Dövlət Gömrük Komitəsi “Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi Qaydaları”nı təsdiq edib.
FED.az xəbər verir ki, Qaydalar üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi üsullarını tənzimləyir. Bu üsullar haqqında öncəki yazılarımızda kifayət qədər məlumat verdiyimizdən, bu yazıda qaydaların hansı səbəblərdən hazırlanmasını araşdırmışıq.
Əvvəlcə, malların vergi ödəyicisinin öz adına idxal olunmasının üstünlüklərinə nəzərə salaq. Vergi eksperti, "Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun fikrincə, vergi ödəyicisi üçün idxal zamanı malları öz adına rəsmiləşdirmək gəlirlilik baxımdan daha əlverişlidir: “Belə ki, idxal olunan malların rəsmiləşdiriməsi zamanı ödənilən gömrük və nəqliyyat xərcləri malların dəyərinə daxil olunur, xərc elementi kimi qəbul edilir. Vergi ödəyici ilin sonunda mənfəətini bəyan edərkən, malların maya dəyəri gəlirdən çıxılan xərclərin artmasına səbəbi olduğu üçün yekunda mənfəət vergisinin azalmasına imkan verir. Bundan əlavə, idxal zamanı ödənilən əlavə dəyər vergisinin də malların ölkəmizdə satış zamanı əvəzləşdirilməsi imkanı yaranır. İdxal zamanı malların vergi ödəyicisinin adına rəsmiləşdirilməsi malların uçotu baxımından da önəmlidir. Vergi Məcəlləsində həm malların uçotunun aparılmamasına, həm də xərclərin rəsmiləşdirilməməsinə görə vergi ödəyicilərinə maliyyə sanksiyaları nəzərdə tutulur. Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi sənədinin olmamasına görə alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə, alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası nəzərdə tutulub. Həmçinin, Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən, gəlirlərin və xərclərin uçotu aparılmadıqda - alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında da maliyyə sanksiyası tətbiq olunur”.
Maraqlıdır, idxal zamanı malların vergi ödəyicisinin öz adına rəsmiləşdirilməsinin bu cür üstünlükləri olduğu halda niyə üçüncü şəxslərin adına idxal həyata keçirilir?
Vergi mütəxəssisinin fikrincə, malların üçünçü şəxslərin adına rəsmiləşdirilməsinə səbəb verən hallardan birincisi həmin malların ölkəmizdə satışının rəsmiləşdirilməməsidir: “Misal üçün, “Binə” və ya “Sədərək” Ticarət Mərkəzində fəaliyyət göstərən əksər vergi ödəyiciləri malların satışını rəsmiləşdirmirlər. Məhz buna görə artıq idxal malların idxalının rəsmiləşdiriməsinə də ehtiyac qalmır.
Araşdırma zamanı məlum olub ki, xaricdən malların gətirilməsi ilə məşğul olan şəxslər bütün xərclər (daşınma, gömrük rüsumları, idxal zamanı ƏDV və s.) nəzərə alınmaqla sahibkarlara “əlverişli” şərtlər təklif edirlər: İdxal etmək istədiyiniz malları başqa şəxsin adına rəsmiləşdiririk, malları gömrük məntəqəsində yox, birbaşa anbarınızda təhvil verəcəyik.
Təbii ki, sahibkarlar öz adlarına mallar idxal etdikdə, həmin mallar vergi ödəyicisinin “ayağında qaldığından”, mütləq satış prosesinin rəsmiləşdirilməsi həyata keçirilməlidir. Çox təəssüf ki, bəzi ticarət mərkəzləri və obyektləri malları rəsmi olaraq qəbul etmədiyindən, onlaın satışının uçotunu aparmaqda maraqlı olmurlar. Bundan əlavə, vergidən yayınmağa çalışan bəzi sahibkarlar rəsmi satışın həyata keçirilməsi nəticəsində dövriyyəsinin artmasından çəkindiyi üçün idxal əməliyyatlarını üçünçü şəxslərin adı ilə həyata keçirməkdə maraqlıdır.”
Anar Bayramovun fikrincə, idxal zamanı malların üçünçü şəxslərin adlarına rəsmiləşdirilməsinin qarşısını almağın ən düzgün yolu Dövlət Gömrük Komitəsinin hazırladığı qaydalara əməl olunması yolu ilə ölkəmizdə bütün vergi ödəyicilərinin dövriyyələrinin rəsmiləşdirilməsi istiqamətində ciddi tədbirlərin həyata keçirilməsidir: “Doğrudur, son dövrlərdə gömrük və vergi orqanlarının apardığı islahatlar nəticəsində malların idxalı və rəsmiləşdirilməsi sahəsində xeyli işlər görülüb. Amma təəssüf ki, gömrük və vergi məqsədləri üçün rəsmiləşdimə prosesinin bütün vergi ödəyicilərini əhatə etməsi müəyyən obyektiv və subyektiv səbəblər ucbatından baş tutmayıb”.
Ekspert sonda bir məsələni də qeyd edib ki, üçüncü şəxslərin adına malların idxalına imkan yaradan amillərdən biri də İran İslam Respublikasına tətbiq olunan iqtisadi sanksiyalardır: “Sahibkarlar qonşu ölkənin şirkətləri ilə aparılan əməliyyatların rəsmiləşdirilməsinin gələcəkdə digər ölkələrlə iqtisadi əməkdaşlığa ziyan vuracağını əsas gətirərək idxal olunan malları başqalarının adına rəsmiləşdirirlər”.
Ekspert onu da deyib ki, İrandan üçüncü şəxslərin adına idxal faktı qeydə alınsa da, bu, o qədər də yüksək paya malik deyil.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.