar sahədən 600 kiloqrama qədər quru zəfəran istehsal olunurdu.
Sonralar Abşeronda zəfəran əkinləri azalaraq 2000-ci ildə yox olma səviyyəsinə çatdı. Hazırda isə kənd təsərrüfatının bu gəlirli sahəsinə torpaq mülkiyyətçiləri tərəfindən maraq artmaqdadır. Xüsusən Abşeron kəndlərinin həvəskar bağbanları həyətyanı sahələrdə yenidən zəfəran becərməyə başlayıblar.
Bununla belə, ölkə əhalisinin zəfərana olan tələbatı əsasən idxal hesabına ödənilir.
Bəs dünya bazarında bu bitkinin əsas istehsalçısı və ixracatçısı hansı ölkələrdir, Azərbaycanda zəfəran yetişdirərək onu xarici bazarda satmaq və yüksək gəlir götürmək mümkündürmü?
İran dünya üzrə ən çox zəfəran istehsal edən ölkədir
Bu sualları Kənd Təsərrüfatı Nazirliyinın icmallaşdırma və statistik təhlil şöbəsindən cavablandırıblar. Şöbədən bildiriblər ki, dünya üzrə zəfəran istehsal edən ölkələrin sırasında İran birinci yerdədir. Bu ölkə 2015-2016-cı illərdə 350 ton zəfəran istehsal edib ki, bu da dünya istehsalının 90-95 faizi deməkdir. Sonrakı yerlərdə Hindistan (10-15 ton), Yunanıstan (6-10 ton), Əfqanıstan (6 ton), Əlcəzair (3-4 ton), İspaniya (2 ton) tutur. İran Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2015-2016-cı illərdə 95 min hektarda zəfəran əkilib. Bu ölkədə 2017-ci ildə məhsul istehsalı həcminin 400 ton olacağı gözlənilir.
Əsas ixrac istiqamətləri - Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Səudiyyə Ərəbistanı, Fransa, İtaliya
Keçən il İspaniya 53 milyon dollar dəyərində zəfəran idxal edib, bu isə dünya idxalının dəyər ifadəsində 25 faizini təşkil edir. İspaniya İrandan aldığı xam malı qablaşdıraraq, öz brendi ilə dünya bazarına çıxarır. Ən iri ixracatçı olan İran isə 2016-cı ildə xarici bazarlara 246,7 milyon ABŞ dolları dəyərində 172 ton məhsul göndərib. Əsas ixrac istiqamətləri Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Səudiyyə Ərəbistanı, Fransa, İtaliyadır. 2016-cı ildə digər əsas ixracatçılar sırasında İspaniya (77 ton), Hindistan (33 ton), Əfqanıstan (10 ton) yer alıb.
Zəfəran bazarına azad rəqabət hökm sürdüyündən, mənşəyindən və keyfiyyətindən asılı olaraq, bir kiloqram zəfəranın topdansatış qiyməti 2-5 min ABŞ dolları arasında dəyişir.
Azərbaycanda zəfəran becərən sahibkara ilk olaraq 15 min manata yaxın vəsait lazımdır
Azərbaycanda da zəfəran istehsalının artırılması üçün müvafiq potensial var. Ölkəmizdə bir hektar ərazidə zəfəran becərilməsi üçün 2-2,5 ton soğanaq tələb olunur. Bir kiloqram soğanağın qiyməti isə təxminən 5 manatdır. Beləliklə, təkcə toxum xərci 10–12,5 min manat təşkil edir. Ümumiyyətlə, Azərbaycanda il ərzində bir hektar zəfəran sahəsindən 2-2,5 kiloqram məhsul əldə etmək mümkündür. Bu isə o deməkdir ki, zəfəran becərən sahibkara ilk olaraq 15 min manata yaxın vəsait lazımdır. Sahibkar iki il ərzində zəfəran yetişdirməklə xərclərini çıxara, növbəti üç ildə isə böyük məbləğdə mənfəət əldə edə bilər.
Yerli zəfəran istehsalçıları məhsullarını dünya bazarına Azexport.az portalı vasitəsilə asanlıqla çıxara bilərlər
Son illər zəfəran üzrə alqı-satqı əməliyyatları onlayn formada aparılmağa başlanılıb. Məsələn, www.tradekey.com və ya www.alibaba.com portallarında müxtəlif ölkələrdə idxalatçı fərdi şəxslər və şirkətlər tərəfindən zəfəran sifarişi ilə bağlı elanlar yerləşdirilir. Qeyd edək ki, Azexport.az portalı da www.tradekey.com və ya www.alibaba.com portallarına inteqrasiya olunub. Azərbaycanın zəfəran istehsalçıları Azexport.az portalı vasitəsilə məhsullarını dünya bazarına asanlıqla çıxara bilərlər.