Aqrar

Azərbaycanda fermerlərə kredit ayrılması üçün - LAYİHƏ QRUPU YARADILIR

Azərbaycanda fermerlərə kredit ayrılması üçün  - LAYİHƏ QRUPU YARADILIR | FED.az
12:49 6 Mart 2020

Kənd təsərrüfatının, kənd yerlərinin və fermerlərin maliyyələşdirilməsi mexanizminin araşdırılması məqsədilə Azərbaycan Mərkəzi Bankının (AMB) və Kənd Təsərrüfatı Nazirliyinin birgə iştirakı ilə Layihə Qrupunun yaradılması barədə razılıq əldə olunub.

Eləcə də bax: Azərbaycanda fermerlərin kreditlərə - ƏLÇATANLIĞI  AŞAĞI SƏVİYYƏDƏDİR

FED.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, bu razılığa Mərkəzi Bankda Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Aqrar Kredit və İnkişaf Agentliyi, həmçinin Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Banklar Assosiasiyasının rəhbərləri arasında görüşdə gəlinib.

Görüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda, eləcə də “Pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər” ilə bağlı müşavirədə rayon və kənd yerlərində maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, xüsusilə girov təminatı ilə bağlı problemin həlli və güzəştli kreditlərin artırılmasına dair tapşırıqlarını təmin edilməsi üçün keçirilib.

Görüşdə həmçinin kənd təsərrüfatı subyektlərinin hesabatlığının və şəffaflığının artırılması, o cümlədən ailə-fermer təsərrüfatlarının bələdiyyə orqanları tərəfindən qeydiyyatı, onların kooperasiyalaşması, pilot olaraq müəyyən edilmiş kənddə başlanılmaqla ixtisaslaşmış kredit ittifaqlarının yaradılması imkanları da nəzərdən keçirilib.

Qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq aqrar bankın yaradılması imkanlarına baxılması, eləcə də mümkün yeni maliyyələşmə alətlərinin tətbiqi, o cümlədən çeklə hesablaşma, faktorinq, lizinq imkanlarının genişləndirilməsi məsələləri də ətraflı müzakirə edilib.

Digər xəbərlər