Dövlət Vergi Xidmətində konsaltinq şirkətləri ilə görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ölkənin aparıcı konsaltinq şirkətləri ilə görüş keçirilib. Görüş kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və vergitutma sahəsində yaranan məsələlərin müzakirəsi məqsədi daşıyıb.
FED.az xəbər verir ki, tədbirdə DVX-nin rəis müavini Samirə Musayeva Dünya Bankının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşmələrin həyata keçirilməsinə dair reallaşdırılan Yol Xəritəsi barədə məlumat verib. Konsaltinq şirkətləri üçün biznesə başlama sahəsində icrası nəzərdə tutulan tədbirlərlə bağlı təqdimat edilib.
Tədbirdə həmçinin vergitutma sahəsində mövcud prosedurların daha asan, şəffaf və əlçatan olması istiqamətində aparılacaq islahatlar barədə danışılıb. DVX-nin rəis müavini İlkin Vəliyev bu sahədə həyata keçirilmiş işlər barədə məlumat verib.
Görüşdə konsaltinq şirkətləri tərəfindən qaldırılan bir sıra məqamlar müzakirə edilib, biznes mühiti üçün əhəmiyyət kəsb edən bəzi məsələlərin görüləcək tədbirlər çərçivəsində həllini tapacağı bildirilib.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam edib, görüş iştirakçılarının sualları ətraflı cavablandırılıb.